Soçi görüşü Azərbaycanla Rusiya arasında anlaşma yaratdımı? - təhlil

Soçi görüşü Azərbaycanla Rusiya arasında anlaşma yaratdımı? - təhlil Kim deyibcə, çox düz deyibdir: “Təəssüf ki, Allahdan nə qədər uzağıqsa, Rusiyaya bir o qədər yaxınıq”...

Bəli, Rusiya - Azərbaycan münasibətlərindən yazmaq istərkən ağlıma gələn ilk fikir bu oldu...


Doğrusu, hərdən özümdən soruşuram ki, bəlkə yanılırıq? Bəlkə bizim yazı və çıxışlarımızdan hələ də uzaq 80-90-ci illərin ab-havası gəlir?..

Yadıma gəlir, 90-cı illərin ortalarında bir politoloq deyirdi ki, Z.Bjezinskinin və ona bənzərlərin yazdıqlarına və dediklərinə elə də fikir verməyin, bu adamlar hələ də soyuq müharibənin ritorikasını və məntiqini davam etdirirlər.

Bir müddət elə belə də etdik. Rusiyaya yeni gözlə baxmaq istədik. Amma tez bir zamanda bəlli oldu ki, qüsur bizim gözlərimizdə deyilmiş, Rusiya elə həmin Rusiya imiş.

Elə ötən həftə də Rusiya telekanallarını ora – bura çevirməklə məşğul idim. Birdən gördüm ki, V.Putini göstərirlər. Bəli, o növbəti görüşdə idi. Bu dəfə uşaqlarla söhbətləşirdi...

Ona bir maraqlı sual verdilər: “Hansı hadisə sizə daha çox təsir edirbdir?”... V.Putin bir azacıq fikirləşəndən sonra qayıtdı ki:” SSRİ-nin dağılması!”...

Əslində bu, onun SSRİ-lə bağlı ilk göz yaşları deyildi. Müxtəlif vaxtlarda SSRİ – lə bağlı nostaljisini ifadə etmək üçün ən kiçik fürsəti belə əldən verməməyə çalışıb, SSRİ-ni bərpa etməyin özünün siyasi niyyəti və məqsədi olduğuna işarə edibdir Rusiya prezidenti...

Prinsipcə, onun belə sayıqlamaları qonşu ölkələrə qarşı təhdiddir. O, isə heç bir vaxt bunun fərqində olmayıb. Hər dəfə SSRİ-dən söz düşəndə bu adam deməli idi ki, SSRİ artıq keçmişdir və ölkəsi də bunu qəbul edir, keçmiş sovet respublikalarının suverenliyinə hörmətlə yanaşır.

Bəli, G.Züqanov və V.Jirinovski SSRİ üçün nostalji keçirə bilər, çünki onlar hökuməti təmsil etmirlər, müxalifətçidirlər...

Amma Putin isə prezidentdir və müəyyən mənada öz ritorikasına sərhəd qoymağı bacarmalıdır. Fəqət, bunu qətiyyən düşünmür...

Bir qədər qəribə olsa da, onun Azərbaycan prezidentilə görüşəcəyini də elə həmin verilişdəcə özünün dilindən eşitdim – V.Putin Coçidə uşaqlarla görüşündə dedi ki, bu gün prezident İ.Əliyevlə görüşəcəkdir.

Bir detal da oldu, amma bizim şərhçilər sonradan ona diqqət yetirmədilər. V.Putinin dediyi daha bir cümlədən başa düşdüm ki, bu adam Azərbaycan prezidentilə görüşünün asan keçməyəcəyini irəlidən bilirdi.

Düzdür, görüş geniş şərh olunmadı. Amma belə güman edirəm ki, heç də asan danışıqlar sırasından deyildi bu görüş. Azərbaycan prezidentinin Putindən tələb edəcəyi çox məqamlar vardı və bu adam həm Minck Qrupunun həmsədri, həm də Azərbaycanın strateji tərəfdaşı olan ölkənin başçısı kimi çox məsələlərə aydınlıq gətirməli və hansısa arqumentlərlə rəsmi Bakını da sakitləşdirməli idi.
Ermənistana və Azərbaycana münasibətdə qabarıq şəkildə sezilən assimmetriyanı izah etmək üçün ruslar adətən elə də əziyyət çəkmirlər – birbaşa deyirlər ki, biz sizinlə strateji müttəfiqləriksə, Ermənistanla hərbi müttəfiqik.

Yəni, simmetriya istəyirsinizsə, onda gəlin siz də qoşulun bizim Kollektiv Təhlükəsizlik Təşkilatına, Avrasiya İttifaqına, daha nə bilim, haralara...

O ki qaldı Minsk Qrupunun həmsədri olmaq məsələsinə, indi Dağlıq Qarabağ problemində yenidən dalana bənzər situasiya yaranıbdır. Elə bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində da baş tutan Brüssel görüşü köhnə sualı yenidən gündəmə gətirdi: danışıqları bərpa etməyin mənası varmı?
Bizə elə gəlir ki, prinsipcə, olar, amma həqiqətən real bir şeyin baş verməsi üçün gərəkdir ki, Ermənistana təzyiq edilsin. Bunu isə heç kim etmir – nə Rusiya, nə də digər həmsədrlər...

