"Gecə iqtidar, gündüz müxalifət olan bəziləri..."
“Sabah Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə birlikdə Novxanıya ziyarətə gedəcəyik. Baxmayaraq ki, partiyadan istefa vermişəm, ancaq həmişə ürəyim, canım oradadır. Əslində arzumdur ki, Əli Kərimlini çıxmaq şərti ilə bütün müxalif qüvvələr birləşib Novxanıya ziyarətə getsin. Bilirəm ki, bu, alınmayacaq, müxalifət birləşməyəcək, ona görə də sabah mən hazırladığım bayraqları götürüb KXCP ilə birlikdə ziyarətə gedəcəm. Ancaq yenə də ümid edirəm ki, müxalifət ən azı Cumhuriyyətimizin 100-cü illiyində birləşəcək. Yox əgər o zaman da birləşməsələr, demək o müxalifət ölümə məhkumdur. Müxalifət ən azı Babam Məmmədəminin, Dədəm Elçibəyin ruhuna xatir birləşməlidir. Bir-iki dəfə cəhd elədim ki, bayraq götürüm və gedim onları biləşdirim. Gecə iqtidar, gündüz müxalifət olan bəziləri mənə buna görə ağız büzdü”. Bu fikirləri Moderator.az-a açıqlamasında Bayraqdar kimi tanınan Elman Türkoğlu səsləndirib. Bayraqdar onu da əlavə edib ki, səhətində yaranmış problemlərə görə artıq 99 bayraq gəzdirmək gücündə deyil:
“Çox arzuladım ki, babam Məhəmməd Əmin Rəsulzadənin ruhunun ziyarətinə həmişəki kimi 99 bayraqla gedim, ancaq xəstəliklər imkan vermədi. İndi beş bayraq hazırlamışam, gücüm çatmasa, məcbur 4 bayraqla getməli olacam. Gələn ayın 24-də bildiyiniz kimi Dədəm Elçibəyin ad günüdür, o günə də hazırlaşıram. O gün də Dədəmin ruhunu ziyarətə gedəcəm.”.Elman Türkoğlu səhətində yaranmış xəstəliklərdən də danışıb, imkanlı şəxslərdən ona müalicəsi üçün yardım etməsini xahiş edib:
“Mədəaltı vəzimdə, qara ciyərimdə problem var, xərçəng xəstəsiyəm. İmkansızlıqdan 5-6 aydır müalicə oluna bilmirəm, ona görə də vəziyyətim getdikcə ağırlaşır. Xahiş edirəm ki, bir imkanlı şəxs mənə müalicəm üçün kömək eləsin. Ölümdən əsla qorxmuram, balam, qardaşlarım rəhmətə gedib, ancaq yenə də Allaha şükr etmişəm. Allah başqa sevdiklərimi də alsa yenə də ona şükr edəcəm. Ancaq Bütöv Azərbaycanı, Qarabağı, Təbrizi, İrəvanı, Borçalını görməmiş ölmək istəmirəm. Yaşamaq istəyirəm. Azəraycanın birləşdiyi günü, Qarabağı görməsəm o dünyada sümüklərim fəryad edər, alışıb yanar, ruhum qan ağlayar”. E.Türkoğlu sonda xatırlanmadığına görə media əhlindən də gileylənib:“Vaxt var idi bütün jurnalistlər məni axtarırdılar, bütün məlumatları məndən alırdılar. Ancaq indi hamısı məndən uzaq gəzir, heç kim mənimlə maraqlanmır. Xəyanətkar Xədicəyə, Əli Kərimova görə məni vurdular. Ancaq mən heç bir jurnalisti vurmadım, heç kimin haqqında heç nə demədim. Yenə də demirəm. Allah böyükdür və hər şeyi hər kəsdən yaxşı görür”.Rumiyyə
Tarix: 28-05-2017, 12:01