Rusiya 2-ci Qarabağ müharibəsinə “seyrçi” qala bilər

Rusiya 2-ci Qarabağ müharibəsinə “seyrçi” qala bilər Azərbaycanlı ekspertlər rus və erməni politoloqların səs-küyünə reaksiya verdilər; BMT Baş Assambleyasının 72-ci sessiyasında XİN başçılarının bir araya gətirilməsi planlaşdırılır, İrəvan növbəti təxribata əl ata bilər...

Qarabağ məsələsinin tənzimlənməsi prosesini hələ ki “ölü” nöqtədən tərpətmək mümkün olmadığı şəraitdə şimal qonşumuzdan vaxtaşırı ziddiyyətli xəbərlər gəlir. 2-ci Qarabağ savaşının başlayacağı halda gah Rusiyanın prosesə aktiv müdaxilə edib Ermənistanı qoruyacağı barədə şərhlər verilir, gah da əksinə, Kremlin iki dövləti baş-başa qoyacağı, prosesləri kənardan müşahidə edəcəyi iddiası səslənir.


Daha çox səslənən ehtimal bundan ibarətdir ki, həmsədr ölkə məsələnin nəzarətdən çıxmasını istəmir, eyni zamanda status-kvonun dəyişməməsinə çalışır. Yeri gəlmişkən, aprel döyüşlərindən sonra baş nazir Dmitriy Medvedev də “ən yaxşı” çıxış yolu kimi tənzimləməni gələcək nəslə saxlamağı təklif etmişdi. Bu günlərdə isə yeni bir versiya ortaya atılıb. Rusiyanın aparıcı iqtisadçılarından biri, publisist, iqtisadi elmlər doktoru, professor Nikita Kriçevski Virtualaz.org-a maraqlı açıqlamalar verib. ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanunu imzalamasından bəhs edən ekspert son qərarın region ölkələrinə - Azərbaycana və Ermənistana hər hansı şəkildə təsir göstərib-göstərməyəcəyindən bəhs edib. Onun fikrincə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Azərbaycana heç cür təsir etməyəcək. Çünki bu ölkə özünü dolandırmaq iqtidarındadır və neft-qaz sektorundan savayı, digər inkişaf etmiş sənaye sahələrinə malikdir. “O ki qaldı Ermənistana, anlamaq lazımdır ki, Rusiya bu ölkənin donorudur. Heç hərbi-siyasi amili - Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğunu nəzərə almıram. Rusiyanın Ermənistana yardım imkanları kifayət qədər azalacaq”-rus ekspert əlavə edib.

Nikita Kriçevski ardınca ilginc şərhi ilə diqqət çəkib. “Krımın Rusiyaya birləşdirilməsi baş tutandan sonra, düşünmürəm ki, Rusiya Qarabağ probleminin güc yolu ilə həllinə qarşı qəti şəkildə qarşı çıxa bilsin. Əlbəttə, bu, o qədər də yaxşı iş deyil, lakin buna baxmayaraq, biz anlayırıq ki, bu, həmin torpaqların ”ana dövləti" - Azərbaycanla birləşdirilməsi məsələsidir"-o, deyib.



Deputat Fazil Mustafa isə “Yeni Müsavat”a açıqlaması zamanı əksini qeyd edərək bildirdi ki, bu sanksiyaların dolayı yolla Azərbaycana təsiri yetərincədir: “Orada əmək miqrantı kimi məskunlaşan azərbaycanlıların gəlirləri azaldıqca burada onlardan yardım alan insanların sosial vəziyyəti də ağırlaşır. Digər tərəfdən, Rusiya Qərblə gərginliyinin acığını gücü yetdiyi yaxın ətrafı ilə yönəltməyə başlayır. Ancaq Qarabağ məsələsi elə bir spesifik xarakter daşıyır ki, Rusiyasız da Ermənistanı dəstəkləyən qüvvələr eyni kursu davam etdirəcəklər. Ona görə də bu məsələdə Rusiyanın təklənməsi bizim xeyrimizə yeni və əlverişli situasiya yaratmayacaq”.



Politoloq Arzu Nağıyev də vurğuladı ki, Rusiya iqtisadçıları, həmçinin siyasi elitası əsasən Rusiyanın maraqlarından çıxış edir və bu təbiidir: “Krım və Dağlıq Qarabağ münaqişəsinin həllinin müqayisəsi də bu qədər oxşar deyil. Belədirsə ,Gürcüstanla bağlı, daha doğrusu Abxaziya və Cənubi Osetiya məsələsini necə şərh etmək olar? Güc hesabına, milli müqəddəratın həllini bəhanə gətirməklə və heç bir konkret arqument və ya səbəb olmadan başqa bir dövlətin ərazi bütövlüyünü pozaraq ilhaq etmək - heç bir beynəlxalq norma və prinsiplərə uyğun gəlmir”.

