2003-cü ilin 16 oktyabrından sonra İlham Əliyevin islahatçı və gənc prezident kimi atası ilə işləmiş komandanı təqaüdə göndərəcəyi gözlənirdi.
Saray daxilində “ağ inqilab”ın memarı ola biləcək İ.Əliyevin əksinə addım ataraq komandanı qoruyub saxlaması “əski köyə yeni adət” gətirmədi.
AnaXeber.Az-ın Analitik Qrupunun iqtidardakı mötəbər qaynaqlardan əldə etdiyi məlumatda qeyd olunur ki, o dönəmdə İ.Əliyevin komandanı köklü şəkildə dəyişməsi nonsens idi.
Bu, siyasi kataklizmlərin və vətəndaş müharibəsinin başlanğıcı ola bilərdi. Ramiz Mehdiyevin ən qüdrətli bir dövrü, nazirlərin iqtidarı müxalifətin pəncəsindən qoparıb saxladığı bir zaman, Heydər Əliyev siyasi çəkisinin yoxluğundakı boşluqda belə YAP-ın hakimiyyətdə qalması həm də bu komandanın əməyi idi.
O nöqteyi-nəzərdən İ.Əliyev atasının komandasına qarşı ağ inqilab edə bilməzdi. Sadəcə, zaman və fürsəti gözləmək lazım gəlirdi. Ancaq bu vaxt aralığı çox çəkdi. 2018-ci il seçkilərinə bir il qalır və heyət yuxarı-aşağı ciddi şəkildə dəyişməyib
Dəyişən isə ölkənin ağır siyasi-iqtisadi və mənəvi böhran içərisində can verməsidir. Böhran tappıltı səsləri ən gur şəkildə eşidilməkdə və yaşanmaqdadır.
Və komandanı bütövlükdə təmizləyərək idarəçilik strategiyasını ASAN modelinə keçirmək cəmiyyətdən gələn tələbdir.
Ən uzunömürlü hakimiyyətlər belə böhranda xilas ola bilməyiblər. Yalnız ağıllı və hikkəsini boğan iqtidarlar real islahatlarla ölkəni və özünü təlatümlərdən qurtara bilib.
Azərbaycandakı mövcud hakimiyyətin təcrübəsi və ağlı kifayət edir ki, indiki sistem qanqrena kimi kəsilib atılsın. Axı indi böyük neft kapitalının axdığı vaxt da deyil, iqtisadi inkişaf da yoxdur?!
Əslində, hökumət tək qalıb - azad media və müxalifət yoxdur. Bu iki güc dolayısı ilə hakimiyyətin demokratiya və seçki marafonunda rəqabət dekorasiyası rolunu oynayırdı.
İqtidar beynəlxalq aləmə alternativləri nümayiş etdirirdi. Bu günkü Azərbaycan isə Türkmənistan və Şimali Koreya siyasi modelinə yaxınlaşmaqdadır.
Belədə 2003-cü ildə psevdo-demokratiya var idisə, 2018-ci ilə neototalitar idarəçiliklə getməkdəyik.
Hakimiyyət rəqib görmək, tənqid eşitmək istəmir. Amma xalq nevə halına gətirilib. Əslində, strateji araşdırma mərkəzləri əyalətlərdəki vəziyyəti öyrənməliydi.
AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, ölkənin siyasi portreti göz önündədir və gedişat real islahatlara getməyi, köhnə qvardiya ilə vidalaşmağı diktə edir.
Axı liberal düşüncəli, müasir, bir neçə xarici dil bilən, dünyadakı texniki tərəqqidən istifadə edən İ.Əliyevin bu qocalar klubu nəyinə lazımdır?
Onlar müasir texnologiyadan uzaq və sovet meşşanları kimi düşünən köhnə kompartiya məmurlarıdır. Belələri müstəqilliyin 25 ilində özlərini inkişaf etdirmədilər - yalnız riyakarlıq, korrupsiya, tamah...
Deputat Fazil Mustafa da son çıxışında 2018-ci ildə prezidentdən başqa komanda üzvlərinin hər birinin dəyişəcəyinə işarə vurub. Sitat: “Prezidentə mane olacaq hər hansı bir qrup yoxdur. Zaman göstərdi ki, istənilən qərarı istədiyi şəkildə qəbul edə bilir.
Qrupların maraqlarının nəzərə alınması tendensiyası da doğru deyil. Dövlətin maraqları var, idarəetmənin maraqları var. Əgər maraqlar tələb etsə ki, hansısa bir yeniləşməyə, daha çevik struktura ehtiyac var, o zaman lazımı addımlar atılacaq.
Məncə, bunu qrupların maraqları kimi təqdim etmək, yaxud onların gücünü şişirtmək, həmçinin bunu ayrıca bir mövzu kimi düşünmək doğru deyil.
Faktiki olaraq ölkədəki idarəetmədə prezidentin iradəsinə qarşı dura biləcək hakimiyyətdaxili qruplar içərisində hansısa bir qüvvə yoxdur”.
Millət vəkili hesab edir ki, Azərbaycanda islahatlara ciddi ehtiyac var. Çünki insanlar getdikcə hər şeyə etinasızlaşırlar.
Durum elə bir şəkil alıb ki, insanlar heç bir optimist proqnoza inanmırlar. Bu, çox pis əlamətdir. Etinasız insanlardan ibarət cəmiyyətdə problem yarananda xaos yaranır.
Amma F.Mustafa ehtiyatlı danışaraq qrup maraqlarında Bakı klanının önə çıxdığını açıq şəkildə demək istəməyib
. Naxçıvan erasının tam olaraq bitdiyini söyləmək çətin olsa da, qürub çağını yaşadığını əminliklə qeyd etmək mümkündür.
Elə referendum da, 2018-ə “ağ inqilab” hazırlığı da məhz Naxçıvan qruplaşmasının siyasi səhnədən silinməsi üzərində ssenariləşdirilib.Prezident icra aparatını effektli struktura çevirməklə qarşıdan gələn prezident seçkilərinə hazırlığın başlandığına işarə də verə bilər.
Məlumdur ki, prezident seçkilərində əsas yük PA üzərinə düşür. Administrasiyada yenilənmə, daha effektiv idarəetmə mexanizmlərinin qurulması başlayır ki, bu da yaxın aylarda tam yekunlaşacaq.
Bu həm də o deməkdir ki, prezident İlham Əliyev gələn il keçiriləcək prezident seçkisinə effektli, daha rasional və işlək komanda ilə getməyi hədəfləyib.
Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək. İndi daha 2003-cü ilin 16 oktyabrından sonra deyil...
AnaXeber.Az
Turan
Tarix: 18-08-2017, 09:31