“Deyəsən, Rusiya Azərbaycana qarşı haqsızlıq etdiyini anlayıb...”- Siyasi analitik

“Deyəsən, Rusiya Azərbaycana qarşı haqsızlıq etdiyini anlayıb...”- Siyasi analitik “Son 25 ildə Azərbaycan xalqı Rusiyaya qarşı heç bir kütləvi mitinq keçirməyib, amma Ermənistan…”

Tanınmış siyasi analitik Tahir Cəfərli ilə Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Puinlə son Soçi görüşünün səbəb və nəticələrini təhlil etməyə çalışdıq.


-Tahir müəllim, sizdən Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə son Soçi görüşünün gerçək mahiyyətini öyrənmək istərdik. Nə üçün birdən heç kimin gözləmədiyi bir məqamda Rusiya Prezidenti Azərbaycan Prezidentini “işgüzar səfər” adıyla Soçiyə dəvət etdi?



- Otto Bismarkın məşhur deyimini yadınıza salın: siyasətdə təsadüfi heç nə yoxdur. Var səbəb və bu səbəbdən irəli gələn nəticə. Belə çıxır ki, baş verən bütün görüşlərin dəqiq motivasiyası var. Yalnız bu mövqedən yanaşsaq, düzgün nəticəyə gələ bilərik. Hətta bu görüşlərin nə ilə nəticələnə biləcəyini də konkret faktlarla təhlil etmək olar. Baş vermiş böyük hadisələr fonunda, yəni fövqəldövlətlərin qarşıdurması nəticəsində xırda dövlətlərin hansı vəziyyətə düşəcəyini anlamaq çətin olmur. Bu mənalarda Əliyev-Putin görüşünün də mahiyyəti müəyyən səbəblərdən irəli gəlir. Əsas səbəb kimi, Trampla Putinin görüşündən sonra Cənubi Qafqaz regionunda mövcud olan vəziyyətdir...

-Bu görüşün Tramp-Putin görüşünə nə dəxli vardır ki?

-İlk baxışdan əlaqəsiz görünsə də, gerçəklik bambaşqadır. Putinin Trampla Almaniyadakı görüşünün nəticələri, dərinə getsək, xoşagəlməzdir. Əslində ABŞ Rusiyaya olan düşmən münasibətini dəyişməyib və yeni sanksiyaların labüdlüyü göz qabağındadır. Sanksiyalar isə Rusiyanı gücdən salmaqdan ötrü ortaya atılan təzyiq vasitəsidir. İndiyədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yalnız Rusiyanı deyil, Türkiyə və bütün Avropanı da pis vəziyyətə saldı. Ancaq SSRİ dağılandan sonra Rusiya Avropa iqtisadiyyatına inteqrasiya olunduğundan sanksiyalar Rusiyadan çox Avropanı “vurdu”...

-Bəs ABŞ-ın Avropa ilə müttəfiqlik əlaqələri?



-Biz anlamalıyıq ki, siyasətdə dostluq ola bilməz, böyük dövlətlər öz siyasi maraqlarını həyata keçirtmək üçün ona rəqib olan dövləti sıradan çıxartmalıdır. Əks halqa rəqib ölkə onu yeyər. ABŞ-in isə bu saat ən güclü rəqibi Rusiya yox, Avropadır. Avropa Birliyinin dağıdılması ABŞ-ın strateji marağındadır. Böyük Britaniyanın AB-dən çıxması birbaşa ABŞ-la bağlıdır...

-ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının Azərbaycana nə dəxli?

-İlk baxışda belədir. Sanksiyaya uğramış Rusiya düşdüyü vəziyyətdən çıxmaq üçün konkret olaraq öz ətrafında keçmiş sovet respublikalarını toplamalıdır ki, vahid bir cəbhədən çıxış etsin. Rusiya iqtisadiyyatı büdrəməsin və keçmiş inteqrativ əlaqələri bərpa etməklə həm özü, həm də, müttəfiq respublikaları düşdükləri böhrandan çıxartsın. Bu, sadə məsələ deyil...

-Əvvəlki çıxışlarınızda qeyd etmişdiniz ki, Rusiya Qərbdən fərqli ilaraq qabaqlayıcı tədbirlərə əl atır...

-Bu həqiqətən belədir. Rusiya analitiklərinin metodlarını öyrənsək, görərik ki, rusların Qərbi qabaqlamasının səbəbi onların işlərini çoxşaxəli və düzgün alqoritmlər əsasında qurmalarıdır. A.Dügini götürək. O, Türkiyə ilə bağlı çoxşaxəli planlar hazırlamışdı. Elə elədi ki, Türkiyə məcbur olub Rusiya ilə dostluğunu bərpa etdi. İndi də belədir. Rus analitikləri növbəti sanksiyalarla da bağlı çıxış yollarının alqoritmlərini çoxdan hazırlayıblar...