Politoloq qeyd etdi ki, faktiki olaraq Dağlıq Qarabağ ərazisi Azərbaycandan zor gücünə alınıb və məhz havadarlarının hesabına Ermənistanın cinayətkar hakimiyyəti tərəfindən də zorla saxlanılır: “Bütün dünya ictimaiyyətinə məlumdur ki, Rusiya SSRİ dövründən qalan və sonra yaradılan münaqişə ocaqlarının birbaşa iştirakçısıdır və məhz buna görə də həqiqətə açar fiqurdur. Yəni Ermənistan onun vassalıdır, iqtisadiyyatının yarısından çoxu Rusiyanın əlindədir, hərbi potensialına tam nəzarət edir və bunun hesabına siyasi məsələləri də tənzimləmək iqtidarındadır. Əlbəttə, Rusiyanı belə bir durumunda Azərbaycan daha faydalı tərəfdaşa çevrilə bilər və Rusiya başa düşür ki, ortada Türkiyə, İran və hətta deyərdim ki, müsəlman inanclı federasiya subyektləri varsa, Ermənistan ikinci plana keçir. Məlumdur ki, bu gün Rusiya Dağlıq Qarabağ münaqişəsini Ermənistanın istəmədiyi şəkildə həll etməyə çalışsa, ermənilər Qərbə üz tutacaqlar və Rusiya bundan elə mühüm bir şey itirmir. Azərbaycanı itirmək isə demək olar ki, bütün regionu itirmək deməkdir. Məhz buna görə də Rusiya tərəfi belə açıqlamalar verir”.



Politoloq Elçin Mirzəbəylinin də bu məsələ ilə bağlı maraqlı baxış bucağı var. Ekspert qeyd etdi ki, Nikita Kriçevski Rusiyanın nüfuzlu iqtisadçılarından biridir. Lakin geosiyasi məsələlərdə “piyada” olduğu açıq-aşkar görünür: “Digər tərəfdən, Nikita Kriçevski istəsə də, Kremlin ümumi strateji xəttindən ciddi şəkildə fərqlənən fikir söyləyə bilməz. Onun sanksiyalarla bağlı söylədikləri də reallığı əks etdirmir. Rusiyaya qarşı sanksiyalar iki dəfə bu ölkənin dağılmasına səbəb olub. Birinci dünya müharibəsindən sonrakı dövrü və SSRİ-ni süquta uğradan prosesləri unutmaq lazım deyil. Sanksiyalar artıq Rusiyaya təsir göstərib və bu proses getdikcə qarşısıalınmaz olacaq”. Hərbi əməliyyatlarla bağlı məsələyə gəlincə, E.Mirzəbəyli qeyd etdi ki, bu, Kriçevskinin subyektiv ehtimallarıdır: “Rusiyalı mütəxəssisin Krımın işğalı məsələsini Qarabağla eyniləşdirməsi tamamilə yanlış və təhlükəli yanaşmadır. Krım Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisidir. Rusiya ilə Ukrayna arasındakı münaqişəyədək, yəni bir neçə il öncəyə qədər Moskva da Krımı Rusiya ərazisi kimi tanıyırdı. Bununla yanaşı Rusiya Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında bu ölkənin ərazi bütövlüyünün qorunmasına təminat verən üç ölkədən biri idi. Rusiya Krımı işğal edib. Ermənistan isə Qarabağı. Rusiya da, Ermənistan da işğalçıdır. Bu baxımdan Rusiyanın Krımla bağlı davranışını Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətində atacağı addımlarla eyniləşdirmək simasızlıqdan başqa bir şey deyil. Digər tərəfdən əgər Rusiyanın qismən də olsa neytrallığını təmin etmək mümkün olsaydı, işğal altında olan torpaqlarımız çoxdan azad edilmişdi. İşğalın davam etməsinin əsas səbəbkarı Rusiyadır”.

***

Bu arada işğalçı ölkədə hökm sürən təşvişin səbəbləri də maraq doğurur. Düzdür, ermənilər daha çox hay-küy salmağa, şivən qoparmağa, özlərini yazıq görkəmdə göstərib nələrisə qoparmağa və kimlərinsə qoltuğunda daldalanmağa meylli toplumdur. Ancaq xüsusilə də regionda baş verənlərin, Rusiya ətrafında həlqənin daralması və işğalçının himayədarının başının daha ox özünə qarışması fonunda eşidilən hay-küy əsaslı da ola bilər. Ermənistan mediasında yazılanların həqiqət yükünü olduğunu da demək mümkündür. Üstəlik, bir ayağı NATO-da olan Ermənistan Rusiyanın müəllifliyi ilə yaradılan birliklərdə üzlüyə son vermək üçün məqam da gəzir. Lakin bu ayrılmanın ona baha başa gələcəyini də yaxşı bildiyi üçün ortada var-gəl edir.



