Elxan Şahinoğlu: “Avropa Birliyi Türkiyəyə yuxarıdan aşağı baxır”Avropa Komissiyasının rəhbəri Jan-Klaud Yunker Türkiyə və Avropa İttifaqı (Aİ) arasında bu ölkənin quruma qoşulma müzakirələrinin bu mərhələdə davam etməsinin lazım olduğunu, lakin edam cəzasının geri qaytarılacağı təqdirdə bu müzakirələrin dayandırılacağını deyib. “Cümhuriyət” qəzeti “Röyters”ə istinadən xəbər verir ki, Yunker Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələni onun diqqətinə çatdırdığını bildirib. O qeyd edib ki, edam cəzasının tətbiqi Türkiyə qarşısında çəkilmiş “qırmızı xətt”dir. Yunker Ərdoğana “Edam cəzasını geri qaytarsanız, bu, Avropa İttifaqına üzvlük danışıqlarının da sonu olacaq”, deyib. Qeyd edək ki, Ərdoğan keçən həftə NATO ölkələrinin liderləri ilə toplantıda iştirak etmək üçün Brüsseldə olarkən Yunker və Aİ başçısı Donald Tuskla görüşüb. Türkiyə prezidenti görüşlərin müsbət məcrada keçdiyini və Aİ-dən 12 aylıq vaxt aldığını bildirib. Yunker görüşdə rəsmi Ankara ilə danışıqların davam etdirilməsinin lazım olduğunu diqqətə çatdırıb: “Türkiyə həqiqətən bir gün Avropa İttifaqına üzv ola bilərmi? Həqiqətən bunu bilmirəm”.
Edam cəzası geri qaytarıla bilərmi?Avropa İttifaqı keçən ilin iyulunda baş vermiş hərbi çevrilişə cəhddən sonra Türkiyədə başlayan genişmiqyaslı həbslərə görə, Türkiyəni azadlıqları və insan haqlarını pozmaqda ittiham edir. Rəsmi Ankara isə Aİ-ni Türkiyə ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Xatırladaq ki, 1998-ci ilin avqustunda Aİ islahatları çərçivəsində Türkiyənin DSP-MHP-ANAP hökuməti “müharibə və müharibəyə yaxın təhlükə vəziyyətində işlənmiş cinayətlər xaricində” digər cinayətlərə edam cəzası aradan qaldırılmışdı. 2004-cü ildə Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti dövründə Türkiyənin Avropa İnsan Haqları Razılaşmasının 13-cü Protokolunu imzalamasından sonra həyata keçirilən Konstitusiya dəyişikliyi ilə Konstitusiyada edam cəzasının qalıqları tamamilə ayırd edilmiş və daha sonra qanunlardan çıxarılmışdı. Amma 15 iyul hadisələrindən sonra Ərdoğan edam cəzasının yenidən tətbiq edilməsi məsələsini dəfələrlə gündəmə gətirdi və parlamenti lazımlı dəyişiklikləri etməyə çağırdı. O, lazım olacağı halda məsələnin referenduma da çıxarılacağını deyib.
“Türkiyəyə yuxarıdan aşağı baxırlar”“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, edam cəzasının tətbiqi Türkiyənin Avropa İttifaqına üzvlüyü qarşısında problem deyil. Politoloqun sözlərinə görə, ittifaq uzun illərdir Türkiyəni müxtəlif bəhanələrlə qapısında gözlədir:
“Guya Türkiyə edam cəzasını tətbiq etməsəydi, bu ölkəni Avropa İttifaqına üzv qəbul edəcəkdilər? Yunker öz müsahibəsində də açıq formada bildirib ki, Türkiyənin bu quruma üzv olub-olmayacağından əmin deyillər. Bu o deməkdir ki, Türkiyəyə inanmırlar. İndiyədək bir neçə dövləti Türkiyənin başı üzərindən Avropa İttifaqına üzv ediblər, Türkiyəni də qapıda gözlədirlər.Türkiyəyə aşağılayıcı yanaşırlar. Buna görə də Ankara istədiyini edir. Mümkündür ki, Ərdoğan vəziyyəti gərginləşdirməmək üçün fasilə götürəcək. Ölüm cəzası məsələsini gündəmdən çıxaracaq. Amma görsə ki, danışıqlarda irəliləyiş yoxdur və Avropa İttifaqı Türkiyəyə yuxarıdan aşağı baxır, bu zaman Ərdoğanın özü qapıları ittifaqın üzünə bağlayacaq və ölüm cəzasını tətbiq etməklə Avropa İttifaqı ilə vidalaşacaq”.
Danışıqlarda Ərdoğan problemiElxan Şahinoğlu hesab edir ki, Türkiyənin Avropa İttifaqına yaxın buraxılmamasının səbəbi Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olması da deyil: “Ərdoğan Türkiyəyə 2000-ci ildən başçılıq edir. Ərdoğana qədər Tansu Çillər, Süleyman Dəmirəl, ən çox da islahatçı kimi yadda qalan Turqut Özal da çalışdılar.
Amma Avropa İttifaqı onlara da qapını açmadı. Düzdür, Ərdoğandan əvvəl Türkiyə ittifaqın müəyyən layihələrində iştirak edə bildi, amma üzv etmədilər. Bu liderlər arasında ən çox Ərdoğan Avropa İttifaqının istəklərini yerinə yetirib. Bu istəkləri yerinə yetirdikcə də Brüssel tələblərini artırdı. Danışıqları da uzadırlar, çünki Türkiyəni qəbul etmək istəmirlər. Türkiyə dinamik və inkişaf edən ölkədir, güclü ordusu var. Düşünürlər ki, bu ölkəni üzv etsələr, o, Avropa İttifaqında söz sahibinə çevriləcək.
Avropanın iki aparıcı dövləti var: Fransa və Almaniya. Bu ölkələr də istəmirlər ki, kimsə onlara şərik çıxsın. Buna görə də prosesi uzadırlar. Ərdoğan da bu vəziyyəti görür, ya danışıqları sürətləndirəcəklər, ya da Türkiyə Avropa ilə vidalaşacaq, yəni, Avropa İttifaqına üzvlükdən imtina edə bilər. Avropa ilə iqtisadi və ticarət əlaqələri qalır”.
Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 5-06-2017, 00:08