Yasamal uğrunda məmur “savaşı”: nazir qudası – Mingəçevir şefi Əhəd Abıyevə qalib gəlir
Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir. Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal həm də son zamanlar ən qalmaqallı rayona çevrilib. Bu rayon ərazisində son zamanlar baş tutan etiraz aksiyaları, əhalinin evinin sökülməsi və ən son Hacı Cavad Məscidinin icazəsiz söküntüsü İbrahim Mehdiyev üçün son hədd oldu və başçı Prezidentin sərəncamı ilə işdən çıxarıldı. Hakimiyyət daxilindən cumhuriyyet.net-ə daxil olan məlumata görə, paytaxtın Yasamal kimi böyük rayonuna rəhbər getmək üçün iki icra başçısı xüsusi aktivlik göstərir. Bunlardan biri gənclər və idman naziri Azad Rəhimovun qudası, Mingəçevir şəhər icra başçısı Niyazi Bayramov, digəri isə Daşkəsən rayon icra hakimi Əhəd Abıyevdir.Onu da bildirək ki, bu iki şəxsdən daha çox N.Bayramovun şansı yüksəkdir. Belə ki, nazirin qudasının Yasamal ərazisində böyük tikintiləri, obyektləri, biznes şəbəkələrinin mövcud olduğu, üstəlik Yasamalda geniş imkanlara malik olduğu barədə də iddialar var. Bundan əlavə, Mingəçevirdə işlədiyi dövrdə barəsində şikayətlərin olmamasına çalışan və Prezident Administrasiyasına dosyesinin təmiz getməsi üçün əlindən gələni edən N.Bayramov nazir qudasının siyasi nüfuzundan da istifadə etməkdədir. N.Bayramov nazirin qudasının bu təyinata nail olacağına ümid edir. N.Bayramovun barəsində yaxın günlərdə sərəncam olacağı bildirilir və Mingəçevir ŞİH-də çamadan ab-havası hökm sürdüyü deyilir. Bununla bağlı mənbə cumhuriyyet.net-ə bildirib ki, bütün bu nüanslarla müqayisədə Ə.Abıyevin şansı yüksək görünmür.
Daşkəsən rayonuna rəhbərlik etdiyi gündən bu təyinatdan narazılıq etmiş icra başçısının Bakıda işləmək arzusunda olduğu barədə mətbuatda dəfələrlə yazılar dərc edilib. Hətta bir müddət əvvəl onun Xətai rayonuna icra başçısı getmək eşqinə düşdüyü haqda xəbərlər yayılmışdı. Ə.Abıyev isə Daşkəsənə başçı göndərilməsindən narazı qaldığı iddialarını təkzib etmişdi. İddia olunur ki, Yasamal RİH postunun boşalması Ə.Abıyevi paytaxtda vəzifə tutmaq arzusuyla bağlı ürəkləndirib və şansını sınamağa çalışıb.
Tarix: 16-08-2017, 07:56