Hakimiyyət mediası Rusiya ilə münasibətlər haqda, Soçi görüşündən ehtiyatlı yazır. Rəsmi dövlət qəzetləri iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayır, buna kölgə salmaq istəyən dairələrin olduğunu qeyd edir. Yəni, suyu üfləyərək içirlər.
Soçi görüşü yüksək səviyyədə nəticələr əldə olunduğu kimi təqdim edilir. Halbuki, Görüşdən sonra hansı təzyiq mexanizmlərinin işə salındığı prosesi kor-kor, gör-gör göz qabağındadır.
Sadəcə, rəsmi Bakı mətbuatda anti-Kreml ritorikasının güclənməsini önləyir ki, “ağ ayı” qıcıqlanmasın. Çünki gərginləşən vəziyyət daha dramatik şəkil ala bilər. AnaXeber.Az-ın Siyasət Şöbəsinin verdiyi məlumata görə, indi qırılma nöqtəsi Lapşin üzərindədir.
Həbsdə saxlanan bloggerin ekstradisiyası ilə bağlı Azərbaycan hakimiyyətinin hansı qərarı verəcəyi Moskva ilə münasibətlərin gələcək inkişafında çox əhəmiyyətlidir.
Ədliyyə Nazirliyinin açıqlaması da birmənalı cavab deyildi. Nə hə, nə də yox deyildi. Bildirildi ki, hökm qüvvəyə minsin, Lapşinin ekstradisiya ilə bağlı müraciətinə baxılacaq.
Təbii ki, məhkəmənin qərarı siyasi qərar və iradədən asılı olacaq. Rəsmi Bakı yaman yerdə axşamlayıb və əgər bloggeri Rusiyaya təhvil verməsə çox ağır cavablar ala biləcəyini də hesablayır.
Amma digər tərəfdən bu jest hakimiyyəti Kreml önündə əzilmiş bir vəziyyətə gətirib çıxara bilər. Yalnız siyasi bazarlıq və ya kəlbəcərli girovların azad olunması şərti ilə Lapşinin təhvili faydalı ola bilər.
Putin isə “iki ayağını bir başmağa dirəyib” bloggeri geri tələb edir. Hər halda Əliyev də siyasətdə səbatsız və səriştəsiz deyil, Lapşin məsələsində onun da hansısa şərtləri var.
Hələlik isə bu mərhələdə diktə edən tərəf Moskvadır. Rusiya administrasiyası Azərbaycanı siysai şantajla hədələyir və neft kəmərini nəzarətə götürməklə ölkəni işğal edə biləcəyinə eyham vurur. Əlbəttə, Ukrayna və Gürcüstanı bölən Rusiyanın güclü dövründə Azərbaycana batması mümkündür.
Krım, Luqans, Donetsk, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ münaqişə ocaqlarının üstünə birini də əlavə etmək Kreml üçün problem deyil.
Yəni, günün birində Quba-Qusarı qarışdırması istisna deyil. O baxımdan Lapşinin təhvil verilməməsi və prinsipiallıq nümayiş etdiriləcəyi inandırıcı görünmür.
Sadəcə, Bakı da Moskvadan bunun müqabilində nələrisə istəyə bilər. Hər halda Rusiya Macarıstan deyil ki, Ramil Səfərovu qaytarmaq asan olsun.
AnaXeber.Az-ın Siyasət Şöbəsinin verdiyi məlumata görə, Lapşinin ekstradisiyasını ictimaiyyətə həzm etdirmək üçün zəmin hazırlanacaq.
Hakimiyyət ictimai rəydə medianın təbliğat vasitəsi ilə bloggerin təhvil verilməsini əsaslandırmağa çalışacaq. Hətta kəlbəcərli girovların geri veriləcəyi fikirləri də səslənəcək ki, ümid oyansın.
Rusiyadan isə təhdid təhdid dalınca gəlir. İndi də Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, bəs bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırırlar. Kimdir “bir sıra xarici dövlətlər?”
Yaxın Şərq heç, vəziyyət həqiqətən qarışıqdır, kimin papağının kimin başında olduğu bəlli deyil.
Bəs Şoyqu Cənubi Qafqazdan niyə bu qədər nigarandır? NATO ölkələri ara-sıra Gürcüstanda hərbi təlimlər keçirirlər və çıxıb gedirlər, vəssəlam. Bəs sizin Ermənistanda daimi yerləşdirdiyiniz - Azərbaycan, İran və Türkiyə ilə sərhəddəki hərbi birlikləriniz kimə qarşıdır?
Axı sözdə həm Ankaranı, həm Tehranı, həm də Bakını strateji tərəfdaş adlandırırsınız. Demək, Kreml səmimi deyil, bu dövlətlərdən hansısa birinə və ya bir neçəsinə inanmır, çünki Rusiyanın Ermənistandakı hərbi varlığının gücləndirilməsinin başqa izahı yoxdur.
Qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edərək, ermənilərin hüzurunda o torpağın sahibi olan Azərbaycana qarşı çıxışlar edən rus-yəhudi bloger bəlkə də bir gün qolunda qandal DTX əməkdaşları tərəfindən Bakıya gətiriləcəyini heç düşünməmişdi.
Uzaqbaşı Azərbaycan Xarici İşlər Nazirliyi onu da Qarabağa səfər edən digərləri kimi “qara siyahıya” salacaq, o da əl-qolunu sallayaraq, ürəyi istəyəni edəcəkdi. Bəlkə də Moskva da Bakının bura qədər gedəcəyini gözləmirdi.
..
Lapşinlə yanaşı, çoxları da düşünməzdi ki, rəsmi Bakı bu məsələnin üzərində ciddi şəkildə dayanacaq və Putinin müttəfiqi Lukaşenko da rus liderini yox, Azərbaycan liderini dinləyərək, blogerin Azərbaycana ekstradisiyasına icazə verəcəkdi.
Və çoxları həm də onu düşünmürdü ki, Rusiyanın tələblərinə rəğmən, Azərbaycan öz mövqeyində sona qədər israrla dayanacaq.
Azərbaycan çoxlarının gözləmədiyi şeyi gerçəkləşdi və əməli ilə bir daha sübut etdi ki, “Dağlıq Qarabağ məsələsində heç də zarafat etmir”.
Lapşinin ekstradisiyası Azərbaycanın start verdiyi “mərhələli həll” variantının davamı və Sergey Lavrovun dediyi “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” açıqlamasına cavabdır:
- Bakı Lapşinin ekstradisiyası ilə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və ora qanunsuz səfər etmiş şəxs Azərbaycanın daxili qanunvericiliyi ilə mühakimə olunmalıdır;
Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb və münaqişə başqasının deyil, birbaşa Azərbaycanın daxili işidir. Baxaq görək, hakimiyyət bu prinsipiallığı hara qədər davam etdirə biləcək...
Siam.az
Tarix: 27-07-2017, 09:11