“Hökumətin yürütdüyü siyasət harınlığı situmullaşdırır”- “vurulan” məmurların çoxu yenidən vəzifəyə gətirilir”
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi qəzadan sonra “Qaçqınkom” sədrinin vəzifədən azad edilməsi ilə bağlı mediada müxtəlif fikirlər sələnməkdədir. Maraqlıdır, tək-tək məmurlarla bağlı aparılan bu cür cəza siyasəti məmur kontingentinə, onların yaxın çevrəsinə çəkindirici təsir göstərə bilərmi? Hansısa məmuru vəzifədən azad etmək problemdən çıxış yolu sayıla bilərmi?
Anaxeber.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Məmurlar harınlıqdan azad olunmalıdırlar. Onlar nəfslərinin qulu olmaqdan azad olmalıdırlar. Bildiyiniz kimi, bizim məşhur tarzən Ağasəlim Abdullayev ailəsini qəza nəticəsində itirdi. Qəzanı törədən isə bir məmurun oğlu idi. O, həbs edildi. Atası vəzifədən azad edildi. İl yarımdan sonra isə əfvə düşdü. Atası isə başqa vəzifəyə gətirildi.
Hökumətin yürütdüyü siyasət harınlığı situmullaşdırır. “Vurulan” adamların əksəriyyəti yenidən vəzifəyə qaytarılır. Bu onu göstərir ki, ya bu adamları çökdürə bilməyiblər, ya da hakimiyyətin də bu adamlardan asılılığı var. Məmurların bu harınlığını önləmək üçün yuxarıdan aşağıya qədər ciddi addımlar atmaq, bütün sistemi bu problemdən arındırmaq lazımdır”.
Siam.az
Tarix: 16-08-2017, 08:23