Rusiya hərbi gəmiləri Bakı sahillərində

Rusiya hərbi gəmiləri Bakı sahillərində Moskva Xəzərdə lider olduğunu kimə nümayiş etdirmək istəyir?


Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45" xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib. Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, gəmilərin səfəri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək ”Dəniz Kuboku-2017" beynəlxalq yarışlarında iştirak etmək məqsədi daşıyır. Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.


Xatırladaq ki, bu, Rusiya hərbi gəmilərinin son illərdə Bakı sahillərinə ilk gəlişi deyil. Keçən ilin sentyabrında Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya rəsmi səfəri olmuşdu. Rusiya nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşmüş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olmuş, eləcə də “ADEX-2016" 2-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak etmişdilər. Gəminin şəxsi heyəti mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintiyə çıxmaqla yanaşı, futbol üzrə yoldaşlıq görüşü də keçirmişdilər.


2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə hərbi gəmi ilə gəlmişdi. O vaxt bu, ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. İndi Rusiya hərbi gəmisi yenidən Azərbaycana gəlir. Bu dəfə isə beynəlxalq yarış məqsədilə gəldiyi rəsmi məlumatlarda deyilir.


Bu hadisəni yalnız yarış məqsədli tədbir saymaq olarmı? Yoxsa siyasi, hərbi mesajları da özündə daşıyır?




Politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya hərbi gəmilərinin Azərbaycan sərhədlərini keçməsi, Bakı limanında lövbər salması son illər instensivləşməkdədir. Əlbəttə, ilk baxışda burada qeyri-adi heç nə yoxdur. Çünki Xəzərsahili ölkələrin hərbi əməkdaşlığı mövcuddur. Gəmilərin gəlişinin səbəbləri barədə də rəsmi məlumat verilir: “Şübhəsiz ki, Rusiya hərbi gəmiləri Azərbaycanın razılığı ilə sərhədimizi keçirlər. Bu istiqamətdə Rusiyanın hərbi gəmiləri Azərbaycan limanlarına Azərbaycan tərəfinin icazəsi ilə lövbər sala bilərlər. Bu, hərbi əməkdaşlıq çərçivəsində mümkün ola bilər. Baxmayaraq ki, bizim Rusiyadan, siyasətindən böyük narazılığımız var. Çünki işğalçı Ermənistanı silahlandırır, ”İsgəndər" raketləri verib, işğalçı ilə ortaq ordu yaradır. Buna baxmayaraq, Rusiya hərbi gəmilərinin Bakı limanına gəlişi ənənə halını alıb.
Hərbi gəmilərin gəlişini dolayısı ilə mesaj da saymaq olar. 2013-cü ildə Rusiya prezidenti məhz hərbi gəmi ilə Azərbaycana səfər etdi. Bu, açıq-aşkar bir mesaj idi, güc nümayişi idi. Bu cür addımlarla demək istəyirlər ki, Xəzərdə əsas söz sahibi Rusiyadır, onun silahlı qüvvələridir. Başqa mesaj bundan ibarətdir ki, Azərbaycan Rusiyanın hərbi gücü ilə hesablaşmalıdır. Rusiya Xəzərin dibi ilə Türkmənistanla Azərbaycan arasında boru xətti çəkilişinə mane olur. Bu da mesajın bir növü idi, idman yarışı adı ilə olsa da yenə də təkrarlayırlar".


Politoloqun sözlərinə görə, Rusiya Xəzərdə lider dövlətin kim olduğunu bir daha hər kəsə nümayiş etdirmək istəyir, lakin yarış məqəsdilə səfəri güc nümayişi hesab etmək doğru olmaz: “Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya gəmilərinin Azərbaycana səfərləri dövlətlər arasında qarşılıqlı razılıq əsasında həyata keçirilir. Azərbaycan gəmiləri də ötən dövrdə Həştərxana dostluq səfərinə getmişdilər. Dənizdə Rusiya ilə Azərbaycanın ikitərəfli və Qazaxıstanla birlikdə üçtərəfli təlimləri və yarışları da keçirilib. Türkmənistan istisna olmaqla, Xəzər sahilində yerləşən bu 3 keçmiş sovet respublikası arasında hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq mövcuddur. Xəzərin hüquqi statusu məsələsində də 3 dövlətin mövqeləri bir-birinə çox yaxındır. Məncə, bu hadisəni Xəzəryanı dövlətlərə, əsasən də Azərbaycana güc nümayişi kimi qiymətləndirmək doğru olmaz. Moskvanın Xəzəryanı ölkələrə güc nümayiş etdirməyə ehtiyacı yoxdur. Rusiya onsuz da burada hərbi baxımdan ən qüdrətli dövlətdir və bu reallığı bütün sahilyanı ölkələr qəbul edir. Lakin bununla yanaşı, şübhə yoxdur ki, Rusiya Xəzər regionunda öz liderliyini təsdiq və dünyaya nümayiş etdirməkdə maraqlıdır. Yəni güc nümayişi varsa da, bu, daha çox Xəzər regionundan kənardakı qüvvələrə, Qərbə ünvanlanıb. ABŞ və Avropa Birliyinə mesaj verirlər ki, Rusiyanın iradəsi xaricində bu bölgədə hər hansı iri layihə gerçəkləşə bilməz. Bir müddət öncə Rusiyanın Xəzərdən Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbə endirməsi də ilk növbədə ABŞ-a yönəlmiş mesaj idi”.


Etibar SEYİDAĞA
Tarix: 25-07-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti