İşğalçı ölkənin əsgərləri döyüşdən imtina üçün müxtəlif yollara əl atsa da, Sərkisyan hakimiyyəti danışıqları rədd edir, təxribatlarını davam etdirir; politoloq: “Bütün bu siyasi gedişlər danışıqları pozmaq və ümumiyyətlə danışıqlardan yayınmaq üçün atılan addımlardır”Ermənistanın təmas xəttində və dövlət sərhədi boyunca təxribatlarını intensivləşdirməsinə rəsmi Bakının etirazından və beynəlxalq aləmə çağırışlarından sonra hələ ki münaqişənin həllinə cavabdeh olan təşkilatlardan reaksiya gəlməyib.
Təəccüblüsü budur ki, Azərbaycan ordusu işğalçını əks zərbə ilə cəzalandırdığı zaman ilk olaraq Rusiyadan, ardınca da həmsədrlərdən “narahatıq” bəyanatı gəlir. Son aylarda dəfələrlə bənzər hadisələrin şahidi olmuşuq. Ancaq Tovuzda 13 yaşlı yeniyetmənin qəlpə yaraları almasından sonra bir daha təsdiqləndi ki, Ermənistan rəhbərliyinin uşaqları hədəfə almasına beynəlxalq səviyyədə heç bir təpki yoxdur.
Bu arada yenə də işğalın davam etməsinə yönəlik addımlar və mövqelər müşahidə olunur. Gərginliyin ardınca ATƏT-in Monitorinq Qrupunun hərəkətə keçməsi, daha sonra isə yenə də snayperlər və müşahidə qurğuları ilə bağlı açıqlamanın səslənməsi faktiki olaraq Ermənistanın maraqlarına xidmət edir.
Qarabağ münaqişəsinin tərəflərinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş fəaliyyət tədbirlərini qəbul etməsinin vaxtı çatıb. Virtualaz.org xəbər verir ki, bunu “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri, eyni zamanda Minsk Qrupunun həmsədri Riçard Hoqland deyib.“Biz başa düşürük ki, hazırda tam demilitarizasiyaya nail olmaq arzuolunan olsa da çətindir. Lakin biz yeni döyüş toqquşmalarının baş verməsi ehtimalını azaltmalıyıq. Zəruridir ki, ilk növbədə təmas xəttinin hər iki tərəfindən snayperlər geri çəkilsin, beynəlxalq vasitəçilərin sayı artırılsın və təmas xəttində izləmə cihazları yerləşdirilsin” - deyə, amerikalı diplomat bildirib. Riçard Hoqland hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ay Nyu-Yorkda gözlənilən görüşündən sonra prezidentlər səviyyəsində də danışıqları təşkil etmək mümkün olacaq. Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin əsas gözləntisi elə kompromis nöqtəsi tapmaqdır ki, başlanğıc üçün gərginliyin dərəcəsi aşağı düşsün və regionda uzunmüddətli sülh üçün zəmin yaratsın. Ancaq Ermənistan XİN rəhbəri E.Nalbəndyan iki gün əvvəl dedi ki, prezidentlər səviyyəsində görüşlə bağlı konkret heç nə məlum deyil. Faktiki olaraq görüşün baş tutacağını söyləmək üçün heç bir arqument ortada yoxdur və üstəlik İrəvanın qeyri-konstruktivliyinin fonunda belə bir görüşün olması da hansısa nəticə verməyəcək. Ermənistan XİN başçısının müavini S.Köçəryanın növbəti dəfə sərsəmləyərək Azərbaycanı müharibə il hədələməsi İrəvandakı xəstə təfəkkürlü hakimiyyətlə danışıqların mənasızlığını ortaya çıxarır.
