Nalbandyana növbəti sərt şillə - TƏHLİL
Ermənistanın işğalçı, beynəlxalq hüquqa zidd çirkin siyasəti öz mənfi fəsadlarını göstərməkdədir. Hərbi xunta işğalçı siyasətinə hüquqi don geyindirməyə nə qədər cəhd göstərsə də, istəyinə çata bilmir. Əvvəlcə illər uzunu qondarma soyqırımı siyasətini tanıtmaq üçün çalışsa da, bu planı baş tutmadı. Qondarma soyqırımının 100 illiyində əksər fövqəldövlət onun əsassız iddialarını qəbul etmədi. Artıq daha çox ölkə, siyasilər və ən əsası, media onun bu çirkin addımlarına layiqli cavab verirlər. Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı analoji vəziyyətdir. İşğalçı dövlətin siyasətinə artıq hər yerdə layiqli cavab verilir. Bu dəfə isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Romada növbəti fiasko ilə üzləşib. İtaliyalı həmkarı Anqelino Alfano ilə görüşdükdən sonra birgə mətbuat konfransında Nalbandyan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib. "marmaragazetesi.com” saytının yaydığı məlumata görə, jurnalistin "işğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız” sualı qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir jurnalistə əsəbiləşib: "Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”. Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupunun tövsiyələrini dinlədiklərini deyib. Nazir utanmadan Azərbaycanın Minsk qrupu həmsədrlərinin təkliflərini nəzərə almadığını iddia edib.
Yeri gəlmişkən, erməni nazir birinci dəfə deyil ki, biabırçı vəziyyətlə üzləşir. Sonuncu dəfə onu belə biabırçı duruma Almaniyanın "Deutsche Welle” xəbər agentliyinin əməkdaşı salıb. Müsahibədə açıqlanan fikirlər uzun müddət müzakirə mövzusu olmuş, hətta müxalifət bunu erməni diplomatiyasının məğlubiyyəti kimi qələmə vermişdi. Məsələn, nazir açıq şəkildə etiraf etmişdi ki, ölkəsi forpost və müstəqil siyasət yürüdə bilməyən bir qurumdur. Alman nəşrinə müsahibəsi zamanı jurnalist Ermənistanın Rusiyanın forpostu olduğunu, Moskvanın icazəsi olmadan heç bir addım ata bilmədiyini, ölkənin müstəqilliyinin formal olduğunu bu və ya digər şəkildə onun diqqətinə çatdırıb. E.Nalbandyan da cavabında Ermənistanın Rusiyadan heç bir asılılığı olmadığını iddia etsə də, istənilən halda Avropa İttifaqı ilə saziş istiqamətində atılacaq addımların Rusiya ilə razılaşdırılacağını bildirib. Sonra isə nazirlə jurnalist arasında qalmaqal yaranıb. Müsahibəni götürən jurnalistin Ermənistanın müstəqil siyasət yürütməsi fikrinə inamsızlığı isə Nalbandyanı hiddətləndirmişdi. Hətta o, jurnalisti nəzakətsizlikdə də ittiham etmişdi. Daha sonra erməni xarici siyasət idarəsinin rəhbəri etiraf etməyə məcbur olmuşdu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli eyni zamanda ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Jurnalistin "Hansı ölkənin ərazi bütövlüyünü nəzərdə tutursunuz” əsaslı sualından isə nazir yayınmağa çalışmışdı.
Bir faktı da qeyd etmək yerinə düşər ki, Ermənistanın təkcə xarici işlər naziri deyil, onun prezidenti Serj Sarkisyan da dəfələrlə belə rəzil duruma düşüb. Dəfələrlə nazirinə ünvanlanan sual ona da verilsə də, prezident cavab tapa bilməyib. Sonuncu dəfə isə onu belə duruma Azərbaycan prezidenti İlham Əliyev salıb. Belə ki, Serj Sarkisyanın MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında Azərbaycanla bağlı etdiyi və hansısa arqumentə söykənməyən çıxışı hələ də yaddaşlardan silinməyib. Azərbaycan prezidenti açıq şəkildə bir daha diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bütün bunların fonunda Sarkisyanın hansısa cavab verməyə iqtidarı olmayıb və bunun üçün heç ona şərait də yaradılmayıb. Çıxılmaz vəziyyətə düşən Sarkisyan susmaq məcburiyyətində qalıb. Serj Sarkisyanın bu şəkildə susdurulması isə erməni ictimaiyyətində böyük əks-səda doğurmuş, sosial şəbəkələrdə, KİV-də "Ermənistana növbəti zərbə” kimi dəyərləndirilmişdi. S.Sarkisyanın fərsizliyi, bacarıqsızlığı həm lağa qoyulmuş, həm də kəskin tənqid edilmişdi. "Bizim prezident niyə həmişə Azərbaycan prezidentinin qarşısından qaçır”, "S.Sarkisyan niyə hər dəfə İlham Əliyev tərəfindən pərt edilir” kimi suallar facebook və tvitterdə yüzlərlə istifadəçi tərəfindən dəfələrlə paylaşılıb. Bu mövzu erməni mediasında da geniş müzakirə olunub.
Beləliklə, bütün bunlardan hansı nəticəyə gəlmək olar? Rəsmi Yerevan düşdüyü acınacaqlı vəziyyətdən xilas olmaq üçün xarici siyasətini yalan və məntiqsiz addımlar üzərində qurmağa çalışır. Heç bir tutarlı arqumenti olmadığından emosional məqamlara üstünlük verir, obyektiv sual ünvanlayan jurnalistləri təhqir etməyə başlayırlar. Erməni tərəfi anlamalıdır ki, yaranmış durumdan bir çıxış yolu var - qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmaq və beynəlxalq hüquqi şərtlərə əməl etmək. \\kaspi.az\\
Tarix: 9-06-2017, 10:49