Xalq hakimiyyətdən indiki qədər narazı olmamışdı. Və bu günkü qədər iqtidar seçkiyə bu reputasiya ilə getməmişdi. 2013-dən bəri çox dəyişikliklər olub: həm xalqın əhval-ruhiyyəsi dəyişib, insanları aldatmaq və təəccübləndirmək olmur, sosial şəbəkələr ciddi şəkildə beyinlərdə inqilab edib, iqtisadi vəziyyət gözlənildiyindən də ağırlaşıb, xalqa verilən vədlər puça çıxıb, neft pulları tükənib, dəbdəbəli layihələr, tikinti bumu, inkişaf nağılları sona yetib, indi baramaçılıq, tütünçülüyün ümidinə qalıb ölkə iqtisadiyyatı...
Bu da azdır - məmur uşaqlarının qudurğanlıqları, faciələr, intiharlar, işsizlik, neftçilərin ölümü, yanan bina işi, MTN və rabitə olayları, klanlarası savaşın şiddətlənməsi, komanda daxilindəki parçalanma və ən nəhayət xarici amillər 2013-2018 aralığında baş verənlər qısa xülasəsidir.
Bu illər ərzində ölkə nələr görmədi; siyasi institutların məhvi, medianın çökdürülməsi, həbslər, total nəzarət, referendumda siyasi iqtidara xidmət edən qanunlara əl gəzdirilməsi və s. ilaxır...Anaxeber.Az-n Analitik Mərkəzi yazır ki, xalqın gözü çox açılıb. İndi hakimiyyət əhalini miflərə inandıra bilmir. Bu, ilk növbədə iki dəfə baş verən devalvasiyadan sonra xalqın sürətlə yoxsullaşması nəticəsində baş verdi.
Ona görə də 2018-ci il seçkiləri hakimiyyət üçün bir qılın baldan seçilib çıxarılması qədər həssas və incə işdir. Siyasi müxalifətin olmadığı bir vaxtda insanları heç nə ilə həyəcanlandırmaq olmur. Üstəlik, 5 il qabaqla müqayisədə indi məmur özbaşınalığı daha çox artıb.
Bu qudurğanlıqlar kasıb zümrədən olanların həyatına son qoyur. Xalqa danışılan nağıllar “göydən üç alma düşdü” sonluğu ilə bitmədi. Əksinə, hər üç almanı hakimiyyətdəki yırtıcı bir komanda gəmirərək yedilər. Nəticə göz qabağında: xalq aqressiya və qəzəb püskürür.
Axı bu milyardlar ölkəyə neft pullarının sel kimi axdığı vaxtda hara xərclədiniz? Niyə bizi düşünmədiniz? Nədir, indi neft pullarını səpələyib baramaçılığın ümidinə qalmısız? – xalqın verdiyi suallardır.
Beləliklə, islahatların çiban kimi yetişdiyi bir zamanda hakimiyyət rəhbərliyi 2018 seçkilərinə köhnə qvardiya ilə getməkdədir. O komanda ki, prezidentin 2003-cü ildən bəri daxili siyasətində reformalara getməsini hər zaman tormozlamağa çalışıb.
Bu klanın islahatların qənimi rolunda çıxış etməsi Bakı qruplaşmasının tezliklə siyasi arsenala çıxmasına zərurət yaratdı. Çünki prezident Əliyevin bu qvardiya ilə seçkiyə getməsi olduqca köhnəlmiş siyasi kombinasiyadır. Xalqın gözü “qocalar evi”nin üzvlərini görməkdən yorulub...
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki,
hakimiyyətin iqtisadi və siyasi sferalarda bütün arqumentləri tükənib. MTN və rabitə nazirlərinin xəyanəti sübuta yetirilib, Naxçıvanda iki nazir həbs olunub, generallar və vəzifəli rabitə məmurları mühakimə ediliblər, qudurmuş məmur uşaqları əhalini qıcıqlandırmaq və tələf etməklə məşğuldur, iş yerləri bağlanır, bahalaşma sürətlə gedir, kütləvi şəkildə xaricə axın var və ölkə tam bir ümidsizlik girdabında çabalayır.
Bu halda seçkidə efirə çıxıb xalqa əvvəli nağılları, əfsanələri danışmaq mümkün olmayacaq. Görünür, yeni yanaşma və strategiyaya ciddi ehtiyac var.
Bundan əlavə, xalqın hökumətə zərrə qədər inamı və etibarı qalmayıb. Bu vəziyyəti yetişdirən də mövcud komandadır və 2018 seçkilərində iqtidarın tərkibi tamamilə refreş olunmalıdır.
Yalnız siyasi “obnovit”lə real islahatlara getmək və köklü dəyişikliklərə nail olmaq mümkündür. Elə Azərbaycan xalqının ölkə prezidentindən gözləntisi də məhz bu islahatları reallaşdırmasıdır. Eyni zamanda Eldar Mahmudov faktoru isbat etdi ki, hakimiyyət yeknəsəq deyil və prezidentin güvəndiyi kadrlar azalır.
Bunu deputat Qüdrət Həsənquliyev də bildirmişdi ki, bəzi məmurlar prezidentdən yox, başqa dövlətlərin rəhbərlərindən qorxurlar, onlara biət edirlər. Və həmin məmurlar günün birində hakimiyyətə arxa çevirməyə hər an hazırdırlar.
O baxımdan 1-ci vitse-prezident postuna Mehriban Əliyevanın təyinatı yerində idi. Ən azından dövlət başçısı komandada ən çox etibar etdiyi kadrın kim olduğunu göstərdi.
Bu həm də islahatların başlanğıc mesajıydı. Yəni, 2018-dən sonra komanda təzələnməyə məhkumdur. Kor-kor, gör-gör ki bu heyət ölkəni də, hakimiyyətin özünü də uçuruma sürükləyir. Ölkədəki hakimiyyət sosial problemlərin həlli ilə məşğul olmalıdır. Bir il ərzində bu ölkədə 500 nəfər intihar edir - hamısı da sosial ədalətsizlikdən...
Belə komanda yalnız siyasi intihara əl ata bilər. Mövcud olan böhran yaranmasaydı, hər şey əvvəlki kimi olacaqdı. Mövcud vəziyyət onu göstərir ki, islahatların keçirilməsi vacibdir, hakim elita bunu istəmir, birmənalı şəkildə biz bunu görürük.
Amma bir tərəfdən vəziyyət onu tələb edir ki, dəyişiklik olsun. Başqa çıxış yolu yoxdur, çünki bu maşın artıq tükənib və davamlı hərəkət edə bilməz.
Maşını isə yeniləmək vaxtıdır. Bu, həm idarəetmənin tələbidir, həm də cəmiyyətdən gələn sosial sifarişdir. Prezident İlham Əliyev də siyasi kursunda radikal şəkildə dəyişikliklərə getmək yolunu seçmir və komandanı mərhələli şəkildə dəyişir.
Amma 2018-də sürət götürülməsə, ciddi fəsadlar verəcəyi şübhə doğurmur. Faktiki olaraq hakimiyyət neçə-neçə İsmayıllı olaylarından xilas olub. Onlardan biri “Qalenvadgen terroru” idi.
Baş nazirin müavini Əli Həsənovun nəvəsi isə səbri daşıyan son damla deyil, sabah bundan da betəri olacağı istisna edilmir...
Anaxeber.Az
Turan
Tarix: 16-08-2017, 09:07