Üstəlik, bu arada Rusiya-ABŞ münasibətlərindəki gərginliklər də Qarabağ məsələsində əməkdaşlığı arxa plana keçirir. Düzdür, bir sıra hallarda bu iki paytaxt Qarabağ məsələsində anlaşıb. Ancaq Kremlin son davranışları, separatçıları öz başına toplamaqla bağlı sürətli addımları Vaşinqtonu narahat etməyə başlayıb. Bu mənada Qarabağ tənzimlənməsində Rusiyanın önə çıxması təkcə Azərbaycanın yox, həm də ABŞ-ın maraqlarına zərbə vura bilər. Hoqland qeyd edib ki, bu məsələdə ABŞ Rusiya ilə işləməkdə davam edəcək, baxmayaraq ki, iki ölkə arasında münasibətlər pisləşib. Diplomatın sözlərinə görə, Vaşinqtonla Moskva arasında qarşıdurma ATƏT-in Minsk Qrupunda iki ölkənin qarşılıqlı münasibətlərinə təsir etməyib. “Siyasətçilər münaqişə edə bilərlər, ancaq elə sferalar var ki, tərəfdaşlıq davam edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması belə sferalardan biridir” - Riçard Hoqland bildirib.
Qeyd edək ki, rəsmi Bakı təmas xəttində izləmə cihazlarının yerləşdirilməsi və snayperlərin geri çəkilməsi kimi addımları nəzərdə tutan “etimad tədbirlərini” qəbul etmir. Çünki bütün bunlar münaqişə ətrafında indiki status-kvonu uzatmaqdan başqa heç nəyə yaraya bilməz. Bu, daha çox erməni tərəfin maraqlarına cavab verən taktikadır, hansı ki, təmas xəttində izləmə cihazlarını yerləşdirmək kimi absurd ideya vaxtilə Amerikadakı erməni lobbisinin köməyi ilə Dövlət Departamentinin gündəminə gətirilmişdi. Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanmasına dair mahiyyəti üzrə danışıqlar aparmaq əvəzinə uzun müddətdir “etimad tədbirləri” məsələsi ilə baş qatırlar.Aprel döyüşlərindən sonra həmsədrlər dəfələrlə Ermənistanın maraqlarına xidmət edən bu təşəbbüsü gündəmə gətirsələr də, Bakı onun əleyhinə çıxıb. Müşahidə kameraları o zaman qoyula bilər ki, torpaqlarımız işğaldan azad edilsin və bu cihazlar iki dövlətin sərhədlərində yerləşdirilsin. İndiki halda bu kameralar status-kvobun əbədi saxlanmasına və Azərbaycanın öz torpaqlarını azad etmək imkanlarını məhdudlaşdırmağa xidmət edir.
Azərbaycanın işğal altındakı ərazilərdə yerləşdirilmiş Ermənistan ordusunun bölmələrində özbaşınalığın son həddə çatması, əsgərlərin yad torpağında ölmək istəməməsi səbəbindən fərarilik etməsi artıq erməni rəhbərliyi və Qarabağ separatçıları tərəfindən də etiraf olunur. Dağlıq Qarabağdakı saxta rejimin “müdafiə ordusunun komandanı” Levon Mnatsakanyanın oyuncaq rejimin qondarma “baş prokuror”una məktubunda yazdıqları deyilənləri təsdiqləyir. “İyul ayının əvvəlində Azərbaycanın Silahlı Qüvvələrinin Fizuli istiqamətində yerləşən Alıxanlı kəndində yerləşən hərbi hissədən həyata keçirdikləri raket atəşlərindən sonra, Dağlıq Qarabağ Respublikasının müdafiə ordusunun bir qrup hərbi qulluqçusu panikaya düşərək öz döyüş postlarını tərk edərək qaçıblar. Lakin onlara Kəlbəcər polis postundan keçmək nəsib olmayıb” - məktubda qeyd olunub. Üstəlik, Ermənistanda əsgər valideynlərinin Qarabağ uğrunda məhv olan gənclərə görə hakimiyyətə qarşı çıxması, gənclərin ölkəni tərk etməsi, orduda xidmətdən yayınanların sayının ilbəil artması Ermənistanın fəlakətə sürükləndiyini göstərir. Dediyimiz kimi, Ermənistan ordusunda fərarilik halları artıb, hərbçilər silah qorxusu ilə posta çıxarılır. Bunu erməni komandirlər də təsdiqləyir. Amma təxribatlar da səngimir. Elə isə düşmən ölkə nəyə arxalanır? Baş verənlər 3-cü qüvvənin marağındadlr, ya Ermənistan iqtidarı hakimiyyətini uzatmaq üçün məqsədli şəkildə gərginlik yaradır?
Politoloq Arzu Nağıyevin fikrincə, birmənalı şəkildə qeyd etmək olar ki, Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasına çalışır və buna nail olmaq üçün hər bir siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə edir: “Bununla həm separatçı rejimə yararlanır, həm də müəyyən qədər ictimai-siyasi vəziyyətə təsir göstərməyə çalışırlar və bunun məhz Dağlıq Qarabağ münaqişəsindən keçdiyini çatdırmaq istəyirlər. Lakin bu siyasətin baş tutmadığını artıq sadə vətəndaş da anlayır və övladlarının nəyin naminə Dağlıq Qarabağda vuruşmasının və həlak olmasının sorğusunu tələb edirlər. Alınmayan tərzdə isə fərarilik edilməsi adi hala çevrilir. Müqavilə ilə vuruşmaq adı ilə bir sıra xarici dövlətlərin terrorçu muzdlularından istifadə halı da adiləşib”.
A.Nağıyevin sözlərinə görə, indiki durumda hətta Rusiya ilə birgə yaradılan qoşun hissələri də köməyə çatmır, çünki ictimaiyyət başa düşür ki, bu müstəqilliyin itirilməsidir: “Rusiya təbii ki, açar fiqur kimi qalır. Lakin ermənilərin NATO və Qərbə meyillənməsi də artır. Son zamanlar sərhəd bölgələrində dinc əhaliyə qarşı edilən təxribatlar da bir qorxu hissi yaratmaq və adekvat cavab almaq üçün edilir. Bir sözlə, bütün bu siyasi gedişlər danışıqları pozmaq və ümumiyyətlə danışıqlardan yayınmaq üçün atılan addımlardır”.
***
Bu arada Ermənistan Azərbaycan qarşı virtual cəbhədə də təxribatlarını davam etdirir, dezinformasiyalar yayır.
Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə hesab edir ki, Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir: “Erməni mətbuatı guya azərbaycanlı əhalinin cəbhəboyu kəndləri tərk etmələri barədə dezinformasiya xarakterli məlumatlar yayır. Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik və təsərrüfat işləri ilə məşğul olur. Ermənistan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil”. Y.Aydəmirovun sözlərinə görə, Ermənilərin guya yaşayış məntəqələrimizdə atəş nöqtələrinin yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni riyakarlığıdır: “Atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası isə Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər olmasının göstəricisidir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata ötürdüyü xəbərlər isə ancaq vəziyyətə bələd olmayan, daima aldadılan erməni əhalisi üçün keçərli ola bilər və özlərini təmizə çıxarmaq məqsədi daşıyır”. Ekspertin sözlərinə görə, dezinformasiya məqsədilə düşmən tərəfindən sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətə dair olduğu iddia edilən guya “idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyinə” ünvanladığı “məktub”dur: “Bu saxta ”məktub" o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən tələm-tələsik uydurulmuş və səliqəsiz düzüb-qoşulmuş bir kağız parçasıdır. Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı ordudakı neqativ hallar barədə ortalığa çıxan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti bir addımdır".
Təxminlərimiz özünü doğrultmaqdadır. BMT Baş Assambleyasında XİN başçılarının görüşünün baş tutmaması, danışıqların dalandan çıxarılmasına yönəlik cəhdlərin iflasa uğraması üçün İrəvan öz “ağa”sından aldığı təlimata uyğun şəkildə aranı qarışdırmaq istiqamətində hətta axırıncı yola əl atır, dinc, günahsız insanları hədəfə alır. Görünür, düşmənə növbəti aprel şoku yaşatmaq lazım gələcək...
Elşad Paşasoy
Tarix: 11-08-2017, 09:03