Türkiyə borca sürüklənir: Kremldən ikibaşlı oyun
Elçin Mirzəbəyli: “Rusiyanın özünün də Türkiyəyə külli miqdarda borcu var”
Əli Orucov: “Rusiya S-400-ləri Türkiyəyə təmənnasız vermir”Bu ilin fevral ayında Türkiyənin müdafiə naziri Fikri İşık ölkəsinin Rusiyadan S-400 raketləri almaq istədiyini açıqlamışdı. Bu bəyanatdan sonra Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsi və hərbi tərəfdaş olmaları kifayət qədər müzakirə olundu. Rusiya tərəfi “Türkiyə yeni nəsil "S-400 Triumf" zenit-raket sistemlərinin satın alınması üçün Rusiya ilə danışıqlar aparır” deyə Fikri İşığın dediklərini dəstəkləmişdi. Sonradan məlum oldu ki, artıq Rusiya-Türkiyə arasında S-400 zenit-raketlərinin alınması haqqında razılıq əldə olunub.Hər iki tərəfin yaydığı məlumatlarda S-400-lərin alınması üçün yalnız maliyyə məsələlərinin müzakirəsinin davam etdiyi bildirilirdi.Bu günlərdə isə “Rostex”in Baş direktoru Sergey Çemezov bu məsələyə aydınlıq gətirib.
“Texniki məsələlərin müzakirəsi yekunlaşıb.Lakin sirf inzibati məsələlərin müzakirəsi tələb olunur.Məsələnin maliyyə tərəfinə gəlincə, Türkiyə hökuməti bizim Maliyyə Nazirliyi ilə danışıqlar aparır.Məbləğin bir hissəsini onlar özləri tapacaq, qalan hissəsini isə borc kimi alacaqlar”- deyə Çemezov TASS agentliyinə açıqlamasında bildirib.
Bu açıqlamadan sonra Türkiyənin Rusiyadan alacağı borc üzündən müəyyən asılılıq yaranacağı müzakirə məsələsinə çevrilib.Türkiyənin S-400-ləri borc şəklində alması Türkiyəni Rusiyadan hansısa mənada asılı sala bilərmi?
Politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında dövlətlər arasında bu cür münasibətlərin normal sayıldığını deyib: “Bunlar hərbi-sənaye kompleksləri, ticarət əlaqələri ilə bağlı olan məsələlərdir. Rusiyanın özünün də Türkiyəyə külli miqdarda borcu var. Borcların ödənilməsi də təbii ki, razılaşdırılan müddətlərlə bağlıdır.Türkiyə borc şəklində Rusiyadan silah alırsa, burada heç bir asılılıqdan söhbət gedə bilməz. Bu dövlətlər arasında hər an rast gəlinən hadisədir”.
Siyasi-şərhçi Əli Orucov da həmçinin bu məsələdə heç bir asılılıqdan söhbət getmədiyini deyib:“Rusiya S-400-ləri Türkiyəyə təmannasız vermir. Əksinə, borc şəklində verəndə onun faizləri hesablanır.Bu baxımdan da Türkiyənin Rusiyadan asılılığı və digər hansısa şərtlərin olması mümkün deyil.Əslində Rusiya bununla özünün idxal potensialını genişləndirir.Məsələn, NATO ölkəsinə özünün silahını satması Rusiyanın həm siyasi, həm də hərbi sahədə böyük uğurudur.Rusiyadan Türkiyəyə sadəcə olaraq silahın istifadə qaydalarını öyrətmək üçün Rusiyadan müəyyən hərbi təlimçilər gələ bilər.Ancaq bu kontingent də məhdud sayda olacaq.Amma bu NATO üçün mənfi imic formalaşdırır.Əgər NATO üzvü olan bir dövlət NATO-nun düşməni hesab olunan bir dövlətdən silah alırsa bu NATO-da ciddi problemlərin olduğundan xəbər verir.Rusiya da çalışır ki, NATO-da parçalanma yaratsın.Bu istiqamətdə də Türkiyə-Rusiya münasibətlərində, daha çox rəsmi Moskvanın maraqlarına cavab verir”.
Vilayət Muxtar
Tarix: 21-07-2017, 17:10