Sanksiyalara qarşı dollar DİRƏNİŞİ

Sanksiyalara qarşı dollar DİRƏNİŞİ Fuad İbrahimov: “Bu gün nə Türkiyə, nə Rusiyanın birləşib etalon valyuta yaratması mümkündür”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya tətbiq etdiyi sanksiyalardan ən az zərərlə çıxmağa çalışan Kreml müxtəlif addımlar atmağa cəhd edir. Belə ki, sanksiyalardan xilas olmağa çalışan Rusiya ilk olaraq “Türk axını” layihəsinin sürətləndirib. Rusiyanın “Vedomosti” qəzetinin məlumatına görə, ”Qazprom”un podratçısı “Swis Allseas” şirkəti artıq Qara dənizin dibi ilə 15 mil uzunluğunda qaz borusu çəkib. “Swis Allseas Audacia” şirkətinin dəniz nəqliyyatı koordinatoru göstərir ki, onun gəmiləri nəzərdə tutulan qrafiki qabaqlayırlar.
Ancaq sonradan bu məsələ demək olar ki, gündəmdən düşdü. Ekspertlər bunu Rusiyanın maliyyə problemləri ilə əlaqələndirir. Qeyd olunur ki, “Türk axını” layihəsinin zamanından öncə başa çatması üçün külli miqdarda vəsait lazımdır, ancaq Rusiyanın hazırkı iqtisadi durumu buna imkan vermir. Rusiyanın bu planının baş tutması Kremli yeni yollar axtarmağa vadar edib.


Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Sergey Qruiyev mətbuata açıqlamasında maraqlı fikirlərlə çıxış edib. Belə ki, Sergey Qruiyev dollarla olan maliyyə alətlərinin rubla dəyişdirilməsinin mümkünlüyünü vurğulayıb. "Bunun üçün makroiqtisadiyyatın gücləndirilməsi, inflyasiyanın aşağı həddə gətirilməsi və maliyyə bazarlarının uzun müddətli inkişafını təmin etmək lazımdır”- Sergey Qruiyev açıqlamasında vurğulayıb.

Bu isə Rusiyanın dollara qarşı təzyiq rıçaqları kimi qəbul olunur. Ancaq iqtisadçılar hesab edir ki, Rusiyanın hazırkı durumu onlara dollara qarşı “savaş” açmasına imkan vermir. Rusiyanın ümum daxili məhsulunun azalması, xarici kapitalın sürətlə ölkədən çıxması bu gün dolların daha da güclənməsinə səbəb olur. Digər tərəfdən, rubl dollar və avro ilə müqayisədə dönərli valyuta hesab olunmur. Buna görə də Rusiyanın dollarla olan ticarətini rublla əvəzləmək mümkünsüz görünür. Qeyd edək ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dollardan imtina etmək məsələsini gündəmə gətirmişdi və bir sıra dövlətlər Ərdoğanın bu təklifinə dəstək vermişdi. Hətta Rusiya və Türkiyə arasında ticarət dövriyyəsinin milli valyuta ilə aparılması haqqında qərar verilmişdi. Bütün bunlara baxmayaraq dollar yenə də dünya bazarında öz mövqeyini qorudu və digər ölkələrin valyutalarına nisbətdə bahalaşmağa başladı.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın dollardan imtina etməsinin yalnız nəzəri baxımdan mümkün olduğunu deyib.



Ekspert hesab edir ki, Rusiyanın sadaladığı göstəriciləri əldə etməsi onun üçün əlçatmazdır: “Qruiyevin fikirlərində sadaladığı amillər reallaşarsa, bunu etmək mümkündür. Amma məsələ burasındadır ki, Rusiya makroiqtisadi tarazlığı yarada bilməyəcək. Qruiyev öz rəhbərliyinə xoş getmək üçün bunun yollarını deyir, ancaq o yolun özünə çıxmaq mümkün deyil. Yaxın gələcəkdə sadalanan terminologiyanı Rusiyanın əldə etməsi mümkünsüzdür. Bu gün nə Türkiyə, nə Rusiyanın birləşib etalon valyuta yaratması mümkün deyil. Belə bir mexanizm yoxdur.

Bunun üçün çox böyük zaman kəsiyi lazımdır. 90-cı illərdən başlayaraq bu prosesi aparmaqla indi hansısa layihə tətbiq etmək olardı. 1-2 ilin içində bu işləri görmək olmaz. Bu deyilənlər hamısı sadəcə cəfəngiyyatdır. Ümumiyyətlə, dünya iqtisadiyyatını, maliyyəsini bilməyən insanlar ağlına gələni danışır ki, bunları etmək olar. Bu uşağın qumla 10 mərtəbəli bina tikmək istəyinə bənzəyir. Dünyada elementar pulköçürmə qaydaları var. Maraqlansınlar ki, bunları hansı elektron şəbəkələr həyata keçirir. Bu haqda heç məlumatları yoxdur, ancaq cəmiyyətdə özlərinə mövqe tutmaq üçün bu cür cəfəng fikirlər səsləndirirlər”.

Vilayət Muxtar
Tarix: 13-08-2017, 21:32
Xəbəri paylaş





Xəbər lenti