Arvadı erməni olan məmurlar... - Siyavuş Novruzov

Arvadı erməni olan məmurlar... - Siyavuş Novruzov YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun müsahibəsini təqdim edirik:

- Siyavuş bəy, deputat həmkarınız Qüdrət Həsənquliyevin Rusiya təhlükəsi ilə bağlı dediklərinə münasibətiniz necədir? Partiyada bu mövzuda müzakirələr aparılırmı?

- Qeyd etmək istərdim ki, “beşinci kolon” - hansı dövlətin olur-olsun - çox təhlükəli bir məsələdir. İstər dövlət strukturunda, istər orduda, istərsə, ictimai-siyasi həyatda olsun. Adətən siyasi partiyalarda, QHT-lərdə, mətbuat orqanlarında da olur. Yəni həddindən artıq təhlükəli bir məsələdir. Biz də eyni məkandan çıxmışıq. Bir sovet məkanı var ki, hələ də keçmiş əlaqələr, ilişkilər qalmaqda davam edir. Mən hesab edirəm ki, indi burada tək Rusiyanı nəzərdə tutmaq olmaz. Ümumiyyətlə, Azərbaycanda marağı olan dövlətlər çalışırlar ki, burada hər hansı şəkildə, dolayısı ilə öz maraqlarını gizli və ya aşkar şəkildə müdafiə edən qurum, təşkilat, struktur, şəxs, məmur və s. olsun. Bu, qaçılmazdır, müasir dünyanın reallığıdır. Biz tarixə nəzər salsaq, görərik ki, vaxtilə Hindistandan başlamış, bu tərəfə bu məsələlər həmişə onların daxilində olub. Yəni ingilismeyllilik, yaxud sonradan bəzi ölkələrdə amerikameyllilik, digərlərində avropameyllilik hökm sürüb. O cümlədən postsovet məkanında da bu məsələlər öz əksini tapıb. Sovet birliyi dağıldıqdan sonra Rusiya onun varisi kimi çıxış edir. Bu gün də biz dünyada baş verən hadisələrə nəzər salanda görürük ki, hər bir ölkə onun digər ölkələrdə müdafiəçilərinin olmasını istəyir. O baxımdan bu, günümüzün reallığıdır. Amma buna qarşı dövlətlər ciddi şəkildə mübarizə aparmalıdır. Çünki dediyim kimi, bu, çox təhlükəli bir məsələdir.

- Bundan əvvəl Qüdrət Həsənquliyev Rusiyanın hərbi təhsil müəssisələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmaların aparılması barədə çağırış etmişdi...

- Xüsusilə Ermənistanla müharibə aparan Azərbaycan üçün bu, çox ciddi bir məsələdir. Təbii ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, vahid Gömrük İttifaqına qoşulub, Rusiyanın ən yaxın müttəfiqi, forpostudur. Bu mənada ordunun tərkibində belə insanlar mövcuddursa, bu, aşkarlanmalıdır. Çünki həm ordunun özündə, həm digər rəsmi təhlükəsizlik nəzarət idarələri fəaliyyət göstərir ki, bunlar da bu cür şəxslərin aşkarlanıb üzə çıxarılması və onların verəcəyi ziyanların qarşısının alınması üçündür. Hesab edirəm ki, bu gün onların funksiyası daha geniş olmalıdır. Digər tərəfdən, bizi əhatə edən başqa dövlətlər də var ki, onların da bu və ya digər şəkildə Azərbaycanda maraqları var, ayrı-ayrı strukturlarda özlərinin şəbəkələrini yaratmağa çalışırlar, yaxud da artıq yaradıblar.

- Hesab olunur ki, 2018-ci il prezident seçkiləri ərəfəsində təzyiqlər daha da artacaq. Azərbaycan hakimiyyəti belə təhlükəli şəxslərin zərərsizləşdirilməsini hansı şəkildə həyata keçirə bilər? Müəyyən strukturlardakı təmizləmələr necə həyata keçirilməlidir?

