Ramiz Mehdiyevin 2013-dəki korpusu dağıdılır: PA ləğv olunur sirrinin üstü açılır...

Ramiz Mehdiyevin 2013-dəki korpusu dağıdılır: PA ləğv olunur sirrinin üstü açılır... Fatma Abdullazadə, Vahid Əliyev, Kamal Abdulla, Məhərrəm Əliyev...iyunun ilk günü Prezident Administrasiyasında bu məmurların son iş günü oldu.

AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, onlardan ikisi - Məhərrəm Əliyevlə Vahid Əliyev 2013-cü ilin seçkilər ərəfəsində PA-ya gətirilmişdi. O zaman hakimiyyətin Naxçıvan qanadı öz korpusunu gücləndirirdi.
Eyni zamanda Xarici İşlər Nazirliyindən Novruz Məmmədovu PA-ya gətirməklə mehdiyevçilər qruplaşması qüvvələrini birləşdirirdi. Bu, həmin vaxt Bakı klanına bir cavab idi.
Ancaq 2016-ci ildə keçirilən referendum və I vitse-prezidenti təyinatı hakimiyyətdaxili bu çəkişmələrdən görünən budur ki, Bakı klanını qalib çıxardı. Növbəti seçkiyə bir il qalmış Naxçıvan korpusu dağıdılmağa başlandı.


Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin müavinlərinin prezidentin köməkçisi təyin olunması da onun siyasi varlığının süqutu kimi qiymətləndirilir.
Bir müddət əvvəl yayılan “PA ləğv olunur” başlıqlı xəbərlər artıq praktik baxımdan reallaşmaqdadır. Müavinlərini itirən R.Mehdiyevin rəhbəri olduğu Prezident Administrasiyası formal bir struktura çevrilməkdədir.
Bundan sonra prezident və vitse-prezidentin qərarlarına tabe olacaq 5 yeni müavin R.Mehdiyev qruplaşmasından qoparılan kadrlardır.

Əslində, ölkədə hakim gücün Naxçıvan klanından alınmasının təkcə daxili rəqabətlə əlaqələndirmək doğru olmaz. Gerçəklik ondan ibarətdir ki, illərdir bu qruplaşmanın hökmranlığı altında idarə olunan sistem artıq qanqrena verməkdədir.
Hakimiyyətin yuxarı eşelonunda anlayırlar ki, belə idarəçilik ölkəni uçuruma aparmaqdadır: iqtisadi sabitlik pozulub, vətəndaş-məmur körpüləri yanıb, haqsızlıqla üzləşən böyük bir kütlə qisas hissi ilə yaşayır, bu klanın nəzarətində olan icra hakimləri əyalətlərdə insanlara divan tutur və s.
Bu mənada yeni idarəçilik sistemi prezidentin tam nəzarəti altında olmaqla müəyyən keçid islahatlarının reallaşması mümkündür. Hökumətin deputatları da artıq müxalifətçi mövqeyindən çıxış edərək iqtisadi idarəçiliyi topa tuturlar.
***

AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, Bakı klanı rəsmən qələbə qazanmaqdadır. Hakimiyyət əl dəyişir. R.Mehdiyevin siyasi təsir imkanları tam bloklanır.
Hətta indi bu klanda olan qüvvələrin bir hissəsinin transferi də istisna deyil. Heç bir perspektivi qalmayan bir qruplaşmada olmağın mənası nədir?


Məhərrəm Əliyevlə Fatma Abdullazadənin də “vurulması” R.Mehdiyevin siyasi qol-qanadının kəsilməsi idi.
M.Əliyevi hakimiyyət 2013-də PA-ya dəvət etmişdi və onun ciddi resursları var. F.Abdullazadə isə ölkənin təhsil sistemində, dərsliklərin hazırlanmasında baş “diktator” idi.
Ona nə Misir Mərdanov, nə Mikayıl Cabbarov, nə də Məleykə Abbaszadə bata bilirdi. İndi Bakı klanına yaxınlığı ilə seçilən təhsil naziri üçün “yaşıl işıq” yandığını ehtimal etmək olar.
Referendumdan sonra hakimiyyətin bölüşdürülməsi siyasətinə yenidən baxıldığı göz qabağındadır. I vitse-prezident təyinatı iqtidarda hans qüvvənin yüksəlişdə olduğunu nümayiş etdirdi.
Bu isə öz növbəsində hakim komandada siyasi elitadan kimin yanında olmağı şərtləndirir. Çünki yaxın 8 il Azərbaycanda hakim elitanın yeni klan olacağı şübhə doğurmur.
O baxımdan nazirlərin və məmurların, o cümlədən icra başçılarının, deputatların hansı klanda təmsil olunacağı, transferlərin reallaşacağı, Bakı qruplaşması ilə necə işləyəcəkləri maraq doğurur.
Mehdiyev qruplaşmasının olduqca güclü, qüdrətli, nüfuzlu nazirləri var. Onlar həm də dövlət idarəçiliyində kifayət qədər təcrübəli kadrlardır. Bu illər ərzində hakim komandanın parlaq nümayəndələri kimi sədaqətlilik nümayiş etdiriblər.

Habelə, Qaçqınkom sədri Əli Həsənov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, baş nazirin müavinləri Abid Şərifov, Yaqub Eyyubov, Əli Əhmədov, müdafiə sənayesi naziri Yavər Camalov, energetika naziri Natiq Əliyev, Əmlak Komitəsinin sədri Kərtəm Həsənov bir siyasi mərkəzdə mənzilləniblər.
fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Mərkəzi Bank sədri Elman Rüstəmov isə fərqli profillərə sahib güclü fiqurlar hesab olunur.
Bundan sonra bir sual qalır: Qərb və Kremlə bu güclərdən hansı ilə işləməyə üstünlük verəcək. Hələ ki Bakı klanı 2018-ci ilə qədər komanda olaraq tam formalaşma xəttini seçib.
Bu prosesin gələn ilin seçkilərinə qədər davam edəcəyi gözlənilir. Hətta payız aylarında daha bir neçə iri fiqurun PA-dan və nazir vəzifələrindən getməsi mümkündür. R.Mehdiyevin isə qarşıda revanş götürə biləcəyi inandırıcı görünmür...
AnaXeber.Az
Tarix: 2-06-2017, 10:07
Xəbəri paylaş





Xəbər lenti