-Ola bilərmi ki, Rusiyanın bu əks-həmlələrində Azərbaycanın aparıcı rolu olsun?

Belə çıxır ki, Azərbaycanı Rusiya ilə bir olmağa vadar edirlər?




-Əlbəttə. bu, mümkündür. Digər tərəfdən, Qərbin Rusiyaya qarşı sanksiyalarından Azərbaycan uduzmadı, əksinə, uddu. Qərb ərzaq və kənd təsərrüfatı məhsullarını Rusiyaya vermədiyi halda Rusiya Azərbaycana öz bazarlarının qapılarını açdı. Azərbaycan itirmədi, əksinə, kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yarandı. Prezidentimizin kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam və fərmanlarının arxasında Rusiya bazarları ilə bağlı iqtisadi maraqlar durur. Azərbaycanın qeyri-neft sektorunun üzünə yalnız Rusiya bazarları açıqdır. Aydındır ki, Azərbaycanda istehsal olunan mallar Rusiya bazarlarına göndərilir və bu, ölkəmiz üçün ciddi valyuta gəliridir...

-İqtsadi baxımdan siz haqlısınız. Sizə elə gəlmir ki, bu görüşün siyasi aspektləri də var?

-Elədir, başqa cür ola bilməz. Rusiya tərəfi Cənubi Qafqazda təhlükələri görür və bilir ki, Suriyadakı geosiyasi ocaq sönərsə, Qərb geosiyasi poliqonun yerini dəyişə, yəni Suriyadan Qafqaza keçirə bilər. Bu isə istər Rusiya, istərsə qonşu İranı vurmaq üçün Qafqazı dağıtmaq deməkdir. Bizə elə gəlir ki, V.Putinin İ.Əliyevi Soçiyə dəvətinin səbəbi həm də elə bununla bağlıdır.

-Bəs Ermənistan?

-Maraqlı sualdır. Ermənistanın ikiüzlü siyasəti üzə çıxır. Fikir verin, bu saat Ermənistanda anti-rus mitinqləri gedir. Ermənistan qoşunları NATO-nun təlimlərində Türkiyə ilə çiyin-çiyinədir. Nəzərə alsaq ki, NATO-nin “şərti düşməni” Rusiyadır, bu o deməkdir ki, Ermənistan Rusiyaya qarşı təlimdə iştirak edir. Bu, balaca səbəb deyil ki, Rusiya Prezidenti Ermənistandan üz döndərməsin. Son 25 ildə Azərbaycan xalqı, bir dəfə də olsun, Rusiyaya qarşı hər hansı bir formada kütləvi etiraz mitinqi etməyib, yəni, ruslara qarşı tolerant olub. Və bu, kiçik fakt deyil...

-Maraqlı nəticədir. Belə alına bilərmi ki, Ermənistan Qərbin tapşırığı əsasında Rusiya qoşunlarını ölkədən çıxartmaq məqsədi ilə Qarabağda müharibəni başlatsın?

-Tamamilə mümkün ola bilən bir variantdır. Hətta bu, Azərbaycan və Rusiya dövlət başçılarının təcili görüşünün səbəblərindən biri kimi bu da ola bilər. Odur ki, Soçidən sızan məlumatlara görə, Əliyev-Putin görüşündə Qarabağ məsələsi də ön planda olub...

-Deyirsiz, yəni, Ermənistan Qərbin ssenarisi ilə savaşı başlada bilər?

-Qərbin əlində “5-ci kalon” olan Ermənistan istədiyini edə bilər. Onun NATO təlimlərində iştirakı Rusiya siyasi elitası tərəfindən birmənalı qarşılanmayıb. Ruslar elə bil ki, bu satqınlıqdan xəbərdardırlar. Rusiyanın forpostu olan Ermənistanın NATO təliminə qoşulması FORPOSTUN, yəni Rusiyanın ön cəbhəsinin əldən çıxması deməkdir. Prezident İ.Əliyevin Soçiya çağırılmasının səbəblərindən biri də Ermənistanın satqınlığı ola bilər. Deyəsən, ruslar Azərbaycana qarşı haqsızlıq etdiklərini başa düşüblər...

-Ermənilər belə şayiələr yayırlar ki, V.Putin Azərbaycan ordusunu Suriyaya yeridilməsini istədiyindən Azərbaycan Prezidentini Soçiyə dəvət edib...

-Xeyr. Bu, qeyri-mümkün olan işdir. Çünki bu və ya digər ölkəyə qoşun kontingenti yerləşdirmək üçün BMT-nin qərarı olmalıdır...