- Burada əsas məsələ kimi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyata alınmaması məsələsi qoyulub. Yəni burada obyektiv və subyektiv səbəblər var. Rusiyada müəyyən qüvvələr var ki, Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına cəhd göstərir və addımlar atır. Təbii ki, bunun arxasında erməni lobbisi, ermənilərlə əlbir olanlar, arvadı, anası erməni olan məmurlar dayanır. Bu gün Azərbaycanda da özünü “azərbaycanlı” adlandıran insanlar var ki, münasibətlərin korlanmasına cəhd göstərirlər. Azərbaycan müstəqil siyasət yeridən bir ölkədir və Azərbaycanda cənab prezidentin apardığı siyasət sırf Azərbaycan xalqının maraqlarının müdafiəsi ilə bağlıdır. Ona görə də belə hallar baş verdikdə, onu dövlətlərarası deyil, hər hansı qurumlar və yaxud fərdlər arasında baş verən hadisə kimi qiymətləndirmək lazımdır. Həmçinin buna maneçilik törədən, yaxud münasibətlərin korlanmasına xidmət göstərən şəxslər üzə çıxarılmalı - istər dövlət məmuru, istər hərbçi, istər təhlükəsizlik strukturunun nümayəndəsi, istər Milli Məclisin deputatı olsun, yaxud QHT, siyasi partiya üzvü olsun - ifşa olunmalı və qanunun tələbinə uyğun şəkildə cəzalandırılmalıdır. Təbii ki, hər tərəfdən münasibətləri korlamağa cəhd göstərən qüvvələr var. Bilirsiniz ki, Azərbaycan heç bir koalisiyada iştirak etmir, müstəqil siyasət yürüdür və bloklara qoşulmur, hər bir dövlətlə də bərabərhüquqlu şəkildə münasibətlər qurur. O baxımdan da bunu gözü götürməyən dövlətlər var və istəyirlər ki, Azərbaycan onların diktəsi ilə otursun-dursun, yaxud da hansı tapşırıq verilsə, yerinə yetirsin. Təbii ki, bu da Azərbaycan üçün məqbul deyil. İkinci tərəfdə Azərbaycanın kifayət qədər təbii sərvətləri var, bu sərvətlərin daşınmasının yolları var. Bir dövlət bunu istəyir, digəri istəmir. Biri deyir bu ərazidən keçməlidir, başqa biri deyir, yox, bu ərazidən keçməlidir. Azərbaycan üçün hansı sərfəlidirsə, məhz ona üstünlük verir. Düşünmür ki, bu ərazidən keçsə, filan dövlətin xoşuna gələcək. O baxımdan, təpkilər olacaq. Seçkilər ərəfəsində də bu, xüsusi əhəmiyyət kəsb edir. Çünki gərgin ictimai-siyasi dövr olur. Bu baxımdan da həmin gərgin ictimai-siyasi vəziyyət ərəfəsində hər bir dövlət çalışır ki, özünün vacibliyini və özünün təsir mexanizminin necə həyata keçirilməsini göstərsin.

“Nazirlər Kabineti əgər ləğv olunacaqsa...”

- Prezident Administrasiyasındakı struktur islahatları, prezident sərəncamları ilə yeni təyinatların olması barədə yanaşmalardan biri budur ki, 2018-ci il prezident seçkilərinə hazırlıq prosesi başlayıb. Belə yanaşmalar barədə nə deyə bilərsiniz?


- Ümumilikdə biz keçən il Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi haqqında qərar verəndə bu məsələlərin bir hissəsi insan hüquq və azadlıqlarına, digər hissəsi isə Azərbaycanda dövlət strukturunun təkmilləşdirilməsinə aid idi. Odur ki, dövlət strukturunun təkmilləşdirilməsinə ehtiyac var idi. Onu da deyim ki, struktur islahatları davam etdiriləcək, tək administrasiya ilə bitməyəcək, digər sahələrdə də biz bunun şahidi olacağıq. Təbii ki, bütün bu səlahiyyətlər cənab prezidentə aiddir, cənab prezident tərəfindən həyata keçirilir. Hər bir şey təcrübədə görünür. Artıq çevikliyin təmin olunması, həm iqtisadiyyatda, həm sosial sahədə, həm kənd təsərrüfatında həyata keçirilməsi üçün yeni strukturlara ehtiyac var idi. Bəzi strukturlarda təkmilləşmə işi aparılmalı idi, bəzilərində yenə də bu işlərin aparılması zərurəti var. Bunların hamısı təbii ki, dövlətin inkişafı ilə, dünyada baş verən hadisələrlə, o cümlədən Azərbaycanın həyatında, iqtisadi islahatlarda və digər sahələrdəki irəliləyişlərlə əlaqədar olan məsələlərdir.

- Bəs seçkilərlə nə dərəcədə əlaqədardır?

- Təbii ki, hər bir struktur islahatının qarşısında bir məqsəd var və biz daha təkmil formada 2018-ci il seçkilərinə gedirik.

