Sərdar Cəlaloğlu: “Rusiyanın budəfəki ”Rüstəm İbrahimbəyov"u çox güclü fiqurdur"

Sərdar Cəlaloğlu: “Rusiyanın budəfəki ”Rüstəm İbrahimbəyov"u çox güclü fiqurdur" Tanınmış müxalifət partiyası liderindən heyrətamiz açıqlamalar

“Azərbaycan daxilində seçkilərdə rusiyapərəstlərdən ibarət çox ciddi problem yaradan güc formalaşdırılacaq...”


2013-cü ildə keçirilən prezident seçkilərinə təxminən bir il qalanda tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov siyasi meydanda parlamağa başladı və qısa zamanda elə bir proses həyata keçirildi ki, İbrahimbəyov ənənəvi müxalifət düşərgəsinin əksər hissəsi tərəfindən lider qəbul edildi. Ardınca Rusiyada Azərbaycan əsilli bir qrup məşhur adamdan ibarət “Milyarderlər ittifaqı” yaradıldı.

Beləliklə, get-gedə aydın oldu ki, Rüstəm İbrahimbəyov, “Milyarderlər ittifaqı” və Milli Şura Moskvanın Azərbaycandakı prezident seçkiləri öncəsi təşkil etdiyi layihədir. Bununla Azərbaycan iqtidarına təzyiq etmək məqsədi güdülüb. 2018-ci il prezident seçkilərində də yeni bir “Rüstəm İbrahimbəyov ssenarisi”nin və növbəti bir “İbrahimbəyov”un meydana çıxarılacağı ehtimalının yüksək olduğu barədə son günlər bir sıra siyasətçilərin açıqlama və proqnozlarına rast gəlirik. Budəfəki ssenaridə ənənəvi müxalifət partiyalarının iştirak edib-etməyəcəyinə gəlincə, qeyd olunur ki, bu dəfə bir qədər fərqli şəkildə proses gedə bilər.

Bu barədə ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın suallarına cavabında sensasiya doğuracaq açıqlamalar verib. Sərdar Cəlaloğlu bildirib ki, Rusiya 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə artıq hazırlıq istiqamətində addımlar atmağa başlayıb: “Yeni ssenaridə iştirak üçün Azərbaycan daxilində siyasi qüvvələr içərisindən tərəfdaşlar tapılacaq və həmin qüvvələr ortaya çıxacaq. Bu iş ruspərəst qüvvələrin müxalifətdə olan uzantıları ilə, həm də birbaşa ruspərəstlərin özləri ilə şəxsi kontaktlar yolu ilə aparılacaq. Azərbaycanda ordu daxilində hüquq-mühafizə orqanlarının rəsmi açıqlamalarına görə, agentlər var imiş. İndi görün, cəmiyyət və siyasi qüvvələr içində nə qədər adam tapacaqlar ki, Rusiyanın qeyd etdiyim projesində yer alsın. Azərbaycan daxilində seçkilərdə çox ciddi problem yaradan güc formalaşdırılacaq. Daxildəki ruspərəst qüvvələrdən və onların təsir dairəsində olan siyasi qüvvələrdən ibarət bir cəbhə formalaşdıracaqlar”.

ADP sədrinin sözlərinə görə, 2013-cü ildə Milli Şuranın yaranması zamanı Azərbaycandakı rusiyapərəst qüvvələr o proyektdə, Milli Şuranın təşkilatlanmasında iştirak eləməyib: “Bu işdə Azərbaycandan kənardakı qüvvələr, məsələn, Abbas Abbasov, bir qrup azərbaycanlı milyarder iştirak edirdi və Rüstəm İbrahimbəyov qabağa verilmişdi. Rüstəm İbrahimbəyovun vasitəsilə də əslində rusiyapərəst olmayan bir neçə ənənəvi tanınmış müxalifət partiyası prosesə cəlb edilmişdi. Bu dəfə isə ssenari bir qədər fərqli olacaq. Bu dəfə Moskva Azərbaycan daxilindəki rusiyapərəst qüvvələrin iştirakı ilə bir format yaradacaq və bu format-təşkilat 2013-cü ildə yaradılmış Milli Şuradan güclü olacaq. Çünki bu dəfə yaradılacaq təşkilatın Azərbaycan hakimiyyəti daxilində çox ciddi dəstəyi olacaq. Bu da daha ciddi hadisələrin baş verməsi üçün zəmin yaradacaq, hakimiyyətə daha böyük təzyiq olacaq. Budəfəki projedə ənənəvi müxalifət qüvvələri ya cəlb olunmayacaq, ya da iştirakları epizodik, köməkçi xarakteri daşıyacaq. 2018-ci il prezident seçkilərində AXCP və Müsavat Partiyası üzərində oyun qurulmayacaq. Daha çox hakimiyyət daxilində olan, hakimiyyətlə bu və ya başqa şəkildə əlaqəsi olan qüvvələrin iştirakı ilə qurulacaq budəfəki ssenari. 2013-cü ildə Rusiyada yaşayan ruspərəst qüvvələr vasitəsilə bir neçə müxalifət partiyasını prosesə Rüstəm İbrahimbəyovun vasitəsilə cəlb etməklə Milli Şura formatı yaradılmışdı. Bu dəfə Rusiyanın hakimiyyət daxilindəki ruspərəstlər və onların uzantıları ilə apardığı işin nəticəsi olaraq meydana hansısa adda güc çıxacaq”.

