Hökumət yeni komanda yaradır: Vitse-prezidentlərin təyinatı yaxın günlərdə reallaşacaq

Hökumət yeni komanda yaradır: Vitse-prezidentlərin təyinatı yaxın günlərdə reallaşacaq Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasında ciddi dəyişiklik edildi. Artıq administrasiya yeni strukturla fəaliyyətə başlayıb.

“Cümhuriyət” qəzeti xəbər verir ki, struktur dəyişikliyinə əsasən, I vitse-prezidentin xidməti formalaşdırılıb və prezidentin köməkçilərinin sayı 10-a çatdırılıb. Dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi isə ləğv olunub, administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb.

Struktur dəyişikliyi nəticəsində bəzi məmurlar vəzifələrini itiriblər. Bundan əlavə yeni postlar və yeni vəzifələrlə bağlı təyinatlar olub. Həmçinin administrasiyada İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifələri ləğv edilib. İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələlik boş saxlanılıb.

Yeni vitse-prezidentlər

Uzun müddət gözlənilən struktur islahatlarına bir neçə gün əvvəl start verilməsi prosesin davam edəcəyini göstərir. İslahatlar növbəti mərhələlərdə Nazirlər Kabineti və icra hakimiyyətləri ilə yanaşı digər sektorlarda davam etdiriləcək. Növbəti mərhələdə yeni vitse-prezidentlərin təyinatı baş tutacaq. Prezidentin sərəncamıyla I vitse-prezidentin xidmətinin artıq formalaşdırıldığını nəzərə alsaq, yaxın günlərdə boş qalmış digər postlara təyinatların olacağı və strukturların formalaşdırılacağının şahidi ola bilərik.
Gələn məlumatlara görə, digər postlara hansı adamların təyinatı nəzəri olaraq araşdırılır və dövlət başçısının ona təklif olunmuş digər namizədləri də nəzərdən keçirdiyi ehtimal olunur.

Şərt nədir?

Gözlənilirdi ki, keçən il baş tutmuş referendumun (Konstitusiya dəyişikliyini nəzərdə tuturdu) nəticələrinin təsdiq olunmasından keçən 6 ay ərzində (aprel) bütün postlara təyinatlar gerçəkləşəcək. Amma vaxt məsələsində gecikmə oldu. Gecikmənin səbəbilərindən biri postlar uğrunda hakimiyyət daxilində müxtəlif qruplaşmalar arasında mübahisə olsa da, digər səbəb əsas namizədlərin müəyynələşdirilməsidir.

Vitse-prezident postlarında əyləşən şəxslərə Konstitusiya əlahiddə status verir, bu baxımdan da mübahisələrin olacağı qaçılmaz idi. Ehtimal oluna bilər ki, yerlərə daha çox siyasi komandanın köhnə üzvləri iddia ediblər. Amma bu iddialar referenduma çıxarılmış məsələlər və dövlət başçısının yeni “Yol xəritəsi”nə tam uyğun olmadığından yeni postlarda daha gənc və işlək namizədlərə üstünlük veriləcəyini deyə bilərik. Ona görə də vitse-prezidentlik institutu ilə bağlı da yeniləşmə siyasəti aparılması ehtimalı böyükdür. Təyinatların indiyə qədər gerçəkləşməməsinin əsas səbəblərindən biri də budur.

Mənsur
Tarix: 6-06-2017, 21:35
Xəbəri paylaş





Xəbər lenti