Bir siyasi təhlilçi kimi bəlkə də mənim üçün böyük qüsur sayıla bilər, amma bizim Rusiyadakı Konqresin fəaliyyətini elə də izləməmişəm. Bu baxımdan isitisna etmirəm ki, onun fəaliyyətində xıarda hüquqi qüsurlar da ola bilər. Gəlin, etiraf edək ki, biz azərbaycanlılar olan yerdə nəsə bir “əmma” mütləq olmalıdır...Amma düşünmürəm ki, bu motiv Konqreslə bağlı qəbul edilmiş məhkəmə qərarında həlledici rola malik olsun. Böyük ehtimalla bu, siyasi, xüsusən də geosiyası çalarları olan, həm də absurd bir qərardır. Ona görə absurddur ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və hələki onları heç kimin qovmaq fikri yoxdur. Üstəlik, bu ölkənin qanunvericiliyi hamı kimi onlara da təşkilatlanmaq hüququ verir. Elə bu səbəbdən də bir Konqresi bağlarlar, başqası yaradılar. Gərək, Rusiyanın məhkəmələri bunu nəzərə alaydı, əvvəl xəbərdarlıq edər, qüsurları aradan qaldırmaq üçün vaxt verərdilər. Konqres də bir daha toplaşar, öz nizamnaməsilə bağlı problemləri aradan qaldırar və hətta özünə yeni bir rəhbərlik seçərdi...Amma görünür, Moskvada kiməsə bu sərf etmir. Ola bilsin, orada da Konqresin kimin təsiri və nüfuzu altında olması problemi var. Təbii ki, Rusiyanın bir çox siyasi dairələri istərdi ki, təşkilat onların təsiri altında olsun. Təbii, mən israr etmirəm ki, bu məqam həlledici olubdur. Amma kimsə məni inanadıra da bilməz ki, Rusiyanın siyasi dairələrinin və hətta müəyyən strukturlarının Azərbaycan diasporunu da nəzarəti altına almaq arazusu yoxdur. Rusiyanın siyasət adamları naşı deyillər və onlar hər şeyi öz əllərində istədikləri ünvana qarşı təzyiq alətinə çevirməyi çox yaxşı bacarırlar. Bəlkə də yaddaşım məni aldadır, amma xatırlayıram ki, hətta sonuncu prezident seçkisi ərəfəsində - 2013-cü ildə Rusiyada yeni diaspora “lider”ləri peyda olmudşu, bəziləri hətta özlərini artıq “nazir”, “böyük dövlət” adamları kimi aparırdı!..
Təbii, Rusiya hökumətinin rəsmi Bakı ilə indiki münasibətləri elə də pis deyil və bunu ideal olmasa da, dözümlü münasibətlər adlandırmaq olar. Gəl, rusların məşhur məsəli var: “doveryay, no postoyanno proveryay!”. Və yaxud da ingilsisayağı desək: “Rusiyanın əbədi dostları yoxdur, amma əbədi maraqları var!”...
RUSİYANIN BÖYÜK GEOSİYASƏTƏ QAYITMAQ CƏHDİ...Bu, həm də ciddi geosiyasi siqnal sayılmalıdır. D.Trampın ABŞ-da vəziyyətinin gündən – günə mürəkkəbləşməsinə baxmayaraq ruslar Ağ Evi özlərinki hesab edirlər. Tramp elə bu günlərdə bildirdi ki, ABŞ-ın tarixində heç bir prezident onun qədər təzyiqlərə məruz qalmayıb. Təbii ki, burada bir az şişirtmə də vardır, çünki o, hələ əsl təziyiq görməyib, inşallah, Rusiya ilə ilginc əlaqələr hansısa formada təsdiqini tapsa, onda Tramp biləcək ki, böyük siyasətdə, özü də böyük dövlətlərin siyasətində prezidentə əsl təzyiq necə olur...