-Bir sözlə, aydındır ki, hər iki liderin görüşməsi təsadüfi deyil. Bəs sizcə, bu görüşün arxasında nə gizlənir?

-Sadə dildə desək - iki dövlətin birliyi, daha da yaxınlığı, bir mövqedən çıxış etməsi...

-Bəs Qarabağ?

-Bir dəfə eşitmisiniz ki, Rusiya desin - Qarabağ Ermənistanındır. ATƏT və ABŞ bizə güzəştə get deyib, faktiki olaraq Qarabağ məsələsinin həllini Azərbaycanın Ermənistana güzəştə getməyində görüblər. Başqa sözlə, beynəlxalq hüquq normalarının əsasını təşkil edən ərazi bütövlüyü prinsipini pozmaq istəyiblər. Halbuki, Azərbaycan buna getsə, dünyadakı tarazlığı pozar və dondurulmuş ərazi iddiaları kəskin şəkildə ortaya çıxar. Yaponiya, Almaniya, Monqolustan- Rusiyadan, Pakistan Hindistandan özlərinin hesab etdiyi torpaqları tələb edər. Nəzərə alsaq ki, bu cür problemlər Afrikada, Latın Amerikasında da var - bütün bunların hansı dəhşətli nəticələrə gətirəcəyini təsəvvür etmək çətin deyil. Beynəlxalq hüququn ərazi bütövlüyünün saxlanılma prinsipi BMT-nin mövcudluq mexanizmidir. Bu prinsipə əməl olunmasa, BMT dağılar. Odur ki, ATƏT-in təklif və qərarlarına əməl etmək, dünyanın siyasi xəritəsini yenidən tərtib etməyə gətirər, yəni dünyada tarazlığı pozar. Azərbaycan Qarabağ məsələsinə var qüvvəsi ilə BMT-dən məlum qətnamələrini icrasına əməl etməsi tələbi ilə yanaşmalıdır. Prezident İ.Əliyev məsələyə məhz bu cür yanaşır...

-Bəs onda nə əcəb, Ermənistan indiyədək Dağlıq Qarabağı rəsmən tanımır?

-Əlbəttə ki, Rusiyanın qorxusundan. Rusiya Qarabağ münaqişəsini salmaqla, Ermənistanı tələyə salıb və heç vaxt Ermənistan Rusiyadan uzaqlaşa bilməz. Odur ki, ağlı başında olan siyasətçilər Qarabağın açarının Rusiyanın cibində olduğunu qeyd edirlər və burada tam məntiq var. Nəzərə alsaq ki, Kreml Ermənistanın çiynindən əlini götürsə, bu ölkə bankrota çevrilər. Bir sözlə, bu məsələnin Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlülüyünü saxlamaqla həll olunacağına inanmaq olar...

-Bəs Qərb?

-Bax, Qərbin ATƏT vasitəsi ilə burunlarını Cənubi Qafqaza soxması ciddi problemlər və stabilliyi pozmaq üçün şərait yaradır. Bayaq sual verdik ki, niyə Ermənistan qoşunları Türkiyə il birlikdə NATO-nun tərkibində təlimlər keçirlər. Axmaq olmaq lazımdır ki, bunu görməyəsən. Deməli, Ermənistan tərəfdən Azərbaycana qarşı təxribat ola bilər və bu təxribatın arxasından rus qoşunlarının Ermənistandan çıxarılma oyunu durur...

-Bəlkə Prezident İ.Əliyevin Soçiyə dəvət olunma səbəblərindən biri də elə budur?

-Əslinə qalsa, belədir. Ancaq əsas məsələ ondadır ki, Rusiyanın lideri bu məsələləri bilir və odur ki, yaxın dostu və strateji partnyoru Azərbaycan Prezidenti ilə görüşdü...

-Bəs görüşün əsas məqsədi nədə idi?

-Ola bilsin, Rusiya rəhbəri Azərbaycan rəhbəri ilə regionda baş verə biləcək hadisələr haqqında fikir mübadiləsi yürüdüb, yəni “İŞİD”-n axışıb Qafqaza gəlməsi və yaxud Ermənistanın Qərbin tapşırığı ilə regionda stabilliyi pozmaq məqsədi ilə atəşkəs zonasında aktivləşməsinin səbəbləir və buna qarşı birgə tədbirlərin görülməsindən danışıla bilər. Bir şey aydındır ki, Rusiya regionda, nəyin bahasına olursa olsun, stabilliyi qorumaq istəyir...

Sultan Laçın
Tarix: 25-07-2017, 00:21
Xəbəri paylaş





Xəbər lenti