Moskva erməniləri təxribata həvəsləndirir - Politoloq
Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətdə mövqelərimizi vurur, insanlarımızı hədəf alır.
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, ermənilərin cavabı mütləq elə həmin istiqamətlərdə verilməlidir:
“Əks halda İrəvan elə biləcək ki, Rusiya-Ermənistan hərbi qoşun birliklərindən və ya prosesə Rusiyanın qarışa biləcəyindən çəkinirik və olanlara seyrçi qalacağıq. Rusiya vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib və Moskva indi də erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir. Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır deyərkən elə bugünü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq, ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını da yerləşdirdi.
O ki qaldı ötən gün Tovuzun Qaralar kəndində ermənilərin yaraladığı 13 yaşlı uşağa, bu hadisənin cavabı Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir. Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyi birgə açıqlama yayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir”.
Tarix: 8-08-2017, 16:12