Rusiya-ABŞ qarşıdurması
İsgəndər Həmidov: “Sanksiyalar artdıqca, Rusiyanın keçmiş SSRİ respublikalarına təzyiqi artır”; Elşən Mustafayev: “Qarabağ məsələsinin həlli Rusiyanın daxili və xarici problemlərlə üz-üzə qalmasından keçir”
Rusiya-ABŞ münasibətlərində yenidən gərginlik yaranıb. Rusiyaya qarşı Qərbin yeni sanksiyalar qəbul etməsi, əsasən də ABŞ-ın qəbul etdiyi sanksiyalar qarşıdurmanı dərinləşdirməkdədir. Məlumdur ki, hər iki böyük dövlətin Azərbaycanda və Ermənistanda böyük maraqları var. Bəs ABŞ-Rusiya qarşıdurmasının dərinləşməsi Qarabağ məsələsinə nə vəd edir? Bu qarşıdurma Bakının, yoxsa İrəvanın xeyrinədir?Politoloq Elşən Mustafayev öncə bildirdi ki, Qarabağ problemini yaradan da, onun həllinə imkan verməyən də Rusiyadır. Bu problemi Azərbaycan üzərində təsir mexanizmi kimi daim saxlamaq da Rusiyanın istəyidir. Azərbaycan bu problemi sayılı günlər ərzində həll etmək iqtidarındadır. Amma Rusiya faktoru bu zaman böyük təhlükəyə çevrilə bilər: “Ona görə 25 ildir ki, bizi yalançı danışıqlar oyununa qoşublar. Qarabağ məsələsinin həll yolu Rusiyanın problemə, xüsusilə regiona diqqətinin azalmasından, bunun üçün isə onun zəifləməsindən, daxili və xarici problemlərlə üz-üzə qalmasından keçir. ABŞ-Rusiya qarşıdurmasının dərinləşməsi bu aspektdən Azərbaycanın problemin həllini tezləşdirməsinə kömək edə bilər. Söhbət Rusiyaya qarşı hər hansı nifrətdən və ya kindən getmir. Bu məsələdə ABŞ bizim qonşumuz olsaydı və ya Qarabağla bağlı eyni münasibət sərgiləsəydi, sözsüz bu qarşıdurmada ABŞ-ın zəifləməsini istərdik. Bu gün isə biz hər hansı hərbi əməliyyatlara başlasaq, ABŞ okeanın o tayından gəlib bizə hərbi müdaxilə etməyəcək. Rusiya isə edəcək və bunu açıq şəkildə bəyan edib. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu qarşıdurmanın güclənməsi və ABŞ-ın üstünlüyü az, ya çox yalnız Azərbaycanın xeyrinə vəziyyəti dəyişə bilər, Ermənistanın yox. O da o halda ki, yaranmış situasiyadan zamanında, heç kimlə məsləhətləşmədən, buna haqqı olan dövlət kimi istifadə edilsin”.
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə bildirdi ki, ABŞ-Rusiya qarşıdurmasının sanksiyalardan o tərəfə dərinləşməsi gözlənilmir. Sanksiyalar isə 2014-cü ildən Rusiyaya tətbiq olunur və bu, Rusiyanı durdurmur. Sanksiyalar artdıqca Rusiyanın Cənubi Qafqaza, keçmiş SSRİ respublikalarına müdaxiləsi, təzyiqi artır: “Rusiya son 10 gündə bütün dünyanın gözü qarşısında heç nəyə məhəl qoymadan Gürcüstanın Ermənistana yaxın bir sıra ərazilərinə hərbi qüvvə yeritdi və ərazini ələ keçirdi. Bakı-Supsa neft ixracı kəmərinin bir hissəsini də ələ keçirmiş oldular. Vəziyyət bu dərəcədə gərgindir və Azərbaycanla Gürcüstan faktiki olaraq işğal təhlükəsi qarşısındadırlar. Bu gün Gürcüstan ərazilərinə qoşun yeridən və qarşısı alınmayan Rusiya, sabah Azərbaycana qarşı da bunu edər. Rusiyanın Ermənistanla birgə qoşun yaratmaq qərarı isə vəziyyəti bir qədər ağırlaşdırır və Qarabağ məsələsində Azərbaycanı çox böyük problemlə üz-üzə qoya bilər. Azərbaycan hökumətinin xarici siyasəti uğurlu qurulsaydı, ölkəmiz meydanda tək qalmazdı”.
Etibar SEYİDAĞA
Tarix: 29-07-2017, 08:57