Bir sıra Azərbaycan KİV-inin yazdığının əksinə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Bakıdadır.Virtualaz.org-un müxbiri onunla İçərişəhərdə gəzərkən rastlaşıb
Fərhad Əliyev eksklüziv müsahibə almaq xahişi ilə ona müraciət edən əməkdaşımıza bildirib ki, indi bunun üçün münasib vaxt deyil. Bununla belə, o, yaxın gələcəkdə belə bir imkanı istisna etməyib.
Ulus.Az-ın Siyasət Şöbəsinin xəbərinə görə, keçmiş nazirə Bakıda “yaşıl işıq” yandırılması onun intensiv vətənə gəlib-gətməsi ilə müşayiət olunur.
Sabiq nazir Sumqayıtda zavodun fəaliyyətə başlamasına razılıq verməkdə prezident İlham Əliyevə borcludur. Onun etdiklərindən sonra əfv olunması, sonra biznesinə şərait yaradılması məhz siyasi qərardır.
Haşiyəyə çıxaraq deyək ki, qambit şahmat tərəflərdən birinin mərkəzdəki piyadaların inkişafını üçün verilən qurbandır. Belə versiyalar var ki, Qərbin də Putinin Abbas Abbasovunun qabağına qambit olaraq Fərhad Əliyevi çıxaracağı istisna edilmir.
Baş nazirin keçmiş müavini ilə sabiq iqtisadi inkişaf naziri iki supergüc dövlətlərin qambiti rolunda çıxış edirlər. Abbasovla Əliyev missionerlərdir. Hər ikisi 2017-ci ildə fəallaşıblar.
Ərdoğanın xahişi ilə F.Əliyevin biznes qurmasına şərait yaradılıb, ÜAK ləğv olunar-olunmaz A.Abbasov aktivləşib, toplantılar keçirib, Putindən təşəkkür məktubu alıb.
Bütün bu hadisələr təsadüf deyil.
Eyni zamanda F.Əliyevin varlığı daxili çəkişmələrdə, oliqarx-nazirlərlə mübarizədə də faydalıdır. Həbsdən sonra onun bəzi məmurlarla konflikt ocaqları sönməyib.
F.Əliyev mətbuatdan qaçır, siyasi meydandan uzaqlaşır. Bu da ona cızılan dairədən bir addım kənara çıxmamağın siyasi xəritəsidir. Vaxtilə Qərbin siyasi ssenarilərinin qurbanı olan keçmiş nazir anlayır ki, indi əvvəlki əyyam deyil.
Onun resursları, siyasi gücü də yoxdur. Sadəcə, müəyyən peşka rolunu oynaya bilər. Əsas hədəf isə biznes imkanlarını inkişaf etdirməkdir.
Prezident də ona şərait yaradıb ki, işlə, qazan, iş yeri aç, insanlar çalışsın, ölkəyə investisiya daxil olsun. Yəni, dövlət başçısı məsələyə sırf ölkə iqtisadiyyatına xeyir vermək aspektdən yanaşır.
2005-ci ildə Qərbin yaratdığı şəbəkənin böyük bir qolu kəsilərək proje de-şifrə olundu. O dövrün hadisələrində “Sem dayının uşaqları”nın ideoloqu kimi iqtisadi inkişaf naziri Fərhad Əliyevin başı getdi.
Parlamentdə narıncı rəngli qalstukda gələrək hesabat verən nazir “narıncı inqilab”a eyham vururdu. Qırğızıstan, Gürcüstan, Ukraynadakı inqilablar dalğasının Azərbaycana sıçrayacağı gözlənilirdi.
Amma hakimiyyətlə olan bazarlıq nəticəsində “Sem dayı” F.Əliyevə axıra qədər dəstək vermədi - nazir həbsə göndərildi. Onun dəmirbarmaqlıqlar arasına göndərilməsində isə yan-yörəsindəki “Sem dayının uşaqları”nın da rolu az olmamışdı.
Kimlər ki, sabiq nazir onlara çox böyük dəstək olmuşdu. Onlardan biri isə nazirin müavini olmuş, Qərb təhsilli, F.Əliyevin biznesində şərikliyi olan indiki təhsil naziri Mikayıl Cabbarov idi.
M.Cabbarov F.Əliyev həbs olunana qədər iqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışırdı. M.Cabbarov “Qərb layihəsi” oyunundan çıxaraq iqtidarın yanında möhkəmləndi.
İstintaqa verdiyi ifadənin təşəkkür əvəzi Fərhad Əliyevin qardaşı Əlipənah Əliyevin direktor olduğu İçərişəhər Dövlət Memarlıq Qoruğuna rəhbər təyin edildi.
Tarix: 11-08-2017, 07:32