Kreml rezidentlərinin sirli revanşı

Kreml rezidentlərinin sirli revanşı İlham İsmayıl: “Surət Hüseynov Rusiya hərbi dairələrinə bağlı adam olub”

Sabiq baş nazir, qiyamçı polkovnik Surət Hüseynov son günlər yenidən medianın gündəminə gəlib.Siyasətlə məşğul olmaq istəmədiyini deyən Surət Hüseynovun mətbuata verdiyi müsahibələri əslində başdan-ayağa siyasi bəyanatlardan ibarətdir. İki dəfə silahlı dövlət çevrilişinə qalxmış və bu cinayətinə görə 8 il həbsdə yatmış Surət Hüseynov həmişəki kimi heç bir günahı olmadığını iddia edir. Halbuki, Azərbaycanın müasir tarixindəki ən qanlı səhifələrin yazılmasında “qiyamçı polkovnik”in xüsusi fəaliyyəti olub. 1993-cü ildə hərbi qiyamla qanuni hakimiyyəti devrməsi, nəticədə Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı, 1994-cü ilin oktyabr ayında yenidən silahlı yolla dövlət çevrilişinə cəhd, günahsız insanların qətli məhz Surət Hüseynovun başçılığı ilə həyata keçirilib.


Çox yaxın tarixdə baş verən bu hadisələr xalqın gözü qarşısında baş verib.Həmin proseslərin əksər şahidləri indi də həyatdadır. Ona görə də Surət Hüseynov tarixi gerçəkliyi dana bilməz. Azərbaycana ən böyük zərbəni vuran isə Surət Hüseynovun şəxsiyyətindən daha çox onun törətdiyi əməllər olub.Çünki bu qiyamlar ilk növbədə, Azərbaycana düşmən münasibət bəsləyən dövlətlərin maraqlarına xidmət etdi.Surət Hüseynov qarğış-söyüş etməklə Rusiya ilə heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışır.“Allah bunu deyənlərə lənət eləsin!”-deyən sabiq korpus komandiri AXC-Müsavat hakimiyyətində təmsil olunanları satqınlıqda ittiham edib. Ancaq 1993-cü il 4 iyun qiyamı Rusiyanın, Ermənistanın və İranın maraqlarına cavab verirdi. 1993-cü ildə AXC hakimiyyətinin devrilməsi planının Rusiya tərəfindən hazırlandığı və Surət Hüseynovun da icra etdiyi heç kəsə sirr deyil.

1994-cü ildə isə Azərbaycanın Qərblə sıx strateji əlaqələr qurmasından narahat olan Rusiya növbəti dəfə S.Hüseynovun əlilə hakimiyyəti silahlı yolla dəyişməyə çalışdı.Ancaq S.Hüseynovun bu dəfə zərərsizləşdirilməsi Azərbaycan dövlətçiliyinin başı üzərindən qara buludları qaldıra bildi.Ona görə də zaman-zaman Rusiya Azərbaycanda siyasi mühiti qarışdırmaq və ya təzyiqləri artırmaq planını işə salanda həm də Surət Hüseynovun fəallaşması müşahidə olunur. O mətbuatda, sosial şəbəkələrdə qəhrəman, xeyriyyəçi, xilaskar kimi təqdim olunur. Ötən il də Surət Hüseynov Qazilər Fondu yaratmaq istəyi ilə gündəmə gəlməyə çalışmışdı.

