Rusiyaya qarşı yeni sanksiyalar Ermənistanı xofa salıb

Rusiyaya qarşı yeni sanksiyalar Ermənistanı xofa salıb İrəvan işğal ortağı olan Moskvanın itkilərinə ortaq olmaq istəmir, amma yayınmaq yolunu da bilmir; erməni şərhçi: “Ruslar bizi sakit buraxmayacaq, ölkə daxilində təzyiqi artıracaqlar...”

Günün sualı: işğalçı Ermənistan Rusiyadan elə-belə, heç bir bədəl ödəmədən, “Dağlıq Qarabağla birgə” uzaqlaşıb Qərbin qucağına düşə bilərmi?


Xəbər verdiyimiz kimi, ABŞ-ın Rusiyaya qarşı yeni və sərt iqtisadi sanksiyalar paketi qəbul eləməsi Moskvanın Güney Qafqazdakı yeganə forpostu olan Ermənistanda da həyəcan yaradıb. Bu da təbiidir. Çünki işğalçı ölkə olan-qalan iqtisadiyyatı və iqtisadi göstəriciləri ilə bütünlüklə Rusiyaya bağlıdır. Biz hələ onun Kremldən siyasi-hərbi və təhlükəsizlik asılılığını demirik.

Müşahidələr göstərir ki, Amerikanın müttəfiq Rusiyaya qarşı yeni sanksiyaları Ermənistanı daha çox narahat edir. Müşahidə edilən həmçinin odur ki, ermənilər Rusiya ilə Azərbaycan torpaqlarının işğal ortaqları olmasına rəğmən, sanksiyaların ağır nəticələrinə ortaq olmaqdan yayınmağın yolunu axtarırlar. Bu xüsusda düşmən ölkədəki bəzi ekspert rəyləri diqqət çəkir. Onları təqdim edirik.

***

Məsələn, Ermənistan xarici işlər nazirinin keçmiş müavini, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan hesab edir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Ermənistanın vəziyyəti çətin olacaq, çünki Ermənistan ABŞ və Rusiya arasında daha manevr edə bilməyəcək.

Navasardyana görə, ABŞ dünyada iqtisadi planda liderlik eləsə də, hərbi planda Rusiyanın ABŞ-la bir səviyyədədir. Onun fikrincə, soyuq müharibədən sonra Rusiya çöksə də, Vladimir Putin ölkəni bu vəziyyətdən çıxarıb, hərbi baxımdan ABŞ-la eyni səviyyəyə qaldırıb ki, bu da ABŞ-ın xoşuma gəlmir. Erməni diplomatın qənaətincə, ABŞ-ın siyasəti birbaşa Putinə qarşı yönəlib və bu, bəzi erməni dairələrində də müşahidə olunur. O hesab edir ki, Putin getsə, Ermənistan indiki gününə şükür eləməli olacaq.

“Çoxlarını Putin çəkindirir - Türkiyə məsələsində, Qarabağ məsələsində və bir çox digər məsələlərdə. Yoxsa siz hesab edirsiniz ki, Moskvada ancaq müstəsna olaraq erməniyönlü siyasi xadimlər oturub? Xeyr, orada Türkiyənin, Azərbaycanın də xeyli müdafiəçiləri var. Ona görə də Putin getsə, biz indiki günümüzə şükür eləməli olacağıq” - Arman Navasardyan bildirib.

***

Musavat.com-un məlumatına görə, “Aravot” qəzetinin şərhçisi Ruben Meqrabyan isə hesab edir ki, yeni sanksiyalar Putin rejiminin bütün əsas dayaqlarına, Rusiyanın hərbi və iqtisadi potensialına, onun ölkə xaricində təsir imkanlarına sistemli zərbə deməkdir: “Sanksiyalar paketi ilə Rusiyanın Ermənistandakı fəaliyyəti bütünlüklə qanundankənar qoyulub və cəza təsiri altına düşəcək. ”Qazprom" və “Rosneft” Ermənistanda öz inhisarçı mövqelərini saxlayır, Rusiyanın boru xətti, Rusiyanın təbliğatı maşını işləyir, üstəlik, erməni vergi ödəyicisinin boynuna “birgə hərbi qruplaşma” qoyublar. Ermənistandakı korrupsioner-oliqarxik sistem isə Rusiyanın erməni “törəmə müəssisəsi”nə çevrilib".