“Belə bir projedə məqsəd sona qədər getməkdir, yoxsa yenə də hansısa mərhələdə Moskva prosesi dayandıracaq” sualını S.Cəlaloğlu belə cavablandırdı: “Keçən dəfə Rusiya Azərbaycanda maraqlarını təmin etmək, nələrsə qoparmaq istəyirdi. Buna müəyyən qədər nail olduğu üçün də məlum ssenarini bəlli mərhələdə dayandırdılar, hakimiyyətlə anlaşdılar. Bu dəfə isə Rusiya Azərbaycanın siyasi kursunun dəyişilməsinin qarşısını almaq istəyir. Ona görə də bu dəfə asanlıqla razılaşmaq mümkün deyil. Rusiya axıra qədər gedə bilər. Bu baxımdan da düşünürəm ki, 2013-cü il prezident seçkilərindən fərqli bir mənzərə olacaq. Hakimiyyəti məcbur etməyə çalışacaqlar ki, Rusiyanın istədiyi istiqamətdə getsin. Əgər Azərbaycan hakimiyyəti Qərb dairələrinin dəstəyi ilə Qərb istiqamətində iş aparmaq istəyəcəksə, Moskva bunun qarşısını almaq üçün sonadək gedəcək. Qruplararası dava gedəcək”.

“2013-cü ildə qurulan məlum ssenaridə lider rolunda Rüstəm İbrahimbəyov seçilmişdi. Sizin haqqında yuxarıdakıları söylədiyiniz ssenarinin lideri kim olacaq” sualına isə Sərdar Cəlaloğlu belə cavab verdi: “Təxmin edirəm kim olacaq, ancaq hələlik adını çəkmək istəmirəm”.

“Təxmin etdiyiniz həmin şəxs Azərbaycanda, yoxsa Rusiyada yaşayır, hazırda dövlət vəzifəsindədir, yoxsa ictimai vəzifədə, biznesdə, yoxsa müxalifətdə” suallarını isə ADP sədri bu cür cavablandırdı: “Həmin şəxs Azərbaycanda yaşayır, hansı sahədə olduğunu isə hələlik demək istəmirəm. Bircə onu deyə bilərəm ki, Rusiyanın budəfəki ”Rüstəm İbrahimbəyov"u çox güclü fiqurdur, Rüstəm İbrahimbəyovdan yüz dəfə güclüdür".

Sərdar Cəlaloğlu açıqlamalarını baş verənləri, prosesin gedişatını izləyib gəldiyi nəticə ilə əsaslandırdığını vurğuladı: “Mən nəzəriyyəçiyəm, başqa siyasətçilərdən fərqli olaraq hadisələrin həm də nəzəri modellərini özüm üçün hazırlayıram. Tutaq ki, qarşıdan prezident seçkiləri gəlir və iki variant var; ya status-kvonun dəyişməsi, ya dəyişilməməsi. Birinci variantda Rusiya heç bir problem yaratmaz. İkinci variant seçilsə isə ciddi maneələr, təzyiqlər yaradacaq. Son zamanlar Rusiyanın Ermənistanı gücləndirməyə başlaması, ÜAK-ın qeydiyyatının ləğvi, Rusiyadan azərbaycanlıların deportasiya edilməsi məsələsinin ortalığa atılması ondan xəbər verir ki, Rusiya status-kvonun dəyişdirilməsi ehtimalının olduğunu düşünür və indidən hərəkətə keçib. Rusiyanın Azərbaycana 3-4 təsir vasitəsi var: birincisi, Dağlıq Qarabağ problemi, ikincisi, Rusiyada yaşayan azərbaycanlılar, üçüncüsü, Azərbaycanda gücə sahib rusiyapərəstlər və etnik, dini azlıqlar. Göründüyü kimi, artıq bu vasitələrin bir neçəsi işə salınıb. Düşünməyin ki, mənim dediklərim boş, havadan deyilmiş fikirlərdir. Özümdən nələrsə uydurmuram”.
Tarix: 25-05-2017, 16:18
Xəbəri paylaş





Xəbər lenti