Hələliksə, ruslar Trampdan az təlaş yaşamırlar. Hətta neçə gün idi ki, haray – həşir salmışdılar ki, ABŞ prezidenti özü üçün belə bir ağır halda ölkəni tərk etməməli idi. Tramp isə düşünür ki, Yaxın Şərqə səfəri, orada Səudiyyə Ərəbistanına, İsrailə baş çəkməsi, Səudiyyə ilə 300 milyard dollarlıq sazişlər bağlması, ərəblərin hərbi alyansını qurmağa çalışması onun ölkədəki dayaqlarını da gücləndirəcək. Amerikalılar isə bu səfərdə də tamam başqa detallara diqqət edirlər. Məsələn, D.Trampın ordeni alarkən Səudiyyə kralı qarşısında lazım olandan çox əyilməsi də onların diqqətindən qaçmayıb.
Amma burada başqa bir nüans da var. Rusiyanın böyük geosiyasətə qayıdışı təkcə Tramp amilinin üzərində qurulmayıb. Moskvanın strateq insanları belə hesab edir ki, 90-cı illərin “qapazaltı Rusiyası” artıq arxada qalıb, Moskva daha əvvəlki Moskva deyil – geosiyasi tənəzzül bitdi, indi əvvəlki mövqeləri qaytarmaq lazımdır...
Düzdür, geostrateji göstəricilər onların xeyrinə deyil. Amma bunlar tam ürəkaçan olmasa da, faciəvi durumda da deyillər.
Bu yaxınlarda 127 ölkənin hərbi qüdrəti qiymətləndirilmişdi. Təbii ki, ABŞ birinci yerdədir. Amma Rusiya da axırda deyil, ikinci yerdədir. Bəli, ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın ümumi büdcəsindən düz iki dəfə böyükdür.
Hətta yenicə hakimiyyətə gəlmiş D.Trampın orduya hədiyyəsi də – ayırdığı əlavə 54 milyard dollar belə Rusiyanın bütün hərbi büdəcəsi (45-50 milyard dollar!) qədərdir.
Hətta canlı qüvvədə də ABŞ xeyli irəlidədir. Məsələ bundadır ki, Rusiyanın demoqrafik göstəriciləri onun böyük coğrafi ölçülərinin fonunda gülünc dərəcədə kiçikdir və bu amil rusların əməlli-başlı yaralı yeridir.
Amma yenə də ikinci yerdədirlər. Bu isə elə də pis nəticə deyil. Və onlar özlərinə qarşı ən azı ikinci dövlətə layiq münasibət umurlar...
Bəli, irəlicədən aydın idi ki, Rusiya Azərbaycana təzyiq edəcək, ən azı ona görə ki, Tramp istədiklərini edə bilməsə də, hər halda ABŞ-ın yeni dönəm siyasətini bir tapmacaya çevirə bilib. Ruslar da bundan istifadə edir. Əslində ötən ilin aprelindən bu tərəfə Rusiya Azərbaycana qarşı o qədər addım atıb ki, onların heç biri Konqresin bağlanmasından heç də geri qalmır.
Bizsə özümüzü elə aparırıq ki, sanki Qarabağın işğalının iştirakçısı və havadarı, daim Azərbaycanı təhdid edən, onun siyasətini öz maraqlarına uyğun şəkildə istiqamətləndriməyə çalışan Rusiya deyil və sanki Konqres məsələsi Azərbaycanla Rusiya arasında yaranmış ilk anlaşılmazlıqdır!
RUSİYAYA DOST LAZIMDIR, YOXSA...Bəs nə etməli? Əvvəla, qoy, “absurd məhkəmə qərarları” bizi diksindirməsin, çünki bunlar bizim öz təcrübəmizdə də yetərincədir və bir növ buna adətkarıq. Bircə məsələni deyəcəm. Konqresin bağlanmasına hamı bacardığı etirazı edir. Düz edir və mən də ən azı bir mənəvi dəstək kimi buna qoşuluram. Başqa cür necə ola bilər ki? Amma bir məsələ var, lap öldürsəniz də, onu deyəcəm. Bu yaxınlarda bir neçə saytı “məhkəmənin qərarı” ilə blokladırlar. Bir kimsə demədi ki, dostlar, axı, yaxşı iş deyil bu...
Nə isə... Prinspcə, sonuncunu xatıralamaya da bilərdim. Amma əvvəldə bir “nə etməli?” sualı qoymuşdum. Gərək, onun cavabını verəm. Cavab da budur ki, dostlar, gəlin daşı ətəyimizdən tökək, siyasi sistemimizi çox sərtləşdirməyək, Qərblə də körpüləri yandırmayaq! Özüm də razıyam ki, Qərb dediyimiz siyasi məkanda indi elə dolaşıqlıqdır ki, adam onun adını əvvəlki kimi hallandıra da bilmir.