- Yəqin ki, bir az sonra seçkilərdə hakim partiyanın namizədinin kimliyi ilə bağlı ənənəvi sual aktuallaşacaq. İndidən bu suala cavabınız varmı?

- Bu məsələ YAP-da müzakirə olunmayıb, bu, partiyanın rəhbər strukturunun, qurultayının qərarından asılıdır.

- Administrasiyadakı struktur islahatlarından sonra bəzi şəxslərin adının siyahıda əksini tapmaması onların “vurulması” kimi anlaşılsa da, çox keçmədi ki, həmin şəxslərlə bağlı da prezident sərəncamı oldu. Eyni zamanda yeni, gənc kadrların da təyinatı oldu. Hər halda, maraqlı proses gedir, görünən budur ki, gənc kadrlarla yanaşı, zamanında xidmətləri olmuş şəxslər kənarda saxlanılmır, onlar komandada yer almaqda davam edirlər...

- Bu, bizim ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bir siyasətdir. Həm partiyada, həm dövlət strukturlarında varislik prinsipi öz əhəmiyyətini və düzgünlüyünü göstərir. Yəni müxtəlif nəsillərin fəaliyyətinin vəhdəti... O baxımdan da həm gənclər təyin olunur, həm yaşlı nəslin nümayəndələri öz iş təcrübəsi, bacarığı ilə əlaqədar dövlətin gələcək inkişafında öz xidmətlərini göstərir, həm orta nəslin nümayəndələri fəaliyyətdədirlər. Hər bir şəxsin xidmətləri nəzərə alınır və bu xidmətlər də vacib olan şərtlərdəndir. İnsan xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edirsə, təbii ki, struktur da dəyişə, islahat da gedə bilər, lakin o insanın potensialından, savadından, biliyindən dövlətimiz istifadə edəcək. Bu cür insanlar var və hər bir təyinatda bunun şahidi oluruq.

Həmçinin yeni nəsil də gəlməlidir. Artıq onlar da öyrənməlidir, təcrübələrini artırmalıdır. Yavaş-yavaş, pillə-pillə, təkamül yolu ilə gəlməlidirlər. Bizi əhatə edən qonşu dövlətlər var ki, orada təkamül yolu ilə yox, inqilabi yolla bu addımları atırdılar və nəticə etibarilə 20 il geriyə düşdülər. Azərbaycanda isə bu, təkamül yolu ilə həyata keçirilir. Dediyim kimi, xidməti olan insanlar da öz qiymətini alıb, bundan sonra da alacaqlar.

- Uzun müddət ərzində vəzifə tutmuş insanlar daxildə komandadakı gəncləşməyə görə narazılıqlarını büruzə verirlərmi?

- Bu, təbii bir prosesdir, olmalıdır, getməlidir. Heç nə əbədi deyil. O baxımdan da gərək bunu dərk edəsən, atılan addımları da qiymətləndirib öz kömək və bacarığını, qalan potensialını sərf edəsən. Hər kəs bu həqiqəti dərk edir. Vəzifəyə təyin olunanda yaxşı idi, uzaqlaşanda pisdir? Hər məsələdə qayda-qanun var. Hər bir insan bu gün vəzifəyə təyin olunanda sabah azad oluna biləcəyini də düşünməlidir.

- Siyavuş bəy, Nazirlər Kabinetinin ləğvi, yaxud bu qurumda ciddi islahatların aparılacağı ilə bağlı fikirlər var. Sizdəki məlumat, yaxud gözlənti nədən ibarətdir?

- Nazirlər Kabineti konstitusion strukturdur və əgər o ləğv olunacaqsa, bunun üçün referendum keçirilməlidir. Keçən il də referendum keçirildi, o struktur qaldı və fəaliyyətini davam etdirir. Nazirlər Kabinetinin tərkibində hər hansı bir struktur islahatı ola bilər, bu da cənab prezidentin səlahiyyətlərinə daxildir. Qalan halda hələlik bu qurumun ləğvi ilə bağlı heç bir referendum qərarı yoxdur.

- Bəzi müşahidəçilər hesab edir ki, prezident özünə yeni köməkçilər təyin edibsə və bu instituta xüsusi önəm veribsə, o halda Nazirlər Kabinetinə zərurət olmaya bilər...

- Hər kəsin özünün yanaşması var. Ən düzgün yolu cənab prezident bilir. (Musavat.com)

Siam.az
Tarix: 7-06-2017, 21:05
Xəbəri paylaş





Xəbər lenti