Üç icra başçısı işdən çıxarılır - Təfsilat

Üç icra başçısı işdən çıxarılır - Təfsilat Ölkənin bəzi rayonlarında icra hakimlərinin dəyişməsinə hazırlıq gedir. Bu dəfə dəyişiklik Samux, Laçın və Ağcabədi icra başçılarını əhatə edəcək

Ulus.Az-a verilən məlumatda iddia olunur ki, hər üç rayonun icra başçlarının əvəzlənməsi nəzərdə tutulur.

Gəncəbasar bölgəsində inkişafın tormozlandığı bölgə Samuxdur. Bu regionda sosial-iqtisadi tərəqqidən söhbət gedə bilməz: işsizlik, yoxsulluq, məmur biganəliyi, icra hakimiyyətinin diqqətsizliyi, vətəndaşların müraciətlərinə baxılmaması və s. hallar baş alıb gedir.

Bakının Binəqədi rayonunu viran qoyub gedən icra başçısı Alı Qocayevdir. A.Qocayev Binəqədini nə günə qoyubsa, Samuxu ondan da beş betər edib.

Ona görə də rayonda nə bir abadlıq işləri həyata keçirilib, nə iş yerləri açılıb, nə də qeyri-neft sektorunun inkişafına dair layihələr reallaşıb. Sanki, prezidentin öylədikləri, islahatlarla bağlı icra başçılarına verdiyi göstərişlər A.Qocayevə şamil olunmayıb.

Əldə etdiyimiz məlumatlarda deyilir ki, rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları rayon sakinlərinin canını boğazına yığıb.

Şikayətçilər qeyd edirlər ki, Alı Qocayevin himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olurlar.

Ulus.Az-a verilən məlumatda iddia olunur ki, Laçın icra başçısı Aqil Nəzərli də məcburi köçkünləri çərlədib.

Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkünlər etiraz aksiyası keçirməyə hazırlaşırlar

Qəsəbə sakinlərinin sözlərinə görə, buna səbəb Laçın rayonunun icra başçısı Aqil Nəzərlinin əhaliyə qarşı laqeyd münasibətidir.

Belə ki, qəsəbə sakinlərindən bəziləri su pulunu ödəmədiyi üçün rayonun icra başçısı Aqil Nəzərli qeyri-adi bir qərar verərək bütün qəsəbənin suyunun kəsilməsini əmr edib. Nəticədə su pulunu vaxtı-vaxtında ödəyən sakinlər də susuz qalıblar.

Sakinlərin sözlərinə görə, isti yay günündə susuz qalan əhali qəsəbədə olan yeganə artezian quyusundan su götürməyə məcbur olub. Lakin 552 ailənin bir bulaqdan su götürməsi artezian quyusunun başında uzun növbə yaranmasına səbəb olub.

Göründüyü kimi, prezidentin həyata keçirdiyi islahatlarla ayaqlaşa bilməyən və əhalini incidən məmurların vəzifəsindən uzaqlaşdırılması prosesi başlanıb.

Ulus.Az-a verilən məlumatda iddia olunur ki, Ağcabədi icra başçısı Şahin Məmmədov da Samux və Laçın rayonlarındakı həmkarlarından geri qalmır.

Bir müddət əvvəl Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin icra başçılarını toplayıb keçirdiyi müşavirə buna səbəb olub.

PA rəhbərinin iclasında Ş.Məmmədova xəbərdarlıq edilib. PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib.

R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Mediada gedən məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib.

Əldə etdiyimiz xəbərə görə, Ağcabədi icra başçısı həmin toplantıdan sonra vəzifəsi ilə vidalaşa bilər. İddialara görə, Ş.Məmmədov haqda müxtəlif şikayət və kompromatlar PA-ya göndərilib.

Üstəgəl, onun rayondakı talançılığı, büdcə pullarını mənimsəməsi, biznes şəbəkəsi qovluğa tikilib. İcra başçısının dotasiyasının da kəsildiyi deyilir. Mənbə iddia edir ki, Ağcabədiyə yeni rayon rəhəri təyin olunacağı gözlənilir.
Tarix: 9-06-2017, 10:13
Xəbəri paylaş





Xəbər lenti