Elçibəyin qardaşından Razi Nurullayevə etiraz: - “İndi belə söz danışmağın nə mənası var!”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı uğrunda mübahisələrə mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də münasibət bildirib. A.Əliyevin məsələyə münasibət bildirməsinə səbəb isə AXCP adlı siyasi təşkilat yaratdığını bəyan etmiş Razi Nurullayevin Rəsulzadə-Elçibəy ideyalarını yaşatdıqlarını, bu ideyalar uğrunda mücadilə apardıqlarını söyləməsi olub.Razi Nurullayev bildirib ki, bu gün ictimaiyyət məhz onun rəhbərlik etdiyi təşkilatı AXCP kimi tanıyır.
“Bundan da önəmli olan Rəsulzadə-Elçibəy ideyalarının yaşadılması, bu ideyalar uğrunda mücadilə edilməsidir. Bu mücadiləni də şərəf və ləyaqətlə yerinə yetiririk. Biz uzun müddət adından və nüfuzundan sui-istifadə edilən Elçibəyə sahib çıxmışıq. Təmənnasız və əvəzsiz. Çünki, biz siyasi mübarizəmizdə Elçibəy səmimiyyətini əsas seçmişik. Şükürlər ki, Elçibəy dühası və zəkası yolumuzu işıqlandırır və Allahın köməkliyi ilə xalqı da bu işıqlı yol ilə aparacağıq”.
Razi Nurullayevin Elçibəyə sahib çıxdıqları barədə dedikləri mərhum eks-prezidentin qardaşı Almurad Əliyevin etirazına səbəb olub. O, Modern.az-a açıqlamasında belə fikirlər səsləndirməyin əsassız olduğunu deyib.
“Dostluq, yoldaşlıq etmək başqa seydi, sahib çıxmaq başqa şey. “Elçibəyə sahib çıxmışıq” deməyin özü yanlışdır. Elçibəy böyük işlər görəndə, həbsxanada yatanda, meydanlara çıxanda “sahib çıxmışıq” deyənlər yox idi. İndi belə söz danışmağın nə mənası var ki! Elçibəyə xalqdan başqa heç kim sahib çıxmayıb”.
Tarix: 1-06-2017, 14:27