Müxalifət Abbas Abbasova qarşı

Müxalifət Abbas Abbasova qarşı Baş nazirin sabiq birinci müavininə müxalifətdə birmənalı mövqe
Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Kremlin dəstəyi ilə Azərbaycanda siyasətə qayıdacağı barədə xəbərlər yayılmaqdadır. Rusiya prezidenti Vladimir Putinin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlaması isə Kremlin Abbasova xüsusi önəm verməsi kimi şərh edilir.


2018-ci il prezident seçkiləri yaxınlaşdıqca Abbas Abbasovun Moskvanın dəstəyi ilə aktiv siyasətə qoşulacağı ehtimal edilir. Əgər bu baş verərsə, Abbas Abbasov ölkə daxilində və müxalifət tərəfindən yetərli dəstək qazana bilərmi? Müxalifətdən onu müdafiə edənlər olar?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Kreml rəsmi Bakıya təzyiq göstərmək üçün bəzi şəxslərə prezidentlik vəd edərək onları hökumətin üzərinə qaldırır, daha sonra isə taleyin ümidinə buraxır.
Müxalifət Abbas Abbasova qarşı

Bu dəfə də belə olacağı gözlənilir: “Azərbaycanda Rusiyanın bir modeli var. Bir nəfərə prezidentlik vəd edir. Deyir ki, səni prezident edəcəm, get hökumətin üzərinə. Həmin adam da hökumətin üzərinə gedir. Hökuməti ya yıxır, ya yıxmır. Rusiya ortada öz marağını təmin edir. Bundan sonra isə həmin adam tarixin küllüyünə atılır. Abbasov Abbasovu bu dəfə irəli verəcəklərsə, onun cəmiyyət və müxalifət tərəfindən müdafiə olunması gözlənilən deyil. Çünki Abbas Abbasovun bir keçmiş məmur və Moskvaya bağlı fiqur kimi reputasiyası müxalifətdən dəstək əldə etməyə cavab vermir”.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Rusiyanın Azərbaycanda hər seçki öncəsi fəallaşdığı heç kəsə sirr deyil, adətən belə məqamlarda Rusiya hakim komandaya siyasi təzyiqlərini artıraraq öz maraqlarını təmin etməyə çalışır.

Müxalifət Abbas Abbasova qarşı

Bu təzyiqlər adətən ya Qarabağ konflikti üzərindən, ya daxildəki Rusiyanın “5-ci kolon”u vasitəsilə, yaxud da Abbas Abbasov kimi öz ərazisində yer verdiyi “iş adamları və milyarderlər” vasitəsilə həyata keçirilir. Bu dəfə də fərqli nə isə olacağı gözlənilmir: “Artıq Abbas Abbasovun gündəmə gəlməsi, Fərhad Əhmədov kimi milyarderin adının bu və ya digər formada siyasi səhnədə hallanmağa başlaması Rusiyanın seçkilər öncəsi təzyiqlərə start verməsinin başlıca göstəricilərindəndir. Düşünmürəm ki, Abbas Abbasov özü şəxsən seçkidə namizəd kimi çıxış edəcək və Rusiyanın maraqlarını namizəd kimi qorumağa çalışacaq. Çünki Rusiyadakı azərbaycanlılardan fərqli olaraq Azərbaycanın daxilində sadə xalq arasında Abbasov elə də böyük siyasi nüfuza malik deyil, müxalif düşüncəli insanların yaddaşında isə Abbas Abbasov ”Rusiyanın adamı" kimi tanınır və onun üçün narazı elektoratın dəstəyini alacağına inanmıram. Əminəm ki, Kremllə razılaşma olmasa, Rusiyanın da namizədi meydana çıxacaq və bu namizəd Abbas Abbasov olmayacaq. Abbas Abbasov, sadəcə, prosesdə aparıcı fiqurlardan biri ola bilər. Mən hər dəfə olduğu kimi bu dəfə də Bakı ilə Moskvanın sonda razılığa gələcəklərinə əminəm. O zaman da hamımız Abbas Abbasov başda olmaqla, Rusiyadakı “müxaliflər”in və daxildəki “5-ci kolon”un bir anın içindəcə necə susduqlarının şahidi olacağıq, necə ki, 2013-cü ildə olduq".

VİP sədri Əli Əliyev isə bildirdi ki, 2013-cü ildə də, indi də Moskvanın Azərbaycanı inkişafdan saxlamaq, öz əlaltısına çevirmək, Avrasiya ittifaqı, Gömrük İttifaqı, hərbi birliklərə sürümək layihəsi ilə müxalifət olaraq barışmaq niyyətində deyillər: “Əgər Moskva var gücü ilə tərəqqimizə əngəl olan qrupu qorumağa, hakimiyyətin daxilindəkilərdən bir hissəsi, qoy lap öz marağı üçün, həmin ”5-ci kolon"u təmizləməyə başlayacaqsa, bu işdə onlara dəstəyimizi verəcəyik.



Biz içəridə bir-birimizlə savaşa da, mübarizə də apara bilərik. Ancaq kənardan gələn təhlükə hamımıza qarşıdır. Rus, ingilis, fars və qeyrisindən bizə hami olmaz. Bu gün Moskvadan ciddi təhlükə yenə baş qaldırıb. Ona görə daxili narazılıqlarımızı unutmadan, kənar təhlükəyə qarşı birlikdə cavab verməyi bacarmalıyıq. Şəxsən mənə Moskvanın müdafiə etdiyi Abbas Abbasov, Rəsul Quliyev, yaxud başqa birisindənsə prezident İlham Əliyev daha çox sərf edir. Ötən əsrdə Bakıda erməni qırğınları zamanı Bakı qoçuları düşmənin təcavüzünə sinə gərmək üçün qan düşmənçiliklərini rəsmən dayandırıb, birlikdə səngərə giriblər. Dedikləri də belə olub ki, “Düşmənlə qurtaraq, namusumuzu qoruyaq, düşmənçiliyimiz yerindədir, sonra davam etdirərik”. Belə örnəyi olan millət səhv etməməlidir. Xüsusən kənar təhlükə qarşısında".


Etibar SEYİDAĞA
Musavat.com
Tarix: 28-07-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti