ABŞ Azərbaycanın 100 km-liyindən Kremlə barmaq silkələdi - Bakı üçün fürsət?

ABŞ Azərbaycanın 100 km-liyindən Kremlə barmaq silkələdi - Bakı üçün fürsət? “Batan gəmini birinci siçovullar tərk edir...”; Amerika Tiflisdən Kremlə mühüm mesaj verdi; vitse-prezident Maykl Pensin Gürcüstan səfərində əsas hədəf; Vaşinqton qərb qonşumuzu separatçı bölgələri ilə birgə öz himayəsinə götürür, bəs Azərbaycan...

ABŞ-ın vitse-prezidenti Maykl Pens dünən Tiflisə gəlib. Gürcüstanda onun təzəcə başlamış NATO təlimlərini də müşahidə edəcəyi gözlənilir. Ancaq bu səfərin həm özü, həm də onun Alyansın təlimləri ilə eyni vaxta salınması şübhə yox ki, çox mühüm geosiyasi önəm daşıyır - istər bölgə üçün, istərsə də ABŞ-ın Rusiya ilə bundan sonrakı münasibətlərini perspektivi baxımından.

Xatırladaq ki, bu, yeni ABŞ administrasiyası dönəmində Gürcüstana Amerikanın ikinci şəxsi səviyyəsində edilən ilk ali səfərdir. Bu da ən əvvəl qərb qonşumuz Gürcüstana Vaşinqtonun verdiyi yüksək dəyərin və real dəstəyin təzahürüdür - hansı ki, Pensin Tiflis açıqlamalarında bir daha əksini tapmış oldu.


*****


Onu da yada salaq ki, bu səfərdən az öncə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ağ Evdə olmuş və prezident Donald Tramp tərəfindən olduqca isti qəbul edilmişdi. Gürcü baş nazirinin ABŞ səfərindən qabaq isə Amerika Senatı Gürcüstanla bağlı ayrıca bəndin də yer aldığı 2017-ci ilin büdcə sənədini təsdiqləmişdi. Sənəddə Rusiya işğalçı kimi tanınır və Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindəki separatçı rejimlərlə əlaqə quran şirkət və siyasi qüvvələrə sanksiyaların tətbiqi nəzərdə tutulur.




İndi - qısa müddət sonra isə ABŞ-ın vitse-prezidenti özü Tiflisə təşrif buyurub. Və təbii ki, “əliboş” gəlməyib. Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi məlumata görə, Pens Tiflisə ayaq basar-basmaz, ilk çıxışındaca Gürcüstanın ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir. “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”, - Pens deyib.


Qeyd edək ki, Maykl Pens Tallində Estoniya, Latviya və Litva liderləri ilə görüşdən sonra Gürcüstana gəlib. Bu da Moskvaya özünəməxsus bir mesajdır ki, üç postsovet ölkəsi - baltikyanı ölkələrdən sonra NATO və Avropa Birliyinə ən real namizəd məhz Gürcüstandır. Bu, həmçinin Gürcüstanın ərazi bütövlüyünün ABŞ tərəfindən qeyd-şərtsiz dəstəkləndiyinin, Rusiyanın Abxaziya və Cənubi Osetiya vilayətlərini işğal eləməsi ilə Vaşinqtonun heç vaxt barışmayacağının növbəti nümayişidir.




*****


Yeri gəlmişkən, Tallində Pens ABŞ və NATO üçün Rusiyanın əsas təhlükə olduğunu bəyan edib. “Rusiya NATO üzrə müttəfiq ölkələr üçün təhlükə kəsb edir və ABŞ əlindən gələni edəcək ki, bu təhlükəni önləsin. Biz alyansın ”bir NATO üzvünə hücum bütün NATO-ya hücumdur" maddəsini tam dəstəkləyirik, - deyə vitse-prezident Rusiyaya xəbərdarlıq şəklində bildirib.
“Rusiyanın pozuculuq hərəkətləri, Ukraynada törətdikləri və cinayətkar rejimlərə dəstəyi qəbuledilməzdir”. Bunu da ABŞ-ın 2-ci şəxsi Tallində deyib. Tiflisdə isə M.Pens prezident Trampın Rusiyaya qarşı yeni sanksiyalar haqda qanunu imzaladığını xüsusi bir şövqlə elan edib.


