"LÜTFİ ZADƏ AZƏRBAYCAN ÜÇÜN NƏ EDİB?" DEYƏNLƏRƏ TUTARLI CAVAB:"...XALQIN BAŞUCALIĞIDIR"
"Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lütfi Zadə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər! Normal bir istək! Heç Lütfi Zadə olmasın, sadə bir vətəndaş belə xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır. Qəribəmə gəldi ki, sosial şəbəkədə buna da irad bildiriblər. İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: "Axı o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?""
Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində yazıb. Parlament üzvünün sözlərinə görə, bizim məmləkətdə insanın çəkisi tərəzi ilə ölçülür, ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir:
"Harada ki, insanın çəkisi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalır. Bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfüzadənin Azərbaycan üçün etdiklərinin tərəzidə çəkisi nə ola bilər ? Bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, çəkisi 60, 70 kilo ilə müəyyənləşdirilməz!!!
Elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır. Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazım gəlir. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə, 2021-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfi Zadə obrazında hər zaman inam daşıyacaq!
Bir də Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək, bu gözəlim məmləkətdə minlərlə dəyərli Vətən övladı ilə yanaşı on minlərlə Vətənə faydası dəyməyən insan dəfn olunub. Bu məmləkətin torpağına bu milləti azadlığa qovuşduran Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyski və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıblar. Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfi Zadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə Vətənə, yəni Azərbaycana dəyər verməkdir!
Ayyət ƏHMƏD
Tarix: 10-08-2017, 08:44