Siyasətdə dostlar olmur, maraqlar olur. Bu maraqların təmin olunması üçün bəzən düşmənin düşməni ilə dostluq edilir. O dostluq ki, haçansa sənin özünə də xəyanətdə ittiham edilib.
Lakin illər keçir, pisliklər unudulmasa da, qəzəb soyuyur, o maraqların gerçəkləşməsi üçün xəyanətkar yenə lazım olur. Ancaq bu dəfə sənə qarşı yox, onu rəqibinə qarşı mübarizədə istifadə edirsən.
Bu leytmotiv indi siyasi hakimiyyətin daxilində gedən qarşıdurmada sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin profilinə uyğun gəlir. Keçmiş nazir qəfildən peyda olur, iqtisadi həyatda zühur edir və ona “yaşıl işıq” yandıran qüvvələr üçün lazımlaşır.AnaXeber.az yazır ki, F.Əliyevin müxtəlif qüvvələrlə konfliktinin olması onun əhəmiyyətini artırır.
Eks-nazir bu dəfə hakimiyyətin populyar qanadı üçün “Domokl qılıncı” rolunu oynaya bilər. Kimin başını kəsmək, kimin kəlləsini gilyotina qoymaq, kimin qafasını kötükdə görmək lazımdırsa, F.Əliyev onun üzərində şimşək ola bilər.
Əvvəlcə kampaniya başlanır, sonra ictimai rəy yaradılır, ardınca media təbliğatı güclənir, sonra inzibati resursları əlindən alınır, çox çəkmir ki, merkantil maraqları da sıxışdırılır, bir az keçməmiş bütün səlahiyyətləri alınır və axırda yola salınır.
Məsələn, struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində iki mühüm qurumun birləşdirilməsi təsadüfi sayılmaz. Bu, F.Əliyevin Azərbaycana gəlişi ilə təxminən eyni dövrə təsadüf edir. Sadəcə, başlanğıcdır!!!
İqtidarın indi ən güclü qolunun F.Əliyevin üzərindən həyata keçirdiyi siyasətin və planların hədəfi də məhz iri daşları tərpətməkdir. Bu istəklər üst-üstə düşür.
Əvvəla, F.Əliyev əzəli düşmənlərini sıradan çıxarmaq və onların sonunu görmək üçün çırmanmağa hazırdı. Çünki vaxtilə həbsinə fərman verənlərin arasında bu gün də vəzifə sahibləri var.
Onlar sabiq nazirin barəsində “inqilabçı oliqarx” obrazı yarada bilmişdilər və bu məsələdə bəzi nazirlərə yaxın mətbuatın da o dövrkü fəaliyyəti danılmazdır.
Bu mənada yaxşı fürsətdir – hakimiyyətdəki islahatçı klanın çiyinləri üstündə Bakıya gətirilən, Rəsul Quliyevdən fərqli olaraq əfv edilən F.Əliyev onlara çox lazımdır. Lazımdır ki, bu qruplaşmanın da zaman-zaman xidmətində olmuş, əslində bu klana xəyanət etməmiş bir iri fiquru D.Əliyevi ilə yerindən tərpətsinlər. Bu azman daş illərdir ki, iqtidarda mühüm vəzifələrdədir və insafən, onun projeləri yaxşı alınır. Hətta hakimiyyətin ən yaxşı menecerlərindən biri sayıla bilər, bu yaradıcı-duyğusal insan...
Fəqət, onun siyasi imkanlarının genişlənməsi reformist qanadı narahat etməkdədir. Son olaraq Putin-Ərdoğan barışığında vasitəçi kimi adının keçməsi düşünməyə vadar edir: beynəlxalq transmilli korporasiyaların siyasi ambisiyalarının gerçəkləşməsində bu fiqur namizəd ola bilərmi? - Bilər!
AnaXeber.az yazır ki, F.Əliyevin onu görən gözü yoxdur deyə bu fiqurun yola salınması üçün can-başla xidmət etməyə hazırdır. Ancaq proses sürətlə getməyəcək.Yeni struktur islahatları dalğasının onun rəhbəri olduğu qurumdan başlanması da ciddi bir ismarışdır.
Axı birdən-birə nə baş verdi ki, postneft dövrünün struktur islahatlarına FHN-də iki idarəni birləşdirməkdən başlandı?!
Necə ki, Nəqliyyat Nazirliyində analoji proses getməkdə idi. Bir yandan qənaət rejiminə keçid izafi xərc yaradan qurumların ləğvi və ya birləşdirilməsini zəruri edir, digər tərəfdən də bu situsiyada “bir güllə ilə iki dovşan” vurmaq siyasi gedişi edilərək hədəfdəki məmurlar rəhbəri olduqları idarəqarışıq silinirlər. NN, MTN, Torpaq və Xəritəçəkmə komitəsi, Azərenerji və s. nümunələri göz qabağındadır.
FHN-də reallaşan struktur islahatından çox az əvvəl baş nazirin müavini Əli Əhmədov da məmur ordusunun sıralarının seyrələcəyi anonsunu vermişdi. Ə.Əhmədov hesab edir ki, dövlət strukturlarının sayı azaldılmalıdır.
Bu, işin nəzəri tərəfidir və FHN üçün yeni sınaq müddətinin başladığını ehtimal etmək olar. Yeri gəlmişkən, son aylarda quruma rəhbərlik edən nazir Kəmaləddin Heydərov da tədbirlərdə, kluarlarda çox görünmür.
Onun qanını qaraldan və hücrəsinə çəkilməyə vadar edən səbəblər bilinmir. Ancaq F.Əliyevin gəlişinin nazirin kefinə “soğan doğradığı” istisna deyil.
Beləliklə, referendumdan sonra siyasi iqtidarda yüksəliş dövrü yaşayan qruplaşma hər keçən gün planlarını gerçəkləşdirmək üçün addımlar atmaqdadır.
Bu siyasi ssenarilərin mərhələli şəkildə reallaşması və projelərin önünü kəsən azman daşların yerindən tərpədilməsi, bu istiqamətdə dəstək üçün F.Əliyev personajından istifadə olunması, onun əli ilə əzəli güclərin “zərərsizləşdirilməsi” siyasəti yürüdüldüyü güman edilir. Bəs, bu planlar kontur hücumlar olacaqmı sualı isə ritorik səslənir. Əlbəttə ki, həmişə şans var və həmişə alternativ planlar var. Bizə isə olacaqları gözləmək və nələrin baş verəcəyini izləmək qalır...
Siam.az
Tarix: 24-05-2017, 09:54