Hüquqa zidd davranışları dayandırın

Hüquqa zidd davranışları dayandırın Ölkədə baş verən son hüquq pozuntuları ilə bağlı STP-nin mövqeyi

Ölkədə hüquq pozuntularının yeni və sistemli dalğası başlayıb. Xüsusilə ictimai-siyasi fəalların hədəf alındığı bu durum beynəlxalq aləmdə yenə Azərbaycanın imicinə ciddi zərbələr vuracaq. İnsan haqlarına hörmətlə yanaşmayan hökümətlər nəinki dünyada, həm də öz ölkəsində toplum arasında etimadsızlıq doğurur və bunun ciddi fəsadları olur.

Bu fəsadlardan qaçmaq əvəzinə, təəssüf ki, artıq bəzi insan haqları pozuntuları ölümlərlə də müşayiət olunmağa başlayıb. Qanunsuz həbs olunub müvəqqəti saxlama təcridxanasına salınan Mehman Qələndərovun ölümü bu qəbildəndir. Onun intihar etdiyi iddia edilsə də, həbs olunub, cinayət işi açıldığına görə, psixoloji vəziyyətinin sağlam olması təsbit edilmiş bir vətəndaşın hansı səbəblər üzündən intihar etdiyi xeyli suallar doğurur. Eyni zamanda, istintaqı davam edən “vətənə xəyanət” iddialı iş üzrə təqsirləndirilən hərbçilərin bəzilərinin vəfatı və ailələrindən gizlin şəkildə dəfn edilməsi ətrafında müzakirələr səngimir.
Bütün bunların fonunda siyasi və ictimai tanınmış şəxslərin həbsi son dönəm ciddi iqtisadi çətinliklərlə üzləşən, ciddi beynəlxalq dəstəyə ehtiyacı olan ölkəmizin adının yenidən beynəlxalq müzakirələrdə hallanacağı yəqin ki, gözləniləndir.
Son olaraq, Gürcüstandan müalicədən qayıdarkən ölkənin müxalif siyasətçilərindən biri olan Gözəl Bayramlı qondarma ittihamla həbs edilib. Ardınca tanınmış tənqidçi jurnalist Əfqan Müxtarlı eyni ittihamlarla fiziki zorakılığa məruz qalaraq müəmmalı şəkildə oğurlanaraq Gürcüstandan Azərbaycana gətirilib.
Xüsusi qeyd edilməlidir ki, jurnalist Əfqan Müxtarlının işgəncələrə və zorakılığa məruz qalması, müvəqqəti siyasi sığınacaq aldığı ölkədən tamamilə qanuna zidd şəkildə Azərbaycana gətirilməsi və həbsə alınması Gürcüstanın da beynəlxalq imicini xeyli dərəcədə sarsıdacaq. Avropa Birliyi və NATO ilə bütünləşməyə qərar verən bir ölkəyə sığınan insanın təhlükəsizliyinə belə münasibət Gürcüstan dövlətinin hüquqa və demokratik idarəetməyə sadiqliyini, Qərbə inteqrasiyaya hazır bir ölkə olma imicini ciddi şəkildə sual altında qoyur.
Əfqan Muxtarlının hüquqa zidd, məhkəmə qərarı olmadan, pasportsuz belə oğurluq Azərbaycana təhvil verilməsi ciddi qanun pozuntusudur və hər şeydən əlavə Gürcüstanın Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunan və əməl etməli olduğu beynəlxalq hüquq normalarına ziddir. Başqa halda, qoruma altında olan jurnalist rəsmi qurumların bilgisi və iştirakı olmadan, kimliyi bilinməyən şəxslərin əli ilə Gürcüstandan çıxarılıbsa, bu, bir ölkənin təhlükəsizlik orqanları adına ciddi qüsurdur və belə bir olay heç bir inkişaf etmiş ölkəyə müsbət xal gətirməz.
Biz, Sivil Toplum Platforması olaraq, Gürcüstanın vətəndaş cəmiyyəti nümayəndələrinə müraciət edir, onları da baş vermiş hadisə ilə əlaqədar sonuna qədər araşdırma aparılmasında aktiv olmağa, bu hadisədə Gürcüstan hökumətinin iştirakı təsdiqlənərsə, ciddi şəkildə etiraz bildirməyə çağırırıq.
Habelə, Azərbaycanda ictimai-siyasi fəalların təməl hüquq və azadlıqlarının kobud şəkildə pozulmasna, ən sadə şəkildə etiraz edən insanlara belə təzyiqlərin artmasına Qərbin aparıcı dövlətlərindən ciddi reaksiyaların olmamasına təəssüf etdiyimizi bildiririk. Ümid edirik ki, demokratik dünya ölkəmizdəki kobud hüquq pozuntularına, Azərbaycanın addım-addım demokratik dəyərlərdən uzaqlaşmasına biganə qalmayacaq.
Eyni zamanda, ölkənin bütün müstəqil Vətəndaş Cəmiyyəti qurumlarını, siyasi partiyaları, azad media nümayəndələrini vətəndaşların hüquqlarının qorunması istiqamətində həmrəyliyə və daha aktiv olmağa dəvət edirik. Vəkillərin az sayda olması, qorxu və təzyiqlərin yaratdığı mənfi nəticələr onların müdafiədən kənarda qalmasına yol açmamalıdır.
Sivil Toplum Platforması olaraq Azərbaycanın hökumət nümayəndələrini ölkəmizdə baş verən bu kimi hüquqa zidd davranışları dayandırmağa çağırırıq.Vətəndaşların gündən-günə ağırlaşan sosial durumunu düzəltmək, iqtisadi çöküşləri önləmək üçün əsaslı təkliflər paketini Vətəndaş cəmiyyəti ilə müzakirə etmək yerinə, insanları damlamaq, ölüm hadisələri ilə müşayiət olunan təzyiqləri artırmaq çıxış yolu deyil. Bu, hamımızın olduğu bir gəmini bilərək batırmaqdır. Çıxış yolumuz hüquqi dövlətdə, Qərbə inteqrasiyanı sürətləndirməkdə və ölkənin dəyəri olan vətəndaşı qorumaqdadır.
Tarix: 1-06-2017, 11:55
Xəbəri paylaş





Xəbər lenti