Azərbaycanda prezident seçkiləri:“Rusiya Azərbaycanın zəifləməsində, Qərb isə möhkəmlənməsində maraqlıdır”
Qərb-Rusiya qarşıdurmasında yeni müstəvi
“Rusiya Azərbaycanın zəifləməsində, Qərb isə möhkəmlənməsində maraqlıdır”.
Bu fikirləri Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində Qərblə Rusiyanın əks ssenarilər tətbiq etmələrinin mümkünlüyünü dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, bu məsələdə daha çox fəallıq göstərməyə çalışan Rusiya Azərbaycanı da Ermənistan kimi özündən asılı vəziyyətə salmaq niyyətindədir:
“Azərbaycanın Rusiyanın müxtəlif təzyiqlərindən, o cümlədən qarşıdan gələn prezident seçkilərində mümkün müdaxilələrindən qorunması üçün Qərblə yaxınlaşması vacibdir.
Əgər Qərblə münasibətlərdə Rusiya amilini nəzərə alsaq, Moskvanın təzyiqlərindən bizi heç kim qorumayacaq. Rusiyanın Azərbaycandakı 2013-cü il seçkilərinə müdaxilə planı hazırladığı da unudulmayıb.
Bütün bunlar ona görə baş verir ki, Kreml Azərbaycanı da Ermənistan kimi özündən asılı vəziyyətə salmaq niyyətindədir. Biz Moskvanın bu cəhdlərinə müqavimət göstərdikdə isə daxili işlərimizə qarışır”.
Politoloq hesab edir ki, mühüm strateji əhəmiyyətə malik Azərbaycanda Qərblə Rusiyanın mövqeləri hər zaman toqquşacaq:
“Rusiya Azərbaycanın zəifləməsində, Qərb isə möhkəmlənməsində, taleyini özünün müəyyənləşdirməsində maraqlıdır. Ona görə də bu iki fərqli mövqe Azərbaycanda hər zaman toqquşacaq”.
Siam.az
Tarix: 8-08-2017, 08:26