Ortaq rus-erməni ordusu – Kremlin blefi, yoxsa?

Ortaq rus-erməni ordusu – Kremlin blefi, yoxsa? Rusiyalı hərbi ekspert: “Moskvanın İrəvan qarşısında Qarabağ öhdəliyi yoxdur...”

Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətinin qayəsində sözsüz ki, Ermənistan, Azərbaycan və Gürcüstanı əbədi olaraq, öz təsir dairəsində saxlamaq dayanır. Kremlin Dağlıq Qarabağ münaqişəsi də daxil, regionda yaratdığı və illərdir körüklədiyi üç etnik-ərazi konflikti də müstəsna olaraq, bu hədəfə xidmət edir.

O da bəllidir ki, Rusiyanın Cənubi Qafqazda yeganə legitim hərbi bazası məhz Ermənistandadır (102 saylı Gümrü və Erebuni hava bazası). Bundan başqa, işğalçı ölkənin Türkiyə və İranla sərhədini Rusiya hərbçiləri qoruyur və Ermənistanın hava məkanı bütünlüklə Moskvanın nəzarətindədir.

Qısası, məntiqlə, Rusiya forpost Ermənistanda hərbi cəhətcə tam oturuşubsa, təcavüzkar ölkənin təhlükəsizliyinə də yüz faiz zəmanət veribsə, o zaman bu cırtdan ölkəyə xaricdən hansı təhdid ola bilər ki? Məsələ də ondadır ki, belə bir durumda Rusiyanın üstəlik, Ermənistanla ortaq hərbi qruplaşma yaratmaq ideyası dərhal hərbi və siyasi təhlilçilərdə haqlı sual yaratdı ki, əcəba, bu qruplaşma Rusiyanın nəyinə lazımdır, gerçəkdənmi Ermənistanın təhlükəsizliyinə hansısa real təhdid var?

*****

Bu suala rəsmi Moskvadan hələ ki arqumentli cavab gəlməyib. Amma rusiyalı analitiklərin məsələ ilə bağlı davam edən şərhləri cavabı müəyyən mənada təsəvvür etməyə imkan verir. Məsələn, tanınmış hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, reallıqda söhbət heç də Rusiya ilə Ermənistanın ortaq ordu yaratmasından getmir. Musvat.com-un məlumatına görə 1 in.am erməni nəşrinə müsahibəsində o, bu xüsusda erməni tərəfinin sevincinə əsas olmadığını və əslində Moskvanın bu yolla sadəcə, erməniləri sakitləşdirmək niyyəti güddüyünü söyləyib.

Hərbi analitik öncə qeyd edib ki, belə bir qruplaşmanı yalnız müharibə dövrü üçün, özü də iki ölkə prezidentinin ortaq razılığı əsasında yaratmaq nəzərdə tutulub və hətta müharibə dövründə yaradıla da bilər, yaradılmaya da - əsas nə dərəcədə Moskvanın buna istəyinin olacağıdır: “Yəni bu, heç də o demək deyil ki, ortaq qərar avtomatik şəkildə qəbul olunacaq”.

Yaradılacaq qruplaşmanın əsas hədəfinin nə olacağı, onun Qarabağ konfliktinə qarışıb-qarışmayacağı ilə bağlı sualı cavablandıran P.Felqenqauer deyib: “Əvvəla, müqavilənin mətnini diqqətlə oxusanız görərsiniz ki, gerçəkdə heç bir qruplaşma mövcud deyil. Qərar belədir ki, belə bir qruplaşma yalnız müharibə vaxtı və ya müharibə təhlükəsi olarsa, yaradıla bilər. Dinc dövrdə belə bir birləşmə mövcud deyil. Bu qruplaşmanın yaradılması üçün müəyyən hazırlıqlar ola bilər. Silahlı birləşmə müharibə təhlükəsi olacağı halda formalaşa bilər. Və ya formalaşmaya da bilər. Özü də o, avtomatik şəkildə yox, Rusiya və Ermənistan prezidentlərinin ortaq qərarı əsasında yaradılmalıdır. Yəni konsensus – hər iki prezidentin razılığı mütləqdir. Əgər Rusiya hansısa səbəbdən belə bir qruplaşmaya ehtiyac duymasa, o yaradılmayacaq”.
Əsas suala gəlincə, hərbi ekspert deyib: “Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma olarsa, yaxud Qarabağda hərbi əməliyyatlar bərpa olarsa, Rusiya belə bir birləşmə yaradacaqmı? Mən bunu deyə bilmırəm. Bu gün bu suala cavab vermək çətindir. Ancaq Türkiyə ilə konflikt baş versə – yəqin ki, yaradılar. Bütövlükdə Ermənistanda Rusiya hərbi birləşməsi onsuz da var. O, böyük deyil, ancaq hərtərəflidir. Erməni silahlı qüvvələri ilə ortaq hərbi təlimlər də olacaq. Beləcə, ortaq qruplaşma qurmaq üçün material əsaslar mövcuddur, amma ortaq birləşmə haqda müqavilə daha çox, təbliğati xarakter daşıyır. Mahiyyət etibarilə o, heç nəyi dəyişmir. Bütün bu illər ərzində rusiyalı hərbi qulluqçular hazırlıq keçiblər ki, münaqişə yaranacağı təqdirdə erməni silahlı qüvvələri ilə birgə hərəkət eləsinlər. Dinc dövrdə belə öhdəliklər qüvvədə deyil. Qarabağla bağlı da öhdəlik yoxdur. Deməli, böyük hesabla bu müqavilə ona görə imzalanıb ki, ermənilər bir qədər sakitləşsinlər”.

“Bəs bu qruplaşma niyə Qarabağ konfliktinə qarışmayacaq” sualına hərbi ekspertin münasibəti belə olub: “Təsəvvür edək ki, 2016-cı ilin aprelindəki kimi Qarabağ zonasında hərbi vəziyyət kəskinləşib. O halda ortaq qruplaşma ilə bağlı Rusiya və Ermənistan prezidentlərinin birgə qərarı olmalıdır. Kremlin Bakı ilə arasını vuracaq belə bir qruplaşmanı yaratmağa Rusiyanın istəyi olacaqmı? Böyük ehtimalla, yox. Ona görə ki, siyasi nöqteyi-nəzərdən Rusiya həm Ermənistan, həm də Azərbaycanla bərabər münasibətlər saxlamağa çalışır. Moskva çalışır ki, bütün bunların Azərbaycana qarşı yönəldiyi haqda Bakıya neqativ mesajlar göndərməsin. Eyni zamanda çalışır ki, Ermənistanla müttəfiq olduğunu göstərsin. Bu müqavilə elə tərtib edilib ki, mahiyyət etibarilə reallıqda heç nə dəyişmir”.

*****

Əlavə edək ki, Rusiya Dövlət Duması artıq sözügedən sənədi artıq ratifikasiya edib. İki gün öncə prezident Vladimir Putin də sənədi imzalayıb. Ermənistan parlamenti isə ratifikasiya məsələsinə payızda baxacaq. Məntiqlə, belə bir müqavilə gerçəkdən də Ermənistana Azərbaycana qarşı durmaqda hansısa əlavə hərbi rıçaq versəydi, yəni çox böyük önəm daşısaydı, hava-su kimi gərək olsaydı, o zaman İrəvan onun ratifikasiyasını və qüvvəyə minməsini niyə uzadırdı ki? Axı, Qarabağda müharibə ehtimalı indi heç vaxt olmadığı qədər yüksəkdir...(Musavat.com)
Tarix: 29-07-2017, 17:33
Xəbəri paylaş





Xəbər lenti