Bu yay Xəzərin Azərbaycan sahilləri Rusiyanın neoimperiya siyasətinin əyləncə məkanına çevrildi.
AnaXeber.az-ın Analitik Qrupu yazır ki, Azərbaycanın siyasi elitasına eyham xarakterli bu səfərlərin alt qatında mürəkkəb proseslərin başlanğıcı gizlənirdi. Təsadüfdirmi? - əsla.
Xəzərin Azərbaycan sularında “Dəniz kuboku-2017” yarışları keçirilir və rus gəmiləri Bakı buxtasına yaxınlaşır, Xəzərin o sahilində isə “JARA-2017” beynəlxalq musiqi festivalı təşkil olunur, rus ekstradasının ulduzları paytaxta təşrif buyurur.
Bu 2017 nədirsə, heç də Azərbaycan üçün ürəkaçan təqvim olmadı. Maraqlısı budur ki. “JARA-2017” festivalından hər gün dövlət televiziyası AzTV reportajlar təqdim edir. Oliqarx Araz Ağalarovun oğlu Eminin “See Breaze” otelinə topladığı Kirkorov, Puqaçova, Baskov, Qalkin, Qusman və başqaları əslində, Putinin “musiqili siyasəti”nin dirijor çubuğu ilə idarə olunan hadisəsində iştirakçıdırlar.
Avqustun 1-dən isə rus gəmiləri Xəzərin Bakı sularında dövr edəcəklər və biz Rusiyanın növbəti oyununa şahidlik edəcəyik.
Bəli, əslində “Dəniz kuboku - 2017” də, “JARA-2017” də Moskvanın siyasi oyunlarının modernizasiya edilmiş variantlarıdır.
Rusiya açıq-aşkar Bakıya həmlələr etməkdədir və Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən başlayaraq Lapşinin həbsi, cəbhədəki hadisələr və s. qədər gərginlik artmaqdadır.
Bu gərginliyin azalması Soçi görüşündə gözlənilirdi ki, Əliyev fərqli ovqatda geri qayıtdı. Və Putin Bakıda nə qoparmaq istəyirsə, tərəflər heç cür anlaşa bilmirlər.
Belə bir ərəfədə Ağalarovların Nardarandakı festivalı, avqustda dəniz kubokunun başlanması Kremlin çox ciddi mesajlarıdır.
Rusiya Azərbaycanın müstəmləkəsi olduğunu nümayiş etdirməyə çalışır. Rəsmi Bakı isə şimal qonşu ilə dərinə getmək istəmir.
Bu dəfə situasiya fərqlidir və Qərbin regionda Rusiya ilə toqquşmaq marağı yoxdur. Ona görə də Azərbaycan hakimiyyəti özünüqoruma instiktini gücləndirib.
Eyni zamanda bir neçə gün qabaq Bakının mərkəzində təşkil olunan konsert proqramında da əksər mahnıların rusca oxunması Kremlə edilən jestlər idi.
Bundan əvvəl isə ikinci dövlət dilinin rus dili olması təklifləri səslənmişdi, bəzi deputatlar Kremlin ürəyinə yağ kimi yayılan açıqlamalar verirdilər.
Moskvanın agentura şəbəkəsi, 5-ci kolon fəalları spekulyativ çıxışlarla diqqət çəkməyə başlamışdılar. Hətta iş o yerə çatmışdı ki, qeybə çəkilən Sürət Hüseynov “zühur” eləmişdi...
AnaXeber.az-ın Analitik Qrupu yazır ki, dövlət televiziyasının, rəsmi nəşrlərin “Jara-2017” festivalına xüsusi yer ayırması, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrin inkişafı barədə palaz-palaz məqalələrin həsr olunması Prezident Administrasiyasının yeni informasiya siyasətidir.
Rəsmi Bakı anti-Moskva ritorikasının mətbuatda güclənməsinə qarşı getməkdədir. Açığı desək, hakimiyyət Putin iqtidarını qıcıqlandırmaq istəmir.
Çünki rusiyalı prezidentə Azərbaycan mətbuatında hansı yazıların və reportajların getdiyi barədə xülasə məruzə edilir. Oxşar siyasət Türkiyədə də var.
Bir neçə il qabağa qədər Ərdoğan və onun hakimiyyətini sərt şəkildə tənqid etmək azadlığı var idi. İndi Ankara-Bakı münasibətlərində olan centlmen sazişi ondan ibarətdir ki, qardaş ölkələrin mediası hakimiyyətləri tənqid etməsin.
Bunun bariz nümunəsi ANS-in bağlanması və kanal “D” və FOX TV-nin Azərbaycan tezliyində yayımının dayandırılmasıdır. O baxımdan anti-Rusiya ritorikasının böyüməsinə imkan verilmir. Baxmayaraq ki, münasibətlər bir gərginlik hökm sürür.
Bunu prezidentlər görüşlərində hiss etdirməsələr də, faktiki Azərbaycan Rusiyanın təzyiqləri ilə üzləşib. Belə desək, hakimiyyətdən tələb olunan şərtlər və sazişlərin ağırlığı münasibətləri loyallaşdırmağa imkan vermir.
Kreml isə “əzələ” nümayiş etdirir və iyulun 30-da Moskvada hərbi donanmanın paradı da dünyaya bir siyasi ismarıc idi. Putinin iştirakı ilə keçirilən parada “ORT”dəa canlı yayımlanırdı və ilin-günün bu ayında heç bir dövlət hansısa parad keçirmir.
Amma Putin Şimali Koreyanı da qabaqlayaraq dünyaya “meydan oxuyur”. Belə siyasi mühasirədə Azərbaycanın Moskvanı qıcıqlandırması siyasi səbatsızlıq olardı.
Odur ki, Moskva istədiyini etməkdədir: gah dəniz kuboku yarışları başlanır, gah musiqili festival keçirilir, gah məhsullarımız Rusiyaya buraxılmır...
Yaxın vaxtlarda Rusiyadakı azərbaycanlıların, əsasən də ticarətlə məşğul olan soydaşlarımızın da kütləvi deportasiyasına başlansa, bazarlarda onlara qarşı aqressiv münasibət kampaniyası olsa, Azərbaycan hakimiyyəti seçkiqabağı çox ciddi təhdidlə üzləşə bilər.
Bir tərəfdən artan sosial-iqtisadi narazılıq xalqı hakimiyyətdən üz döndərməyə vadar edib, digər tərəfdən müxtəlif marginal və müxalif qruplar var ki, hər hansı siyasi dinamika olmasını gözləməkdədir, o bir yanda 3 milyon azərbaycanlı çörək pulu qazanır və Azərbaycandakı ailələrini dolandırır, bu halda iqtisadi blokada siyasəti yürüdülsə 2018 seçkiləri ərəfəsində Azərbaycanda ağır siyasi təlatümlər yaşana bilər.
Bakı isə Moskvaya sakitləşdirici yollar açır - festival, kubok, konsert...Görək bu “konsert”in sonu necə qurtaracaq...
Siam.az
Tarix: 31-07-2017, 10:02