Azərbaycan özü bunu etmək iqtidarındadır, amma imkan vermirlər. Təəssüf, müharibə yolu da hələ açıq deyildir. Ruslar ermənilərlə gah vahid hərbi komadanlığa keçir, gah birgə qoşun yaradır, gah da Ermənistanda ən müasir silahlarını yerləşdirirlər! Qərəz, Mockva dönüb olub Azərbaycanla Ermənistan arasında keçilməz qalxan...

Hətta V. Jirinovski oturub-durub belə deyir ki, bizim razılığımız olmadan Qarabağda müharibə ola bilməz. Bu isə o mənanı verir ki, əziz azərbaycanlılar, Qarabağı silahla qaytarmağı da ağlınıza gətirməyin...

Qərəz, vəziyyət qısaca belədir. Rusiya özü də başa düşür ki, Azərbaycana izahat vermək, lap kobud şəkildə desək, onu dilə tutmaq getdikcə çətin iş olur, çünki Rusiya elə siyasət aparır ki, daha, necə deyərlər, cidanı çuvalda gizlətmək olmur...

Principcə, Bakının apardığı siyasət Rusiyanı izafi şübhələrdən qurtarmalı idi. Ona görə ki, qonşu Gürcüstandan tam fərqli olaraq Bakı Avropa Birliyilə, NATO ilə bağlı ciddi planlar qurmur və Avropa ilə əməkdaşlığını enerji vektoru üzərində qurur.

Amma ruslar bütün bunlara baxmayaraq bizə və özlərinə, xüsusən də özlərinə arxayın deyillər. Ona görə ki, iddia etdikləri geosiyasi fəzanı doldurmaq, hansısa böyük bir geosiyasi layihənin mühərriki olmaq və onun yükünü daşımaq iqtidarı yoxdur.

Məsələn, elə bu yaxınlarda rusiyalı analitiklərin bir yazısını oxudum. Belə məlum olur ki, artıq Çin Avrasiya İttifaqı məkanında Rusiyanı tam üstələməkdədirlər, Rusiyanın Avrasiya İttifaqı layihəsi indi dönüb olur xalis “Çin malı”. Ona görə də ruslar bir növ təlaş içindədirlər.

Təsadüfi deyildir ki, bir vaxt D.Tramp Çinlə bağlı ilk problem yaradanda və Çinin ABŞ üçün daha “təhlükəli” olduğuna işarə edəndə ruslar dərhal buna özünəməxsus reaksiya verdilər və bu xüsusda ABŞ-la bir cərgədə olmağa və özlərinin Uzaq Şərq vektorlarını da Çindən Yaponiya keçirməyə hazır olduqlarını bildirdilər...

Bəli, baxmayaraq, son bir neçə ildə Çin və Rusiya rəhbərləri 22 dəfə görüşüblər, üstəlik, “böyük 20-lərin” növbəti toplantısı ərəfəsində daha bir görüş də oldu, di gəl, iki ölkə yenə də böyük rəqiblər olaraq qalırlar...

Dediklərimizin konteksində Bakı – Tbilisi – Qars dəmiryolunun necə aktuallıq kəsb etdiyi bir daha aydın olur. Bu günlərdə bu xəttə ilk sınaq qatarı buraxıldı və ümid edək ki, yaxın vaxtlarda o, istifadəyə veriləcək və Çinlə Avropanı birləşdirən magistral xəttinə çevriləcək.

Eləcə də bu konteksdə Azərbaycan qazının Avropaya nəqlini də yada salmaq olardı. Bütün bunları Azərbaycan edir və təbii, bu da Rusiyanı təşvişə salır – elə bu səbəbdən də Bakı ilə bağlı şübhələri, tərəddüdləri bir azacıq da artırır...

Təbii, mən deyə bilmərəm ki, Coçidə konkret olaraq daha hansı məsələlər müzakirə olundu. Amma bir daha deyirəm ki, böyük ehtimalla görüş düşünülən qədər rəvan keçmədi. Mən hələ Ermənistandakı azərbaycanlı girovların məsələsini, Ümumrusiya Konqresi ətrafındakı qalmaqalı demirəm. Bir sözlə, Kreml bir çox məsələlərlə bağlı izahat və şərhlər verməli idi.

Bunu qəti hərfi mənada başa düşməyin – demək istəmirəm ki, o boyda dövlət durub kiçik Azərbaycana izahat verəcəkdir. Amma ən azı Cənubi Qafqazda ən böyük dövlət Azərbaycandır və onunla əlaqələr ruslar üçün çox vacibdir – elə bu səbəbdən də bölgədəki siyasətlərini elə qurmalıdırlar ki, azərbaycanlılar da inciməsin. Hərçənd, getdikcə bunu etmək yaman çətin olur – bir daha deyirəm ki, cidanı çuvalda gizlətmək olmur artıq...

Təbii ki, hər bir görüş anlaşma üçün bir cəhddir. Üstəlik, siyasətçilər görüşürlərsə və biri – birilə görüşdən yayınmırlarsa, bu, o deməkdir ki, münasibətlər hələ dözümlü səviyyədədir.

Həm də siyasət dialoqdur və ünsiyyətdir... Ümid edək ki, bu dediklərimiz Azərbaycan – Rusiya münasibətlərinə də şamil oluna biləcək...

Hüseynbala Səlimov,
istiqlal.az
Tarix: 27-07-2017, 11:15
Xəbəri paylaş





Xəbər lenti