Rusiya və Ermənistan arasında imzalanmış 200 milyon dollar dəyərində kredit sazişi çərçivəsində silahların çatdırılmasına dair bütün müqavilələr bağlanıb və onların icrasına başlanılıb. Bu barədə mətbuata Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasətinin idarə rəisi Levon Ayvazyan bildirib.Avropa.info xatırladır ki, Ermənistan Rusiya ilə bu kredit sazişi çərçivəsində 18 müqavilə bağlayıb. Hazırda silahların istehsalı və Ermənistan Silahlı Qüvvələrinə çatdırılması prosesi həyata keçirilir. Kreditin ödənilməsi şərtlərindən danışan L. Ayvazyanın sözlərinə görə, bu müqavilələrdən və silahların çatdırılmasının müddətindən asılıdır. “Nə vaxt ki, müqavilə üzrə silahların çatdırılması həyata keçiriləcək, o zaman vəsait köçürüləcək”, – deyən L. Ayvazyan hazırda Ermənistan Ordusuna silah və texnikaların çatdırılmasının davam etdiyini bildirib.
Məlumatda o da qeyd olunub ki, 2016-cı ildə tərəflər arasında imzalanmış kredit sazişinə əsasən Rusiyanın Ermənistanı müxtəlif silahlar və 14 çeşiddə hərbi texnika ilə təmin etməsi nəzərdə tutulub. Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib. Mediaya sizan məlumatlara görə, kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buuraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı planlaşdırılıb.
Atıcı silahlardan müqavilə üzrə ermənilərə RPQ-26 reaktiv qumbaraatanları, 7.62 mm çaplı SVD snayper tüfəngləri, mühəndis vasitələrindən OVP-2 minatəmizləmə komplekti, İMP-S-2 sellektiv mina detektorları, siqnal minaları, EOV-3523 hərbi ekskvatorlar, müxtəlif hərbi təyinatlı kranlar, rabitə vasitələri (P-168-100KAE, P-168-5KHE), “Tiqr” zirehli avtomobilləri, habelə KamAZ və UAZ markalı avtomobil nəqliyyat vasitələri verilməsi nəzərdə tutulur.
Araşdırmaçılar əmindirlər ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq həmişə olub və hansısa yeni müqavilə nəyisə kökündən dəyişə bilməz. Azərbaycan diplomatiyasındakı balans siyasətinə baxmayaraq, Avrioatlantika məkanına inteqrasiya xəttini inkişaf etdirir və NATO ilə əməkdaşlıq qaçılmaz görünür.
İrəvan və Moskva arasında imzalanan sənədə əsasən, qruplaşmanın vəzifəsi – vahid komandanlıq altında Ermənistan və Rusiyanın müştərək müdafiəsi məsələlərini həll etməkdir. Onu da vurğulayaq ki, Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər vasitəsilə Ermənistana və Rusiyaya konkret mesaj verir. Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə edir. Bölgədə Rusiya-Ermənistan birgə hərbi təlimləri keçirildiyi kimi, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi təsadüfi deyil. Lakin Rusiya-Ermənistan hərbi ittifaqının statusu Türkiyə-Azərbaycan hərbi ittifaqının statusundan yüksəkdir. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və İrəvanla hərbi müttəfiqlik haqqında sazişi mövcuddur.
Azərbaycan milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməyib. Ancaq sənəddəki həmin müddəanı dəyişmək də olar. Türkiyənin ən azı Naxçıvanda hərbi bazası olmalıdır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarla müharibə başlayarsa, Naxçıvana Ermənistan istiqamətindən təhlükə yarana bilər. Həmin təhlükədən qorunmaq üçün Türkiyənin Naxçıvanda hərbi bazası olmalıdır. Hərbi təlimlərin məhz Naxçıvanda keçirilməsinin əsas səbəbi də budur…
Avropa.info-nun ekspert qrupu
Tarix: 24-05-2017, 16:26