Referendum “bileti”: Naxçıvan klanı ümumxalq səsverməsi ilə səhnədən gedir...

Referendum “bileti”: Naxçıvan klanı ümumxalq səsverməsi ilə səhnədən gedir... 26 sentyabrda Konstitusiyaya edilən əlavə və dəyişikliklər siyasi hakimiyyətə ediləcək dəyişikliklərin səsverməsiydi.
Ümumxalq səsverməsi adlanan bu seçki hadisəsi əslində, iqtidarın daxilində uzun illərdən bəri davam edən müharibənin sonuncu raundu idi.
Hakim komandada idarəçiliyin kimin hökmranlığı altında həyata keçiriləcəyi “razborkası” çürüdülməliydi.

Ona görə də referendumda qanunlara olan dəyişiklik xalqın və politik təbəqənin deyil, elita içərisindəki Ramiz Mehdiyevin “xaç atası” olduğu köhnə qvardiyanın əleyhinə idi.
***
...İndi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müavini yoxdur. Bu o deməkdir ki, çox çəkməz R.Mehdiyevin siyasi varlığı da olmayacaq.
Ölkənin ən mühüm siyasi postuna rəhbərlik edən Naxçıvan klanının lideri ümumxalq səsverməsi ilə referendumdan sonra yola salınmaqdadır. Yəni, qanunlara edilən dəyişiklik siyasi hakimiyyətdə yazılmamış qanunlara olan dəyişiklik idi.
Sentyabrdan bəri dayanmadan edilən dəyişikliklər o yerə gəlib çıxdı ki, PA-nın ətrafı “təmizləndi”. 2018-ci il seçkilərinə qədər “Naxçıvan erası”nın bitməsi hədəfə alınıb ki, indi onların müvazinətini itirdiyi kor-kor, gör-gör göz qabağındadır.
***

AnaXeber.Az yazır ki, 26 sentyabra qədər hakim komanda üzvlərindən kimsə referuma etiraz etməmişdi. Vahid komandaşəklində oynamaq qaydalarını pozanların bədəli ağır olur. Yalnız deputat Qüdrət Həsənquliyev Naxçıvan qruplaşmasının mesajını çatdırmışdı.
Deputat publikaya namizədlərin adlarını açıqlayarkən köhnə klanın bir neçə fiqurunu ön plana çıxarmışdı.

Amma prezident Naxçıvan qruplaşmasından heç kəsi hələ ki yuxarı vəzifələrə təyin etmir. Əksinə, onları göylərdən yerlərə salır:
Vahid Əliyev, Vahid Axundov, Məhərrəm Əliyev, Fatma Abdullazadə, Kama Abdulla (sonuncu istisna bir həvəsləndirici təyinat alıb) siyasi iqtidardan uzaqlaşdırıldı. Deməli, ardı var...
***
Bu siyasətin ardı ondan ibarətdir ki, prezident və I vitse-prezident naxçıvanlılarla işləmək istəmir. Əgər belə olmasaydı, ən azı qruplaşmanın ən islahatçı imici qazanmış bir üzvünü yuxarı posta təyin edərdilər.

Amma “yarpaq tökümü” bu düşərgədən başlanıb və payız gəlməmiş bir-bir ələnirlər. Özü də elə azalırlar ki, birləşib 2018 revanşı götürməyə heyləri qalmasın.
O nöqteyi-nəzərdən 26 sentyabr referendumu hər nə qədər qaykaları bərkitmək, totalitar sistemə keçidə doğru addım kimi qiymətləndirilsə də, müxalifətə, tənqidçi mediaya və xalqa deyil, ən çox mehdiyevçi qüvvələr əleyhinə olan layihə idi.

Siyasi iqtidarların taleyində əl dəyişməsi isə bəzən saray içində inqilab və ya çevriliş, bəzən yeni müxalifətin yaranması ilə müşayiət olunur.
Azərbaycanda bunun baş verəcəyi inandırıcı deyil. Çünki prezident İlham Əliyevin indiki xarici siyasəti hakimiyyətdə qalmaq təminatıdır. 2025-ci ilə qədər beynəlxalq güclərin siyasi zəmanət verdiyini görməmək mümkün deyil.
***

AnaXeber.Az yazır ki, Beləliklə, bizim üçün yeni bir dövr başlanıb: hakimiyyətdaxili çəkişmələrdə bir tərəf qalib çıxaraq idarəçiliyi ələ alır, məğlub tərəf isə ən yaxşı namizədlərini transfer etməyi çıxış yolu görür. Çünki Naxçıvan qruplaşması siyasi səhnədən getməkdədir - bir referendumla...
Yeni islahatçı qanadın media və müxalifətlə bağlı planlarının nədən ibarət olduğu bilinmir. Daşların yeri təzə dəyişib və isti-isti proseslər soyuq ağılla təhlil etmək tələskənlik olardı.
Ancaq açıq şəkildə son təyinatlarla Ramiz Mehdiyevin mövqelərinin zəiflədilməsi prosesi gedir. Yaxın zamanlarda ordu rəhbərliyində də dəyişiklik ola bilər.
Hətta bundan sonra ailə hakimiyyəti güc strukturlarında da möhkəmlənəcək. Bu qədər qarışıq vəziyyətdə hələ gedib 2018-ci ilə çatmaq lazımdır.
Bundan əvvəl heç vaxt hətta JEK müdiri də işləməmiş Ramin Quluzadəni rabitə naziri təyin etmişdilər. Sonra ləğv edilən Nəqliyyat Nazirliyini də ona təslim etdilər.
Heydər Əliyev Fondunun işçisi olmuş Ramin Quluzadə bu hakimiyyətdə Əli Abbasov və Ziya Məmmədov kimi oliqarxları əvəz etdi.

***

Bir az da keçmişə baxsaq, Misir Mərdanovu əvəz edən Mikayıl Cabbarov da Bakı klanının kadrı sayılırdı. Bank, sığorta, rabitə və digər gəlirli biznes sahələrinin də tədricən Bakı klanının nəzarətinə keçdiyi məlumdur.
İstiqamət bəlli: ötən il keçirilən referendum və konstitusiyanın dəyişdirilməsi də daxil olmaqla, bütün önəmli qərarlarla başqa klanlara dirsək göstərilir.
Prezident ətrafını sarmış oliqarxlara güvənmir. Fərhad Əliyevin, Cahangir Hacıyevin, Əli Abbasovun, Eldar Mahmudovun, Ziya Məmmədovun və başqalarının xəyanətləri ilə üzləşib.
Ona görə də hakimiyyət sədaqətli komandanın formalaşmasının keçid dövrünü yaşayır. Bu mərhələdə çox başların gedəcəyi şək-şübhə doğurmur. Onlar İ.Əliyev iqtidarna zərər vermiş məmurlar olublar. Referendum isə onların vida mərasimi idi.
Köhnə qvardiyaya çoxdan hakimiyyətdən “gediş qatarına bilet” alınıb və dönüşü yoxdur. Referendum isə bitməyib, sandığın ağzı açılıb, sirlər çözülür, dəyişikliklər hələ də davam edəcək. Biz isə izləmək və naliz etmək qalır..
AnaXeber.Az
T.T
Tarix: 5-06-2017, 11:24
Xəbəri paylaş





Xəbər lenti