Putin bu barədə qanun imzalayıb
İlham İsmayıl: “Azərbaycana seçkiqabağı təzyiq göstərirlər”
Prezident Vladimir Putin Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılmasını nəzərdə tutan müqavilə haqqında qanunu təsdiq edib. Qanuna əsasən vahid komandanlığa tabe olacaq silahlı qruplaşmalar Rusiya və Ermənistana qarşı hərbi təcavüz olacağı təqdirdə birgə, təxirəsalınmaz cavab tədbirlərinin verilməsi əmrini yerinə yetirəcək. Xatırladaq ki, hər iki ölkə arasında sözügedən müqavilə ötən il noyabrın 30-da imzalanıb. Müqavilənin maddələri Azərbaycan üçün ciddi təhlükəli şərtləri özündə ehtiva edir.Birincisi, qeyd edilən sənədlə yaradıldığı bəyan edilən birgə hərbi birləşmələrin Ermənistanın dövlət quru sərhədlərinin mühafizəsinə cəlb edilməsi nəzərdə tutulur. 2015-ci ildə tərəflər arasında imzalanmış başqa sazişlə Ermənistanın hava məkanının müdafiəsini öz üzərinə götürən Rusiya vahid hərbi birləşmələrin yaradılması haqqında qanunla artıq bu ölkənin quru sərhədlərinə də nəzarət etmək imkanına sahib olacaq. Bu o deməkdir ki, Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının döyüş mövqelərinə Ermənistan silahlı qüvvələri ilə yanaşı, Rusiya hərbçiləri də cəlb edilə bilər. Həmin bölgələrdə baş verən atışma zamanı Rusiya hərbi birləşmələrinin iştirakı Azərbaycanın daha ağır hərbi potensiala malik düşmənlə üzbəüz qalması deməkdir. Cəbhənin Dağlıq Qarabağ istiqamətindən Rusiyanın münaqişəyə qoşulmaq imkanı olmasa da Ermənistanla həmsərhəd rayonlardan Azərbaycana hərbi təzyiq vasitəsi kimi istifadə edə bilər. 2016-cı il dekabr ayının 30-da cəbhənin Tovuz istiqamətində Ermənistan ordusunun təxribat qrupunun Azərbaycanın dövlət sərhəddini pozaraq əsgər Çingiz Qurbanovu qətlə yetirməsi də əslində Rusiyanın rəsmi Bakıya siyasi mesajı idi.
İkincisi, müqavilədə əksini tapan ən problemli məqam hərbi birləşmələrin idarəçiliyi ilə bağlı maddədir. Həmin maddə Azərbaycan üçün birbaşa təhdid məqsədi daşıyır. Belə ki, birgə hərbi birləşmələrin yalnız sülh şəraitində Ermənistanın, müharibə vəziyyətində isə Rusiyanın komandanlığına verilməsi göstərilir. Məlumdur ki, Ermənistan 1988-ci ildən bəri Azərbaycanla müharibə vəziyyətindədir və bu proses davam edir. Kreml 2016-cı ilin aprel ayında olduğu kimi istənilən an Ermənistanın əli ilə cəbhə xəttində irimiqyaslı təxribat törətmək və vahid hərbi qruplaşmaların Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyinə keçdiyini elan etmək imkanına malikdir. Qanun Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının müqavilə ilə müəyyən edilmiş müddətdə Ermənistan silahlı qüvvələrinin tabeliyinə verilməsini nəzərdə tutur. Bu isə 102-ci bazanın hesabına hərbi potensialını genişləndirən Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara əl atacağını istisna etmir. Rusiya ilə Ermənistan arasında 102-ci hərbi bazaya regional status verilməsi və fəaliyyətinin genişləndirilməsi barədə razılaşma isə daha çox Azərbaycana və Gürcüstana geosiyasi təzyiq imkanı yaradır.
Çünki söhbət birbaşa Ermənistanla vahid qoşun birləşmələrinin təşkili haqqında qanunun qəbulu Rusiyanın Cənubi Qafqazda hərbi fəallığının artmasına səbəb olacaq. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə cəlb olunmasına çalışan Rusiya Ermənistan ərazisindən təhdid vasitəsi kimi istifadə etməyə çalışa bilər. Eyni zamanda, Gürcüstanın NATO-ya inteqrasiyasından narahat olan Rusiyanın Cənub Hərbi Dairəsinin və Ermənistandakı 102 saylı bazanın potensialını genişləndirməsi alyansa qarşı yeni cinah formalaşdırmaq üçün strateji planından xəbər verir.