ABŞ-ın Rusiyaya qarşı birtərəfli tətbiq etdiyi sanksiyalar Ermənistana da ciddi təsir edəcək. Bu barədə İrəvanda News.az müxbirinə erməni politoloq Stepan Qriqoryan bildirib. Onun sözlərinə görə, əsas problem Ermənistanın Avrasiya İttifaqının üzvü olmasından qaynaqlanır: “Əgər Rusiyada iqtisadiyyat zəif inkişaf edəcəksə, büdcə daha aşağı olacaqsa, aydındır ki, Rusiyanın Avrasiya İttifaqını inkişaf etdirmək üçün vəsaitləri qalmayacaq. Bu, o deməkdir ki, bir çox planlaşdırılan layihələr gerçəkləşdirilməyəcək, ya da Rusiya proteksionizmi gücləndirəcək”. Yəni Qriqoryan qorxur ki, erməni malları Rusiya bazarına girə bilməyəck, iş yerlərinə erməniləri yox, yalnız Rusiya vətəndaşlarını götürəcəklər və s. Beləliklə, erməni ekspert həmvətənlərinə kənar qüvvələrə yox, öz güclərinə arxalanmağı çağırıb.

Eyni mövqedən politologiya doktoru, bir müddət Ermənistan baş nazirinin köməkçisi olmuş politoloq Hayk Martirosyan da çıxış edib. Martirosyan erməniləri Qarabağ müharibəsində kənar qüvvələrə arxalanmamağa çağırıb. O, qeyd edib ki, əgər Azərbaycan Dağlıq Qarabağda döyüş əməliyyatlarına başlasa, o, əmin deyil ki, beynəlxalq birlik və yaxud ayrıca hansısa dövlət Azərbaycanı dayandırmaq niyyətində olacaq: “Ermənistanda nəhayət ki, beynəlxalq birliyə inamdan imtina etməlidirlər və ya istər müsbət olsun, istərsə də mənfi ona hansısa ümidlər bağlamağı dayandırmalıdırlar”.

Yəni bir vaxt Ermənistan hökumətində təmsil olunmuş yetərincə ağıllı politoloq öz həmvətənlərini başa salır ki, müharibə olarsa Ermənistanla Azərbaycan təkbətək qalacaq və həlledici nəticəni döyüş meydanı müəyyən edəcək. Aprel döyüşləri göstərdi ki, Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan Ermənistanın bütün silahlı qüvvələrini elə Qarabağda məhv etmək iqtidarında idi.

Ermənistan bütün qüvvələrini Qarabağ yığmışdı və Rusiyanı vasitəçi salaraq vaxt udmağa çalışırdı. Azərbaycan isə öz hərbi gücünün 15-20 faizindən istifadə edirdi. Lakin buna baxmayaraq Ermənistan ordusu itirdiyi mövqeləri geri ala bilmədi.



İstiPress-in məlumatına görə, Hayk Martirosyan dolayısı ilə erməniləri başa salır ki, münaqişənin Madrid prinsipləri ilə həllindən və Qarabağ ətrafı rayonları öz xoşlarına tərk etməkdən başqa yolları yoxdur. Əks halda, həmin rayonları Azərbaycan ordusu hərb yolu ilə alacaq və minlərlə erməni əsgəri qurban gedəcək.

Ermənistan NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərində qatılandan sonra Rusiyadan ekspertlər səviyyəsində onu təşvişə salan açıqlamaların gəlməsi kifayət qədər diqqət çəkir. Ancaq on illərin təcrübəsi göstərir ki, ermənilər heç vaxt Kremlin iradəsindən kənar addım atmayıb, Serj Sərkisyan isə hətta acıb-acmamasını da Moskva ilə dəqiqləşdirir. Bu mənada İrəvanın Moskvanın iradəsindən kənar addımlar atması az inandırıcıdır. Belə bir məqamda Rusiyanın hərbi əməliyyatlara etiraz etmədiyi barədə ictimailəşdirilən məlumat mümkündür ki, Ermənistana yönəlik “şifrəli kod”, mesaj xarakteri daşıyır.



Qarabağdakı vəziyyətin hər an nəzarətdən çıxa biəcəyini isə hər kəs bilir. İşğal altındakı ərazilərin azad olunmasını tələb edən qətnamələrin icrasını tələb etməkdənsə, tərəfləri nazirlər səviyyəsində bir araya gətirməyi vacib sayan BMT-də isə növbəti müzakirələr gözlənilir. “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb. APA-nın məlumatına görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib. Bildirilir ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüşə qədər isə hələ çox zaman var və mümkündür ki, düşmən növbəti təxribata əl atmaqla görüşü pozsun. Bundan əvvəl keçirilən toplantıların biri ərəfəsində Ermənistana məxsus hərbi helikopter Ağdam ərazisi üzərində uçuş keçirdiyi üçün məhv edilmişdi və bundan sonra düşmən ölkə bəhanə tapıb görüşdən imtina etdi. Gözləyək, görək bu dəfə nə baş verəcək...

Musavat.com
Tarix: 8-08-2017, 08:55
Xəbəri paylaş





Xəbər lenti