Sərdar Cəlaloğlu: “Nazirlər Kabineti ləğv olunmalı baş nazir və müavinləri istefaya göndərilməlidir”
Vüsal Qarayev: “Xalqın etimadını qazanmaq üçün köklü, radikal dəyişikliklər olması zəruridir”
Əli Əliyev: “Bu, güc toplamış məmurların zəiflədilməsinə hesablanmış addımlardır”
Əli Orucov: “Sadəcə vəzifələrin adları dəyişilib”
Ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasında ciddi struktur dəyişiklikləri aparıldı. Bir neçə yüksək rütbəli məmur vəzifəsini itirdi. Hesab edilir ki, struktur islahatlarının növbəti hədəfi Nazirlər Kabinetidir. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında referendumdan sonra Nazirlər Kabinetinin buraxılmasının zəruri olduğunu dedi:“Dövlət idarəetməsi konstitusiyaya uyğunlaşdırılmalıdır. Bu da ilk növbədə vitse-prezidentlik institutuna paralellik təşkil edən qurumların ləğvini, idarəetmənin təmərküzləşməsini tələb edir. Bu da Nazirlər Kabinetinin buraxılması, baş nazir, baş nazirin müavinləri postlarının ləğv edilməsini və digər addımların atılmasını zəruri edir. Azərbaycan faktiki olaraq prezidentlik idarə üsuluna keçirsə, bütün dünyada olduğu kimi, Nazirlər Kabineti ola bilməz. Olmalıdı prezident və vitse-prezidentlər. Vitse prezidenlər baş nazirin və müavinlərinin səlahiyyətlərini yerinə yetirəcəklər. Buna görə də Nazirlər Kabineti ləğv olunmalı və baş nazir və müavinləri istefaya göndərilməlidir. Bununla da idarəetmə konstitutsiyaya uyğunlaşdırılmalıdır”.Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev də həmçinin Nazirlər Kabinetində ciddi dəyişikliklərin olacağını istisna etmədi:“Dəfələrlə demişəm ki, hökumət daxilində güc mərkəzləri arasında ciddi çəkişmə gedir. Bu dəyişikliklər də həmin çəkişmənin nəticəsidir. Görünən odur ki, güclərdən biri digərinə üstün gəlir. Önəmlisi budur ki, dəyişikliklər vətəndaşın rifahına, həyatına müsbət təsir etsin, buna ümid edirik. Nazirlər Kabinetinə gəldikdə, bəli, düşünürəm mütləq qaydada islahatlar dalğası Nazirlər Kabinetinə də çatacaq və çatmalıdır.
Biz hər zaman deyirik, ölkədəki sosial-iqtisadi xaosu aradan qaldırmanın tək yolu ciddi kadr islahatlarından, dəyişiklilərdən keçir. İllərdir eyni postu zəbt edib, lakin vətəndaş, ölkə maraqlarını öz şəxsi mənafeyindən aşağı tutan, köhnəlmiş kadrlar arxivə göndərilməlidir. Nəhayət hökumət də xalqın ciddi narazılığını, narahatlığını, partlamağa hazır olduğunu nəzərə alıb köklü islahatlara başlamağa qərar verib. Xalqın etimadını qazanmaq üçün mütləq ki, Nazirlər Kabinetində də köklü, radikal dəyişikliklər olacaq. Lakin bu hakimiyyət o qədər vətəndaşın inamını, etibarını itirib ki, istənilən dəyişiklikdə xalq hökumətin yenə də öz maraqlarını hesaba aldığını düşünür. Gözləyək, ümidvarıq ki, hər şey ölkə üçün, vətəndaş üçün xeyirli olacaq”.
Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev isə baş verənlərin ciddi dəyişiklik, islahat kimi dəyərləndirilməsinin doğru olmadığını hesab edir:“Əslində aparılan dəyişikliklər islahat xarakteri daşımır. Bu daha çox siyasi hakimiyyətin saxlanılması üçün aparılan dəyişikliklərdir. Başqa cür ifadə etsək, bu güc toplamış məmurların zəiflədilməsinə hesablanmış addımlardır. Burada da əsas məqsəd növbəti dönəmdə hakimiyyəti yeni namizədə ötürməkdir. Mən dəfələrlə demişəm ki, növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının başqa namizədini görəcəyik. Həmin namizədin sakitliklə, dinc qaydada posta gətirilməsi üçün bu proses aparılır.
Ola bilər ki, Nazirlər Kabinetinə də bu şəkildə əl gəzdirilsin. Amma hələlik bunu islahat, struktur dəyişikliyi kimi qiymətləndirmək yanlışdır. Bu gün hökumət islahatlar haqqında düşünmür. Dəyişən dünyada Yeni Azərbaycan Partiyasının da məqsədi mümkün olanı qoruyub saxlamaqdır. Həmin dəyişikliklər də dediyim məqsədin tərkib hissəsidir”.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da ciddi dəyişiklərin olacağını gözləmədiyini vurğuladı:“Bu islahat deyil, sadəcə olaraq təyinatdır. Sadəcə vəzifələrin adları dəyişilib. Bu dəfə də yeni simalar görmədik. Postdan kənarda qalan sadəcə 3 nəfər oldu. Bunun da gələcək inkişafa, perspektivə heç bir aidiyyatı olmayacaq. Nazirlər Kabinetində də eyni dəyişikliklərin şahidi olacağıq. Burada da şəxslər deyil, sadəcə, vəzifələr dəyişəcək. Cəmiyyətin, ölkənin inkişafı üçün isə ciddi struktur islahatlarına ehtiyac var. Ancaq yəqin ki, yenə də bunu görməyəcəyik”.
Vilayət Muxtar
Cebhe.info
Tarix: 4-06-2017, 16:57