“Rusiya milli təhlükəsizliyi üçün yaranmış təhdidləri simmetrik tədbirlərlə zərərsizləşdirmək üçün Cənub Hərbi Dairəsinin döyüş imkanlarını artırmaq məcburiyyətindədir ”-Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə bir açıqlama ilə çıxış edib.
O, bildirib ki, ABŞ-ın taktiki aviasiyasına məxsus olan 16 təyyarəsi aprel ayından etibarən Rumıniyada daimi əsasda yerləşdirilib: “Cari ilin əvvəlindən bəri ABŞ bizim cənub sahillərimiz boyunca 130 kəşfiyyat uçuşu həyata keçirirb. Bundan başqa, bir neçə gün əvvəl Qara dənizin qərb sahilində NATO irimiqyaslı təlimlər keçirib. Həmin təlimlərdə 22 ölkədən 25 min hərbçi iştirak edib.
Sergey Şoyqu həmin istiqamətdən müdafiə tədbirlərinin gücləndirilməsi üçün Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinə son yarım il ərzində 600 ədəd hərbi texnika və əlavə silahlar göndərildiyini deyib. Müdafiə naziri bəyan edib ki, Rusiyaya cənub sərhədlərindən təhlükə artmaqdadır. Bu təhlükə əsasən Yaxın Şərqdən və Cənubi Qafqazdan gəlir.
“Bizim Yaxın Şərqdəki vəziyyəti sabitləşdirmək və Cənubi Qafqazda sülhü təmin etmək istiqamətindəki fəal işlərimizi görünür, bir sıra ölkələr özlərinin milli və koalisya maraqlarına təhlükə sayır. Qlobal və regional problemlərin həllində Rusiyanın iştirakını dayandırmaq və özlərinin geosiyasi məqsədlərinə çatmaq üçün bir sıra dövlətlər hərbi gücdən istifadə etmək cəhdlərindən əl çəkmir, Rusiyanın sərhədləri yaxınlığında hərbi iştirakını genişləndirir”-Şoyqu belə deyib. Nazir həmçinin əlavə edib ki, Cənub Hərbi Dairəsi Hərbi Hava Desant Qüvvələri hesabına gücləndirilib. Qoşunların döyüş hazırlığı 20 faiz artırılıb, 100 mindən artıq paraşüt tullanışı həyata keçirilib. Qeyd edək ki, Rusiyanın Cənub Hərbi Dairəsinin arsenalını artırması və Ermənistanla birlikdə yaradılan qoşun birləşmələrinin adıçəkilən hərbi mərkəzə tabe edilməsi Azərbaycan ətrafında ciddi təhlükənin formalaşmasından xəbər verir.
Yaranmış vəziyyəti şərh edən
təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Rusiya üçün Cənubi Qafqazdan heç bir təhlükə yoxdur: “Cənubi Qafqaz, Azərbaycan Rusiya üçün heç vaxt təhlükə yaratmayıb. Yaxın Şərqdəki terrorçuların da Cənubi Qafqaz və Azərbaycan vasitəsilə Rusiyaya keçməsi halları da baş vermir. Sadəcə olaraq, Rusiya son vaxtlar NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qarşı belə reaksiya verir. Digər tərəfdən, Azərbaycanda 2018-ci ildə prezident seçkiləri keçiriləcək. Rusiya seçkilər öncəsi Azərbaycana təzyiq etmək istəyir. Əlbəttə, Rusiyanın Azərbaycan sərhədləri yaxınlığında geniş hərbi qüvvə cəmləməsi ölkəmiz üçün təhlükə yaradır. Ancaq təəssüflər olsun ki, beynəlxalq aləmdə Azərbaycanı müdafiə edəcək qüvvə yoxdur”.
İlham İsmayıl onu da vurğuladı ki, Rusiyanın Ermənistanla birlikdə vahid hərbi birləşmə yaratması hələ cəbhə xəttində Azərbaycana qarşı təxribatların artması anlamına gəlmir. Azərbaycan öz hərbi imkanlarından istifadə edərək ərazilərinin işğaldan azad edilməsi üçün hərbi əməliyyatlara başlaya bilər.
Müşfiq Abdulla
Cebhe.info
Tarix: 28-07-2017, 19:35