“Hakimiyyət daxilində Rusiyanın “5-ci kolon"unu müdafiə edənlər var" - İqbal Ağazadə

“Hakimiyyət daxilində Rusiyanın “5-ci kolon"unu müdafiə edənlər var" - İqbal Ağazadə “Onlar ictimai kampaniya təşkil etsələr ki, Avrasiya İttifaqına daxil olaq, Rusiya bunu dərhal dəstəkləyəcək”


Son zamanlar Azərbaycanda “5-ci kolon”un fəallaşması ilə bağlı məsələlər geniş müzakirə obyektinə çevrilib. Hamıya məlumdur ki, üç il öncədən başlayaraq, bəzi QHT rəhbərləri, siyasətçilər səviyyəsində şəxslərin həbsi ilə Qərbə yaxın olan qüvvələr tamamilə sıradan çıxarıldı. Amma bundan fərqli olaraq, Rusiyaya yaxın olan “5-ci kolon” üzvlərinə təzyiqlər olmur, hətta onlar yüksək postlarda təmsil olunurlar.


Siyasi şərhçilər hesab edirlər ki, Rusiya bizim üçün daha təhlükəli dövlət olduğundan Azərbaycandakı “5-ci kolon”la bağlı ehtiyatlı siyasət yürüdülür və bunu da haradasa başa düşmək olar.


Ümid Partiyasının sədri İqbal Ağazadə qərbmeylli “5-ci kolon” anlayışını qəbul etmir: “Meyllilik dəyər seçimidir, ”5-ci kolon" anlayışı deyil. Məsələn, bu gün “5-ci ci kolon” üzvü dedikləriniz desələr ki, Azərbaycanı Avropa Birliyinin üzvü edək, yaxud birliklə güzəştli şərtlərlə müqavilələr imzalayaq, o zaman qarşımıza dəyərlərlə bağlı şərtlər qoyulacaq, yəni bizi Avropa Birliyinə almayacaqlar. Azərbaycanda həqiqətən Rusiyanın “5-ci kolon”u var. Onlar ictimai kampaniya təşkil etsələr ki, Avrasiya İttifaqına daxil olaq, Rusiya bunu dərhal dəstəkləyəcək. Onların fərqi bundadır. Biri dəyərlər, digəri Rusiyanın hegemonluğu, regionda qalması uğrunda mübarizə aparır. Təəssüf ki, dəyərlər uğrunda mübarizə aparanları hökumət sıxışdırır, amma Azərbaycanın suverenliyinə qəsd etməyə hər an hazır olanların qarşısında susur. Buna Rusiya ilə münasibətləri kəskinləşdirməmək adını verirlər. Rusiyanın “5-ci kolon”una bu qədər şərait yaratmaq, hətta onlara hökumət daxilindən dəstək verilməsi müstəqilliyimizin gələcəyi üçün xoş heç nə vəd etmir. Rusiya “5-ci kolon”u etnik zəmində, eləcə də Dağlıq Qarabağla bağlı məsələlərdə istifadə edir. Daxildəki sabitliyi pozmaq üçün də bundan yararlanır. Bu sualların cavabı daha çox hakimiyyət nümayəndələrinə ünvanlanmalıdır ki, nədən bu tipli məsələlərdə hər zaman susqunluğa yol verirlər. Başa düşürəm, Rusiyanın pəncəsi ağır ola bilər. Lakin “5-ci kolon” üzvlərinin fəaliyyətinə elə bir qadağa qoyulmalıdır ki, əl-qol aça bilməsinlər. Amma bunların olmaması onu deməyə əsas verir ki, hakimiyyət daxilində Rusiyanın “5-ci kolon”unu müdafiə edən, onlara dəstək verən yüksək çinli məmurlar var".




Politoloq Elçin Mirzəbəyli bu cür şəxslərin dövlət maraqlarına zidd fəaliyyət göstərdiklərini qeyd etdi: ““5-ci kolon”un rus, yaxud qərbyönümlü olmasının heç bir fərqi yoxdur. Hər ikisi Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərir, ölkənin “immun sistemini” məhv etməyə, müqavimət gücünü sıradan çıxartmağa çalışırlar. Digər tərəfdən, təkcə qərbmeyilli “5-ci kolon”un sıradan çıxarıldığını düşünmürəm. Milli Şura yaradılanda biz qərbyönümlülərin necə qısa bir zaman ərzində rusyönümlü olduqlarının, hətta Rusiya prezidentini dünyada “demokratiya və hüququn aliliyinin təminatçısı” kimi vəsf edərək ona müraciət ünvanladıqlarının da şahidi olduq. Hesab edirəm ki, son zamanlar Gürcüstan üzərindən ötürülən vəsaitləri Azərbaycana daşıyanların hesabına təkcə dollar və avro deyil, həm də rus rublunun köçürüldüyü də nəzərdən qaçırılmamalıdır. Başqa bir nümunə gətirim: TAP layihəsinə və təbii ki Azərbaycanın maraqlarına qarşı ən amansız mübarizə aparan qüvvələrdən biri İtaliya parlamentində 20 faiz yerlə təmsil olunan “Five star” (Beş ulduz) blokudur. “No TAP” kampaniyası da məhz bu blok tərəfindən maliyyələşdirilir. İtaliya mətbuatı bu blokun Rusiyadan, “Qazprom” şirkətindən ciddi maliyyə dəstəyi aldığını sübuta yetirən təkzibolunmaz faktlar ortaya qoyub. Göründüyü kimi, görüntüdə “Five star” Qərb təşkilatıdır, amma reallıqda Rusiyanın maraqlarını ifadə edir. Belə nümunələrin sayını artırmaq da olar. Rusiyameyilli qüvvələr hər yerdə var, o cümlədən mətbuatda da... Unutmaq lazım deyil ki, biz 70 il Rusiya ilə eyni çətirin altında yaşamışıq, daha doğrusu, sosializmin qırmızı rənginə boyadılmış rus çətirinin altında. O çətirin altında özünü daha rahat hiss edənlər, istiqlalın dəyərini anlamayan, müstəqilliyin mahiyyətini başa düşməyənlər kifayət qədərdir. Amma ölkənin ali siyasi rəhbərliyi Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində əzmkar mövqeyini hər zaman açıq şəkildə sərgiləyib və bundan sonra da belə olacaq. Azərbaycan xalqının da cüzi istisnalar olmaq şərtilə, müstəqil Azərbaycan dövlətçiliyinin yanında olduğuna əminəm. O ki qaldı imperiyanın tör-töküntülərinə, onlar ölkəmizi inkişafa aparan, müstəqil dövlətçiliyimizi daha da möhkəmləndirən qərarların icrasını, islahatların həyata keçirilməsini bacardıqları qədər ləngitməyə, milli intellektual qüvvələrin yolunu kəsməyə cəhd göstərə bilərlər, amma buna nail ola bilməzlər. Müstəqilliyimizin yenidən bərpa olunmasından 25 ildən artıq zaman keçir. İndi ayaq üstə güclü, qürurlu, xarakterli Azərbaycan var.


Cavanşir ABBASLI
Tarix: 6-06-2017, 09:18
Xəbəri paylaş





Xəbər lenti