“Prezident Tramp bu sənədi imzaladı. Biz arzu edərdik ki, sanksiyalar ləğv olunsun. Ancaq bu, yalnız o halda mümkündür ki, Moskva öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Lakin Moskvanın son diplomatik addımları əfsus ki, əksini deyir”, - o qeyd edib.




Bu yerdə vurğulayaq ki, Moskva son ana qədər ümid edirdi ki, Tramp, hər halda, sənədi imzalamayacaq. Ancaq Tramp veto qoysaydı belə, Konqres 2/3 səs çoxluğu ilə vetonu aradan qaldıracaqdı. Çünki Rusiyaya münasibət hər parlamentin hər iki palatasında, demokratlar və respublikaçılar arasında kifayət qədər sərtdir. Tramp da bunu yaxşı bilir və axına qarşı dura bilməzdi. Əks halda, bir daha gizli rusiyapərəst olduğunu büruzə verməklə öz işini daha da qəlizləşdirmiş olardı.


*****


Sözsüz ki, M. Pensin bunu məhz Tiflisdən elan eləməsi də simvolik məna daşıyır. Əsasən ABŞ zirehli maşınlarının iştirak elədiyi NATO təlimlərinə təsadüf edən səfər isə Kremlə aydın ismarışdır ki, ABŞ artıq Güney Qafqazdadır və buradan çəkilmək niyyətində deyil. Bu mesajın bir diplomatik açması da odur ki, Vaşinqton 2008-ci ilin avqustundakı səhvini (Gürcüstanda “5 günlük müharibə”) bir daha təkrarlamayacaq, Rusiya buna ümid eləməsin.


Beləcə, ABŞ vitse-prezidentinin Gürcüstan səfəri və Tiflisdə səsləndirdiyi mesajlar Vaşinqton-Moskva münasibətlərinin kəskinləşdiyi dönəmə düşməklə nəinki Gürcüstan, bütövlükdə region üçün, o sırada da bölgənin əsas dövləti kimi Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır (Bizim qərb sərhədimizdən - Qazaxdan Tiflisə uzağı, 100 km-dir). Buna Bakı üçün yeni fürsətlər və seçim dönəmi də demək mümkündür.


*****


Xarici siyasi analitiklər də Rusiya-ABŞ münasibətlərinin artıq keyfiyyətcə yeni bir fazaya adladığını və bu fazada bir çox ölkənin seçim qarşısında qala biləcəyi haqda xəbərdarlıq eləməyə başlayıblar.


“Rusiya-Amerika münasibətlərinin bundan sonrakı gərginləşməsi bütün MDB-də hiss olunacaq”. Bu sözləri facebook səhifəsində rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb. “Rusiya-Amerika münasibətlərinin bundan sonrakı gərginləşməsi bütün MDB-nin konfiqurasiyasını dəyişdirəcək. Daha dəqiq desək, MDB-nin qalıqları dəyişəcək. Praktik olaraq bu təşkilatdakı bütün respublikalar hər şeyə hazır olmalıdır”, - Trofimçuk bildirib.


“Hər şeyə hazır olmağın” nədən ibarət olduğunu isə yəqin ki, yaxın zamanlarda biləcəyik. Ancaq bu yerdə işğalçı Ermənistanın son davranışına da diqqət yönəltmək lazım gəlir. Məsələ ondadır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiya-ABŞ münasibətlərinin yüksək gərginlik həddinə çatdığı indiki dönəmdə Gürcüstandakı NATO təlimlərinə qatılıb. Doğrudan da, “Batan gəmini birinci siçovullar tərk edir...”


Analitik xidmət
Tarix: 2-08-2017, 09:16
Xəbəri paylaş





Xəbər lenti