Azərbaycana şimaldan artan təzyiqlər

Azərbaycana şimaldan artan təzyiqlər Sərdar Cəlaloğlu: “Əvvəlcə humanitar, sonra hərbi və iqtisadi təzyiqlər başladı”

Tural Abbaslı: “Gərginlik artıq açıq formada hiss olunur...”

Rusiyadan Azərbaycana edilən təzyiqlər açıq xarakter almağa başlayıb. Azərbaycanın ən böyük diaspor təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasıyla başlayan gərginlik artıq diplomatik səviyyəyə keçib. Ehtimal etmək olar ki, Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilmiş sürpriz görüş də tərəflər arasındakı münasibətlərdə gərginliyin pik həddə olduğunu göstərir.

Rusiyanın Azərbaycana təzyiqləri Kreml tərəfdarı olan bir sıra siyasət adamları və ekspertlərin fəallaşmasından da hiss olunur. Ehtimal etmək olar ki, bu fəallaşma və davamlı təzyiqlər prezident seçkilərinə hazırlaşan Azərbaycan hakimiyyətinə Kremlin öz şərtlərini diktə etmək xarakterindədir. Artıq Rusiyaya yaxınlığı ilə seçilən sabiq baş nazir Surət Hüseynov və baş nazirin keçmiş müavini Abbas Abbasov da siyasi gündəmdə özlərini göstərməyə başlayıb. Üstəgəl, Şimaldan vaxtilə azərbaycanlı milyarderlər tərəfindən 2013-cü ildə keçirilmiş prezident seçkiləri üçün təsis edilmiş “Milyarderlər İttifaqı”nın bir araya toplanması haqda xəbərlər də gəlir. Ehtimallara görə, Kreml Abbas Abbasova ittifaqı bir araya toplamaq göstərişini verib. Ən ilginc iddialardan biri budur ki, Surət Hüseynovun adı da başqa adla təsis olunması planlaşdırılan birliklə hallandırılmağa başlayıb.

“Qarabağ kartı” masada

Rusiyanın Azərbaycana təzyiqləri digər istiqamətlərdə də özünü göstərir. Təmas xəttində Ermənistan - Azərbaycan arasında artan hərbi təzyiqlərə adekvat olaraq, Rusiya Ermənistanla birgə qoşun növünün qurulmasını elan etdi. Hesab olunur ki, bu seçkilər ərəfəsində Azərbaycana edilən təzyiqlərdən biridir. Ekspertlərə görə, Azərbaycan hakimiyyəti Kremlin təzyiqləri qarşısından geri çəkilməyəcəyi halda Rusiya ənənəvi “Qarabağ kartı”nı yenidən masaya ata bilər. Son zamanlarda Ermənistanın açıq formada danışıqlar masasından qaçması da Rusiya ilə əlaqələndirilir. Ehtimala görə, Ermənistan rəhbərliyi cəbhə xəttində vəziyyəti gərginlikdə saxlamaq barədə Moskvadan göstəriş alıb. Məsələnin yaxın günlərdə Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə müzakirə olunduğu bildirilir.

“Təzyiqlər açıq və davamlıdır”

Azərbaycana şimaldan artan təzyiqlər

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda ciddi siyasi hadisələr baş verəndə, yaxud hakimiyyət hansısa ciddi siyasi qərarlar qəbul edərkən Rusiya təzyiq etməyə başlayır. ADP sədrinin sözlərinə görə, Rusiya Azərbaycanın müstəqil formada siyasət yürütməsini qəbul edə bilmir:


“Azərbaycanda keçirilmiş elə bir seçki yoxdur ki, Rusiyadan bura emissarlar, yüksək rütbəli diplomatlar gəlib Azərbaycan hökumətinə öz şərtlərini çatdırmasınlar. O cümlədən, digər seçkilərdə və proporsional layihələrin həyata keçirilməsində Rusiyanın Azərbaycana ciddi təzyiqləri olub. Son vaxtlarda dünyada yaranmış vəziyyət Azərbaycandan da yan keçmir. Qarşıdan gələn prezident seçkilərinə görə Rusiya Azərbaycana qarşı yenidən öz həmlələrini etməyə başlayıb. Əvvəlki illərdən fərqli olaraq, Rusiya bu təzyiqləri davamlı və açıq formada edir. Bu da onu göstərir ki, Azərbaycan hökuməti əvvəlki illərlə müqayisədə fərqli siyasi xətt götürməyə başlayıb. Rusiya da buna görə, əlində olan bütün imkanlardan istifadə edərək Azərbaycana təzyiqlər edir. Bu təzyiqlər getdikcə artır. Bu, əvvəlcə humanitar təzyiqlər kimi başladı, sonradan hərbi və iqtisadi təzyiqlərə keçdi. Təzyiqlərin bundan sonra da intensiv xarakter alacağını müşahidə edəcəyik”.

S.Cəlaloğlu vurğulayıb ki, Rusiyanın qarşıdan gələn seçkilərə münasibəti əvvəlki illərdəki münasibətlərindən fərqlənməyəcək:

“Rusiya Azərbaycanda status-kvonun saxlanılması və tarazlıq siyasətinin davam etdirilməsinin tərəfindədir. Azərbaycandakı təsir dairəsini əvvəlki illərdə olduğu kimi saxlamaq istəyir və Azərbaycanın müstəqil siyasət aparmasına razılıq vermir”.

“Gərginlik artıq açıq formada hiss olunur...”
Azərbaycana şimaldan artan təzyiqlər


Ağ Partiyanın (AP) sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə deyib ki, Rusiya hər parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda siyasi aktivliyini artırır. Partiya sədri hesab edir ki, Kreml bu dəfə də Azərbaycandakı mövqelərini daha da gücləndirmək üçün təzyiq vasitələrinə əl atıb:

“Çünki Avropa və Amerika da Azərbaycanda mövqelərini gücləndirir. Cəmiyyətlə yanaşı hakimiyyətin öz daxilində də Avropaya meyil güclənib. Rusiya da bunu nəzərə alaraq seçkilər yaxınlaşdıqca təzyiqləri artıracaq. Münasibətlərdəki gərginlik artıq açıq formada hiss olunur. Putinin İlham Əliyevlə görüşdən əvvəl verdiyi açıqlamalar, Abbas Abbasovun siyasi gündəmə gəlməsi, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin fəallaşması Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləridir”.

T.Abbaslı qeyd edib ki, seçkilərdə Rusiyanın öz “namizəd”i olacaq: “Düşünürəm ki, Rusiya indiki hakimiyyətlə razılaşmasa, seçkilərə öz namizədi ilə gedəcək. Elə bir namizədə üstünlük verə bilərlər ki, həm xalq, həm də cəmiyyət tərəfindən rəğbət qazana bilsin. Amma ona da inanıram ki, seçkilərə yaxın ərəfədə Azərbaycan hakimiyyəti ilə Putin razılığa gələcək və beləliklə də təzyiqlərə son qoyulacaq”.

Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 31-07-2017, 00:35
Xəbəri paylaş





Xəbər lenti