Erməni şərhçi daha sonra yazır: “Bizim ölkənin siyasi müstəvisinin böyük bir hissəsində belə bir sualı verməyə öyrəşməyiblər: əgər Moskvanın həm iqtisadi, həm hərbi, həm də təhlükəsizlik rıçaqları sıfırlanmağa başlasa, onlar nə edəcəklər? Ermənistanın siyasi müstəvisində adətən ”öyrəşiblər" ki, əbədi olaraq belə davam eləməlidir. İyulun 28-də ABŞ-ın və Britaniyanın Ermənistandakı səfirləri vahid bir mövqe sərgiləyərək bəyan elədilər ki, “təhlükəsizlik və müdafiə sahələrində çox vacibdir ki, Ermənistan kiminlə əməkdaşlıq edə biləcəyini özü müəyyən eləsin”. Ancaq ABŞ səfiri də Ermənistana mane ola bilməyəcək, əgər biz öz çiynimizi sanksiyalar təzyiqi altına qoyub dünyadan təcrid olunmağa çalışacağıqsa".

Meqrabyana görə, rəsmi İrəvanı nəinki çətin günlər gözləyir, onlar artıq çoxdan çətin günlər yaşayırlar: “Aydındır ki, məntiqə zidd olan publik iddialarla diplomatiya aparmaq çətindir. Hərgah... buna görə günahkar kimdir? Vaxtında fikirləşmək və bir neçə sadə şeyləri hesablamaq lazım idi, nəinki indiki anaxronik reallıqların əbədiliyinə ümid eləmək. Ruslar bizi sakit buraxmayacaq, bu aydındır, onlar bütün imkanları ilə ölkə daxilində təzyiqi artıracaqlar. O da istisna deyil ki, Moskva İrəvandan tələb edəcək ki, KİV-lərdə və vətəndaş cəmiyyətində ”qayda-qanun" yaratsın, habelə Rusiya təmas xəttində gərginliyi artıracaq və psevdo-radikal qruplaşmaları, Ermənistan daxilindəki qruplaşmaları fəallaşdıracaq".

Navasardyan hesab edir ki, bütüm bunların effektli şəkildə önlənməsi üçün Ermənistanın siyasi kəsimindən yüksək səviyyəli dövlət düşüncəsi tələb olunur. “Ən böyük səhv prosesi indiki hakimiyyətin öhdəsinə buraxmaq və ya onun məsuliyyətinə arxayın olmaqdır. Bu hakimiyyətin keyfiyyətinin ən yaxşı göstəricisi bu gün düşdüyümüz reallıqlardır. Ancaq reallıqlar dəyişir. Yeni yanaşmalar, yeni siyasi gündəm tələb olunur - harada ki, siyasi sayıqlamağa yer ola bilməz, hansı sayıqlamağa ki, bu günədək dözümlü yanaşmışıq. Biz daha Rusiyaya qarşı sanksiyalara ”inteqrasiya" ola bilmərik. Biz bütün bunlardan bacardıqca, nə qədər mümkündür uzaq durmalıyıq. Və həm də tez", - deyə o əlavə edib.

***

Ancaq bu, mümkünmü? Günün sualı da budur ki, işğalçı Ermənistan Rusiyadan elə-belə, heç bir bədəl ödəmədən, “Dağlıq Qarabağla birgə” uzaqlaşıb Qərbin qucağına düşə bilərmi? Qərbə, ABŞ-a qarşı qəzəbli olan Moskva bunu İrəvana bağışlayarmı? Ermənilər doğrudanmı fərqində deyillər ki, Rusiya çoxdan Ermənistanın içindədir, iqtidarında, müxalifətindədir, onun sərhədlərini, hava məkanını belə, ruslar qoruyur, iqtisadiyyatı bütünlüklə Rusiyanın nəzarətindədir, büdcəsinin əhəmiyyətli hissəsi Rusiyadakı erməni əmək miqrantlarının göndərdiyi pul transfertləri hesabına dolur? Nəhayət, 102 saylı Gümrü hərbi bazası necə olsun bəs?

Əlbəttə ki, Ermənistan üçün rus girovluğundan çıxmaq asan olmayacaq. Düzdür, bu mümkünsüz də deyil. Fəqət, sonuc Ermənistanın arzuladığı kimi, “Qarabağı da götürüb getmək” şəklində olmayacaq. Ermənilər isə məhz buna ümid edir və düşünürlər ki, Rusiyanı ABŞ-a dəyişsələr, Dağlıq Qarabağ yenə onlarda qalacaq.
Tarix: 3-08-2017, 09:56
Xəbəri paylaş





Xəbər lenti