Aqil Abbas Sülh Platformasındakı qalmaqaldan yazdı:“Hər yer doludu erməniylə, təzəsini tapıb gətirərik”

Aqil Abbas Sülh Platformasındakı qalmaqaldan yazdı:“Hər yer doludu erməniylə, təzəsini tapıb gətirərik” Bu dərdi necə atlayacayıq, bu acı xəbərə necə tab gətirəcəyik?! Özü də ilin-günün bu əziz vaxtında. Səki bir balaca qırışığımızı açıb bayramlıq eləyirdik, o da belə! Day heç zad! Saytları açmaq olmur, sosial şəbəkələr qan ağlayır.

Kərbəlayı:«Şuşanı aldılar dinmədim, Laçını, Kəlbəcəri, Ağdamı… aldılar dinmədim. Dedim, torpaqdı də, bellərinə şəlləyib İrəvana aparmayacaqlar? İndi də bu! Heç oğlum Yadullanın müsibəti belə olmamışdı».

Gül kimi bir ətək pul töküb Sülh platforması yaratmışdıq, bütün dünya da bizim bu Sülh platformasından danışırdı, biz də genəlirdik, forslanırdıq, di ala!


Nədənsə platforma sözü eşidəndə yadıma dəmiryolu vağzalı düşür: «Hörmətli sərnişinlər! Bakıdan Ağdama gedən 256 nömrəli qatar birinci platformanın birinci yolundan yola düşür». Rus aksenti ilə deyilən bu sözlər lap Qədir Rüstəmovun səsi kimi adamın canına Zarıslı bulağının suyu kimi yayılırdı. Biz də birinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə gedirdik Ağdama.

Necə ki indi qazaxlılar birinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə Qazaxa, gəncəliləlr birinci platformanın ikinci yolundan qatara minib şellənə-şellənə Gəncəyə, necə cavanlarımız ikinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə Moskvaya, nataşalarla kef çəkməyə gedirlər, bax, biz də elə birinci platformanın birinci yoluyla qatara minib şellənə-şellənə gedirdik Ağdama.

İndi Sülh platformasının birinci yolundan qatara minib şellənə-şellənə Sülhə getmək üçün yavaş-yavaş təzəcə çırmanırdıq ki, ataman Biçeraxov bizi satdı. Salyanın bizə bəxş etdiyi dəli-dolu şairimiz Əlisəmid Kür demiş: «Nağaracuğaaa!»

Baxıram, saytlar, sosial şəbəkələr partlayır. Nə yazılasıdı, nə deyiləsi, nə də danışılası! Özünüzü tox tutun. Udey, dünən bir xəbər də oxudum, xeyli toxdadım. Heç demə, yazıq ataman Biçeraxovun o qədər də günahı yoxuymuş! Bizi Sülh platformasının birinci yolundan qatara mindirib şellənə-şellənə sülhə aparacaq platformaçılar ataman Biçeraxova qahmar çıxıblar ki, Biçeraxov bizi çox sevir, sadəcə olaraq erməni «vor zakonlar» onu bu satqınçılığa məcbur eləyiblər. Yazıq neyləsin, bir çətən külfəti var.

Teymur əmi demiş, qəti qorxusu yoxdu, it ilxısı köpək sürüsü. Hər yer doludu erməniylə.

Təzəsini tapıb gətirərik.


Aqil Abbas
Tarix: 30-05-2017, 15:42
Xəbəri paylaş





Xəbər lenti