Amma nəticələrlə tələsmək də lazım deyil. Dünya hələ tamam dağılmayıb və onun xarabalıqları üzərində öz “səltənət”imizi qurmağa tələsməyək. Əvvəldə dedim ki, rəsmi Bakının Rusiyadan inciməyə haqqı var. Bunlar düşünür ki, NATO-dan uzağıq, Avropa ilə böyük məsafə saxlayırıq, daha bu Rusiya bizdən nə istəyir?!.
Düzdür, bunlar hamısı var. Elə vəziyyət yaranıb ki, bu gün Rusiya Azərbaycandan Qərbdən uzaq durmağı tələb etməsə belə, Bakı Qərblə yaxınlaşmağa getməyəcək, çünki bu, hakim partiyanın özəl maraqlarına cavab vermir. Düşünürlər ki, bütün bunlar Rusiyanın izzət-hörmətini qazanmağa yetər. Amma belə deyil. Məsələn, indi Azərbaycan böyük bir qaz layihəsi həyata keçirmək istəyir, böyük həcmlə olmasa da, hər halda, Rusiyanın bazarına girir. Rusiya bunu istəyirmi? Əlbəttə ki, yox! Həm də Rusiya dost və müttəfiq deyil, daim nökər axtarır...
Bu məsələnin bir tərəfi... Digər tərəfdən, nəinki Rusiya, hətta Qərb də görəndə ki, bizim bir tərəfimiz boşdur, başlayacaqlar təzyiq etməyə. Nə etmək olar? Dünya siyasəti belə qurulubdur...
Məni ən çox təəccübləndirən, bilirsiniz, nədir? Böyük siyasətin bütün eybəcərliklərini əslində biz öz daxili siyasətimizdə, öz cəmiyyətmizə və siyasi opponentlərimizə münasibətdə tətbiq edirik. Amma bunu kənardan görəndə başlayırıq ki, bəs prinsip belə getdi, “ikili standart” o tərəfdən gəldi!..
Qərəz, dəyişməliyik – məmurlarımızın psixologiyası, eləcə də idarəçilik fəlsəfəsi dəyişməlidir. Demirəm, elə bir dramatik məqam yetişib ki, təcili nəsə etmək, tutaq ki, ölkənin yaddan çıxmış partiyalarını bir araya toplamaq lazımdır...
Konqres məsələsindən böyük faciə düzəltməyək – bütün dipolmatiyanı, birinci plan diplomatiyasını da, ikinci plan diplomatiyasını da işə salaraq vəziyyəti düzəltmək lazımdır. Amma arabir Gürcüstana da baxaq... Kiçik bir ölkəni hələki Rusiya sındıra bilmir. Bizə nə olubdur?
Ona görə də burada soyuq ağıl lazımdır. Bəzləri durub deyir ki, biz də burada rus icmasını yasaq edək! Tamam yanlış yanaşmadır. Bunu heç ağlımıza da gətirməməli, əksinə onlara qayğımızı bir az da artırmalıyıq. Həm də bu, tək bizə qarşı deyil, böyük siyasətdə belə şeylər olur. ABŞ-la Türkiyə hətta yaxın hərbi müttəfiqdir, bu ölkənin Türkiyədə hərbi bazası da var, üstəlik, Türkiyə NATO-nun üzvüdür. Bununla belə ABŞ hətta Türkiyəyə da qarşı öz əlində “dəyənək” saxlayır. F.Gülən bu “dəyənəy”in təzahürü deyilmi? Və yaxud da regiondakı kürd silahlıları ilə əməkdaşlıq bunun göstəricisi deyilmi?..
İndi Rusiya da çox böyük bir ehtimalla belə etmək istəyir. Nə etmək olar? Bu da siyasətdir, ya ona dözməyin, ya da onu neytrallaşdırmağın bir yolunu tapmaq lazımdır...
Hüseynbala Səlimov,
istiqlal.az
Tarix: 25-05-2017, 10:04