“Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm” - ABŞ prezidenti Donald Trampın prezident İlham Əliyevə Respublika Günü ilə bağlı məktubundakı bu cümləyə bilmirsən sevinəsən yoxsa həyəcanlanasan.
Sevinəsən ona görə ki, ilk dəfəydi supergüc dövlətin prezidenti Azərbaycanın ölkə başçısına belə istiqanlı məktub göndərirdi. AnaXeber.az yazır ki, nə Buş, nə Obamanın prezidentliyi dönəmində “Ağ” ev sahiblərindən İ.Əliyevə “səbirsizliklə gözləyirəm” mesajı olmamışdı. Əksinə, ABŞ-Azərbaycan əlaqələri mövsümi olaraq korlanır, gərginlik yaranır, sonra axarına düşürdü.
Məsələn, son olaraq ABŞ Dövlət Departamentinin katibi Con Kerri hakimiyyətin demədiyi qalmamışdı.
Hələ azmış kimi, hökumət mediası o boyda departamentin rəhbərini “Jek” müdiri edib yıxıb-sürümüşdü. Amma Əliyev-Kerri görüşü rəsmi Bakı ilə Vaşinqtonun münasibətlərini təzədən relsə salmışdı.
O baxımdan Azərbaycan iqtidarı son illərdə ABŞ-dan bir xoş söz eşitmirdi, mehriban-düşmən kimi tez-tez gərginlik yaranır, qabarma-çəkilmə siyasəti müşahidə edilirdi.
Ancaq bu dəfə Tramp hamının ürəyinə su səpdi. Elə İ.Əliyevin Respublika Günü ilə bağlı “Buta” saraydakı çıxışında da sevinci hiss olunurdu.
Prezident açıq şəkildə demişdi ki, Trampla işləməkdən məmnundur, üstəlik, onun başqa ölkələrin daxil işinə müdaxilə etməyəcəyi bəyanatı ürəyincə olub.
Yəni, biz rahatlaya bilərik, nə qədər ki Tramp ABŞ-ın prezidentidir nə “ərəb baharı”, nə rəngli inqilablar olacaq, bölgədə sabitlik qorunacaq və Cənubi Qafqazda siyasi hakimiyyət dəyişiklikləri planda yoxdur. Deməli, sevinmək olar - okeanın o tayından iqtidarı hələ ki bir təhlükə gözləmir.
***
AnaXeber.az yazır ki, Trampın məktubu Rusiya-Azərbaycan münasibətlərində gərginliyin ən pik dövrünə təsadüf edir.
Okeanın o başından təhlükə olmaya bilər. Amma qapımızın ağzında timsah çuval ağzını açıb, canavar iti dişlərini qıcayıb, ayı iri pəncələri ilə əzməyə hazırdır.
Rusiya Azərbaycanı açıq şəkildə təhdid etməkdədir: sərhəddən məhsullarımız buraxılmır, azərbaycanlılar ölkədən çıxarılmaqla şantaj edilir, Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv olunur, “Milyarderlər ittifaqı” projesinin dirilməsi təhlükəsinin işartıları görünür və bütün bunlar prezident seçkilərinə bir il qalmış yaşanır. Bir tərəfdən hakimiyyət arxayınlaşır ki, pullu inqilabların müəllifi olan ABŞ-la münasibətlər yolundadır, başqa yandan Kremlin hakimiyyəti devirmək hədəsi ilə üzbəüz qalır. Moskva Bakıya açıq şəkildə hədə-qorxu gəlir.
Yüz minlərlə azərbaycanlının iş, qazanc ardınca Rusiyaya üz tutmaq məcburiyyətində qalması milli təhlükəsizlik problemidir.
Görün, Rusiya səfiri nə deyir: "Olduqca böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır."
Tərcüməsi budur ki, "biz bu köçürmələri dayandırsaq, yaxud həmin azərbaycanlıları geri göndərsək, ölkənizdə hansı vəziyyətin yaranacağını nəzərə alın."
Yəni, Rusiyanın təsir-təzyiq vasitələri azmış kimi, birini də illərlə aparılan və insanları öz vətənindən didərgin salan yanlış siyasətlə özümüz onlara təqdim etmişik. Belə davam edə bilməz.
Artıq istər daxili, istərsə də xarici siyasət bütün istiqamətlərdə dalana dirənib. Ölkənin təhlükəsizliyinə zərrə qədər təminat yoxdur.
"Casus şəbəkəsi" məsələsi, Martirosyan rəzaləti bəzi acı həqiqətləri gözümüzə soxdu.
Sabah ermənilər yenidən işğala başlasalar, ya da Dağıstandan daxil olan Rusiya ordusunun bir diviziyası Bakıya qədər gəlsə, bizə dəstək üçün quruca bəyanat verən də olmayacaq.
*** AnaXeber.az yazır ki, Əliyevin balanslaşdırılmış xarici siyasətinin ətrafındakı halqa daralır. Hakimiyyət daha qabaqkı manevrləri edə bilməyəcək. Artıq spekulyasiyalar imkanı məhdudlaşır. Moskva Azərbaycanın “göz yaşlarına inanmır”.
Azərbaycan isə balans siyasəti nəticəsində özünü "boz zona"ya məhkum edərək qlobal geosiyasi rəqabət aparan bütün tərəflərin dəstəyindən məhrum durumdadır.
Qərbdən, NATO-dan uzaq durmaqla Rusiyanın xoşuna gəlmək siyasəti iflasa uğradı. Balans limiti artıq dolur, manevr sahəsi daralır.
İllərlə balans siyasətinin nə qədər gözəl, effektli olduğu barədə təbliğat aparıldı, Gürcüstanın və daha sonra Ukraynanın ağılsız siyasət apardığına bizi inandırmağa çalışdılar.
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına təbrik məktubunda yazıb ki, Azərbaycan iqtisadiyyatda və sosial sahələrdə uğurlar qazanıb.
Putinin ən yadda qalan cümləsi budur: “Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır”.
Gələk ABŞ prezidenti Donald Trampın İlham Əliyevə göndərdiyi məktuba. Aydındır ki, Trampın Putin qədər Cənubi Qafqaz və Azərbaycan haqqında detallı bilgisi yoxdur. Buna baxmayaraq, Trampın müşavirlənin hazırladığı məktubda da önəmli məqamlar var. Birincisi, məktubda deyilir ki, Amerika ilə Azərbaycan beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırlar.
İkincisi, “biz Azərbaycan xalqının yanındayıq” deyilən məktubda Azərbaycan Avropanın yeni enerji mənbəyi adlandırılır.
Üçüncüsü, Trampın məktubunda Amerikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyi bildirilib. Belə baxanda Trampın məktubunda Azərbaycanla əməkdaşlığın konkret istiqamətləri vurğulanıb.
Putinin məktubunda bu detallar yoxdur, ümumi sözlər var. Putinin məktubunda nə Azərbaycanın ərazi bütövlüyü, nə də Dağlıq Qarabağ münaqişəsi haqqında söz açılır.
İki imperialist dövlətin Azərbaycan prezidentinə məktublarındakı fərqdən münasibətlərin nə yerdə olduğu görünür. Hakimiyyət bu məktubları ən az bizi qədər təhlil edib, şək-şübhəsiz...Siam.az
Tarix: 30-05-2017, 10:22