Avropanın baş insan haqları təşkilatı olan Avropa Şurası qurumda səsləndirilən korrupsiya iddialarını araşdırmağa başlayıb.
BBC həmin iddialarda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin adlarının Azərbaycanın xeyrinə iş görməkdə hallandırıldığını qeyd edir.
Ancaq AŞPA-nın saytında yerləşdirilmiş informasiyada Azərbaycanın adı çəkilmir, xarici təhqiqat orqanının üç üzvünün təyin olunduğu bildirilir. Üzvləri AŞPA Bürosu mayın 29-da Praqada keçirdiyi toplantıda təyin edib. Ancaq bu qərarı AŞPA iyunun 26-da, yay sessiyası çərçivəsində ratifikasiya etməlidir.AŞPA hələ aprel sessiyasında belə bir təhqiqatın başladılmasının təsdiqləmişdi. Məqsəd AŞPA-nın bəzi keçmiş üzvlərinə qarşı korrupsiya və lobbiçilik iddialarının müstəqil araşdırılmasıdır.
ŞÜBHƏLƏR VAR VƏ ARAŞDIRILACAQBBC yazır ki, 2013-cü ildə Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın AŞPA-da rədd olunması qərarına da Azərbaycan hakimiyyətinin təsir göstərməsinə dair şübhələr var.
Azərbaycan Avropa Şurasının 47 üzvündən biridir və bu qurum üzvlərin Avropa İnsan Haqları Konvensiyasına necə əməl etməsinin monitorinqini aparır.
Christoph Strässer2013-cü ilin yanvarında AŞPA alman deputat Christoph Strässer-in hazırladığı hesabatı rədd etdi. Həmin sənəd Azərbaycanda insan haqları pozuntularını pisləyir, hakimiyyəti siyasi məhbusları azadlığa buraxmağa çağırır.
BBC prezident İlham Əliyevin opponentlərinin vergidən yayınma, casusluq, silah saxlama ittihamlarıyla həbsə atıldığını vurğulayır.
HAKİMLƏRAŞPA-da korrupsiya iddialarını insan haqları üzrə üç beynəlxalq səviyyəli hüquqşünas araşdıracaq və 2017-ci ilin sonunadək tapıntılarını ortaya qoyacaqlar. Onlar adı korrupsiyaya bulaşmış hər hansı AŞPA üzvünə qarşı konkret tədbir də tövsiyə edə bilərlər.
Təhqiqatçılar bunlardır:
- Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) keçmiş prezidenti, Böyük Britaniyadan Ser Nicholas Bratza
- Fransadan antiterror hakimi Jean-Louis Bruguière
- AİHM-in İsveçdən olan keçmiş hakimi Elisabet Fura.
AİHM hakimlərini də AŞPA seçir və bu hakimlərin çıxardıqları qərarların icrası Avropa Şurasının bütün üzvləri üçün məcburidir.Təhqiqat sonucunda AŞPA davranış kodeksinə yenidən baxmağı planlayır.
Pedro AgramuntAvropa Sabitlik Təşəbbüsü (ingiliscə qısa adı ESI) insan haqları təşkilatının dekabrda yaydığı araşdırmaya görə, AŞPA-nın bəzi üzvləri Azərbaycan üçün siyasi lobbiçilik edib. Bəzilərinin Azərbaycandan pul aldığı iddia olunur.
Avropa Şurasının baş katibi Thorbjorn Jagland martda AŞPA prezidenti Pedro Agramunt-a məktub yazaraq, onu yubanmadan müstəqil təhqiqat başlatmağa çağırıb.
AŞPA-nın avropalı parlamentariləri, eləcə də Avropadakı bəzi vətəndaş cəmiyyəti qrupları da belə bir araşdırma tələb edir, əks halda, AŞPA-nın bütövlüyünə təhlükə yarandığını deyirdilər.
Qeyd edək ki, AŞPA-nın aprel sessiyasında AŞPA Bürosu P. Agramunt-a «etimadsızlıq səsverməsi» keçirdi. Əsas səbəb kimi onun rusiyalı deputatlarla birgə Suriyaya səfər edərək prezident Bashar al-Assad-la görüşməsi göstərilirdi. Büro Agramunt-un rəsmi səfər etmək, AŞPA adından hər hansı bəyanat vermək səlahiyyətinin olmadığını bildirdi.
Elə Azərbaycanla bağlı korrupsiya qalmaqalının mərkəzində də P.Agramunt və onun keçmiş müavini Luka Volonte-nin adları çəkilirdi. İtaliyalı L.Volonte Azərbaycan nümayəndələrindən pul almaqda, P.Agramunt isə rəsmi Bakı və Rusiyanın maraqlarının lobbiləşdirilməsində ittiham olunur.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti isə, bir qayda olaraq, bəzi avropalı deputatların pulla əla alınması iddialarında onların adlarının çəkilməsini qəbul etmirlər.///azadliq.org
Tarix: 1-06-2017, 02:11