2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.Seçkilər yaxınlaşdıqca Azərbaycan ətrafında Rusiya, ABŞ, İran və NATO kimi güclər arasında geosiyasi rəqabət dərinləşməyə başlayıb.ABŞ-ın Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra Cənubi Qafqaz, o cümlədən Azərbaycan uğrunda geostrateji maraqlar toqquşması yeni mərhələyə daxil olub.Bu mübarizənin seçkilər ərəfəsində güclənəcəyi şübhə doğurmur.Təbii ki, Surət Hüseynov kimi adamlar bu prosesdə heç bir əhəmiyyət və təsir gücünə malik fiqur hesab olunmaya bilər.Lakin seçkilərə doğru Rusiyanın Azərbaycana təzyiqlərinin artacağı gözləniləndir.Ona görə də Moskva rəsmi Bakıya təsir vasitələrini işə salmaq üçün ən xırda kartlarını belə işə salmağa çalışacaq. Surət Hüseynov hər hansı siyasi nüfuzu olmadığından özünün dediyi kimi siyasətlə məşğul olmayan adam təsiri bağışlaya bilər. Amma unutmaq olmaz ki, Dubayda, Türkiyədə geniş biznes qurmuş Surət Hüseynovun əlində xeyli maddi kapital cəmləşib. Ölkədə sosial-iqtisadi problemlərin, işsizliyin artdığı bir dövrdə Rusiyanın Surət Hüseynovdan təzyiq vasitəsi kimi istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz.

Surət Hüseynov 1993-94-cü illərdən fərqli olaraq, hakimiyyətə qarşı bu dəfə “Kalaşnikov” la deyil, insanları pul verib verib öz tərəfinə çəkməklə mübarizə apara bilər.Görünür, Surət Hüseynov Azərbaycan dövlətinə yun zavodu kimi baxır və əldə etdiyi maddi kapitalı siyasi kapitala çevirmək arzusuna düşüb.Lakin “qiyamçı polkovnik” və onun havadarları bir amili nəzərdən qaçırmamalıdır ki, Surət Hüseynov Azərbaycanın nə hakimiyyyət düşərgəsində, nə də müxalifətdə qəbul olunmur.Ona görə də bu gün eks-prezident Ayaz Mütəllibovun Surət Hüseynovu dəstəkləyən açıqlama verməsi AXC-yə qisas hissini nümayiş etdirməkdən başqa bir şey deyil.

Kreml rezidentlərinin sirli revanşı

AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı işləmiş İlham İsmayıl deyir ki, Surət Hüseynovun Rusiyanın xüsusi xidmət orqanları ilə birbaşa bağlı olduğunu iddia etmək mümkün deyil. Lakin 1992-1993-cü cü illərdə S.Hüseynovun Rusiya hərbi dairələri və Azərbaycanda dislokasiya olunmuş Sovet hərbi kontingenti ilə münasibətləri yüksək səviyyədə olub: “Sonra da ruslar bunu dəyərləndirib və onu lazım olan şəkildə istiqamətləndirib. Bu mənada, o Rusiya ilə bağlılığını dana bilməz. Onu hər kəs bilir.Surət Hüseynova silahı da, təlimatı da Rusiya verirdi. 1993-cü il 4 iyun qiyamında isə Rusiyanın göstərişi ilə olmasa da dövlətin üzərinə getdi və hakimiyyət çevrilişi etdi. Onun ən böyük günahlarından biri 4 iyun qiyamıdır.Ona görə də Surət Hüseynov deyə bilməz ki, mənim günahım yoxdur.Lakin Surət Hüseynov artıq siyasi cəhətdən çıxdaş olub və Azərbaycanın siyasi həyatına təsir imkanlarını itirib. Heç kim Surət Hüseynovun arxasınca getməz. Onun heç bir elektoratı yoxdur”.

İlham İsmayıl bildirdi ki, Surət Hüseynov həbsdə olduğu müddətdə də siyasi sifariş əsasında AXC hakimiyyəti haqqında ittihamlar yağdırıb: “Surət Hüseynov AXC-Müsavat hakimiyyətində baş nazirin müavini olub. O xəyanətkar sözünü elə öz üzərinə götürməlidir. Ağdərə istiqamətində aparılan döyüşləri yarımçıq dayandırması və geri dönməsi ən böyük xəyanət idi. O, qoşunu Vəngdən geri çəkdi. Bütün bu hadisələri mən yaxşı xatırlayıram.Surət Hüseynov yalan və böhtan danışır.Hətta mən deyərdim ki, bu günkü hakimiyyət qarşısında xal qazanmaq üçün belə danışır”.(Cebhe.info)

Siam.az
Tarix: 6-08-2017, 17:41
Xəbəri paylaş





Xəbər lenti