“PKK və erməni əkiz qardaşlardır”
Tofiq Abbasov: “Onların hər ikisinin məqsədi eynidir” Türkiyə son günlər Ermənistanla sərhəddə yerləşən PKK düşərgələrinə yönəlik hücumlar zamanı 49 terrorçunu məhv edib.
Türkiyənin Ermənistanla sərhəddində PKK-çıların kök salması nə ilə bağlıdır? Bu, erməni-PKK əməkdaşlığının növbəti isbatı hesab edilə bilərmi?Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov bu əməkdaşlığın inkaredilməz olduğunu vurğuladı:
“Təbii ki, bu, erməni-PKK əməkdaşlığının növbəti isbatıdır. Çünki onların ümumi məqsədi mövcuddur. Onların məqsədi Türkiyəni zəiflətmək, ona zərbələr endirməkdir.
Onların birgə əməkdaşlığı çox ifşa edilib. Bunların ideya birliyi ötən əsrin soyuq müharibə dönəmindən özünü göstərməyə başlayıb. Erməni terroru həmin vaxt Yaxın Şəqdə özünü bir sıra təşkilat və bazalar vasitəsi ilə göstərirdi. Yunanıstan, Fələstin, Livan, Suriya və s. ərazilərdə erməni-PKK təlimatçıları birgə fəaliyyət göstərirdi. PKK-nın solçu qrupları daha çox Monte Melkonyanın rəhbəri olduğu ASALA ilə əməkdaşlıq edirdi. Bu ASALA-nı isə M.Melkonyan yox, Qərb dövlətləri yaratmışdı. Bunu köhnə, əzəli ASALA-ya qarşı yaratmışdılar. Çünki əzəli ASALA daha azğın idi. Onun fonunda yaradılan ASALA isə daha liberal olmalı idi. Erməni və PKK-çılar o dönəmdən birgə əməliyyatlar həyata keçiriblər. Onların əkiz qardaş olması kimsəyə sirr deyil. Bu gün də onlar Türkiyənin nüfuzunu zəiflətmək, eləcə də öz mövcudluqlarını hiss etdirmək üçün əməkdaşlıq edirlər”.
Seymur Əliyev
Tarix: 26-05-2017, 23:14