“Cəsus işi”nə görə “başı ağrıyacaq” iki icra başçısı: Raqub Məmmədov və Ceyhun Cəfərov

“Cəsus işi”nə görə “başı ağrıyacaq” iki icra başçısı: Raqub Məmmədov və Ceyhun Cəfərov Məlum olduğu kimi bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib. Hüquq mühafizə orqanlarımızın birgə verdikləri bəyanatdan aydın oldu ki, əsasən hərbiçilərdən və mülki şəxslərdən ibarət olan bir neçə Azərbaycan vətəndaşı erməni kəşfiyyatı ilə əlaqədə olmaları, onların xeyrinə casusluq etmələri ifşa olunmuş həbs edilərək zərərsizləşdirilmişlər. Ayıq-sayıq, peşəkarlıqla cəsus şəbəkəsinin ifşası qürur cdoğuran məqamdır. Amma bu olayla bağlı bəzi məqamlar var ki, bunun üzərindən sükutla keçmək olmur.
Olayın görünməyən tərəfləri haqda da müəyyən ehtimallar var. İstintaqın gedişi və dövlət sirlərinin ictimailəşməməsinə sayğı ilə yanaşaraq cəbhə bölgəsində kök salan cəsus şəbəkəsinin uzun müddət sərbəst fəaliyyətindən ən yaxşı halda xəbərsiz olmaları ilə məsuliyyət daşıyan bəzi məmular da bu işdən kənarda deyillər. Bu yazımızda cumhuriyyet.az olaraq yalnız bəzi faktların üzərinə diqqət çəkərək iki məmurun məsuliyyətindən bəhs edəcəyik.

Rəsmi məlumatda da bildirilir ki, cəsus şəbəkəsi Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizdə fəaliyyət göstərmişdir. Elə buradaca başqa bir məlumatı diqqətə çatdıraq: milli təhlükəsizliyimizə birbaşa cavabdeh olan təşkilatın keçmiş MTN-nin uzun illər Tərtər rayon şöbəsinin rəisi vəzifəsini 2014-cü ilədək tutan hazırda Ağdamın icra başçısı postunda olan ixtisasca aqronom polkovnik Raqub Məmmədov daşıyıb. Oda gizlədilməyi mümkün olmayan həqiqətdir ki, düşmən bu kəşfiyyat diversiya şəbəkəsini qısa müddətdə yaradıb formalaşdırmayıb. Düşmənin bu şəbəkəsinə hazırlıq milli kimliyimizə düşmən olanların, sapı özümüzdən olan baltaların ələ alınması xeyli zaman kəsiyində baş verib. Ölkə Başçısının məlum sərəncamı ilə islahatlar aparılıb təmizlənmiş, yenilənmiş yeni nəfəsli DTX-nin rəisi, general-leytenant cənab Mədət Quliyevin rəhbərliyi ilə ölkəmizin təhlükəsizliyinə cavabdeh olanların, digər hüquq mühafizə orqanları ilə birgə zərərsizləşdirdikləri, düşmənə işləyən şəbəkənin Tərtərdə möhkəmlənməsinə, fəaliyyətinə elə canab Mədət Quliyev özü demişkən xeyli zaman 1988-ci illərdən başlanılıb. Bəs onda 2014-cü ilin aprelinə qədər Tərtərdə keçmiş MTN-nin rayon şöbəsinin rəisi işləmiş MTN polkovniki Raqub Məmmədov nə ilə məşqul olub, hara və nəyə baxıb? Təbii ki, Raqub Məmmədov Tərtərdə öz peşəsi ilə, yəni ali təhsil diplomunu daşıdığı aqronomluqla məşğul olsaydı ölkə üçün bəlkə də daha yararlı olardı. Amma təssüf ki həmin vaxt milli təhlükəsizliyimizə sərf edilməli olan enerji, əməliyyat tədbirləri və texniki vasitələr Ağdamın o vaxtkı icra başçısı postunu tutan Nizami Sadıqovun azartlı oyunlara olan həvəsini qısası qumar məclislərini lentə aldırmaya yönəldilib. Yəqin ki, bu məsələlərin də bir zaman sualları sorulacaq və bunun cavabı asan olmayacaq.
Olayla bağlı başı ağrıya biləcək digər bir məmur isə hazırda Kürdəmir rayon icra hakimiyyətinin başçısı olan ceyhun Cəfərovdur. Bununla bağlı cumhuriyyet.az olaraq onu da xatırladaq ki, C.Cəfərov da 2014-cü ilədək Tərtər rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Maraqlıdır ki, həmin dövrdə Tərtər rayonunda radikal dini qruplaşma üzvlərinin fəallaşması və bu prosesin rayon rəhbərliyi tərəfindən himayə olunması haqda mətbuatda məlumatlar yayılırdı. Sonralar isə C.Cəfərovun yaxın qohumu Vidadi Zeynalovla bağlı MTN işində də adı hallanmışdı.
Əlbəttə bütün bunlar məlumatlar üzərində ehtimallardır. Hazırda sözügedən məsələ ilə bağlı cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Güc strukturları bəyan edib ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək.
Tarix: 30-05-2017, 01:10
Xəbəri paylaş





Xəbər lenti