“Mövcud siyasət davam etsə, 1-2 ilə amansız diktatura rejiminin şahidi olacağıq”

“Mövcud siyasət davam etsə, 1-2 ilə amansız diktatura rejiminin şahidi olacağıq” Taliyət Əliyev: “Hakimiyyət “demokratiyanın imitasiyası” siyasətindən əl çəkərək olduğu kimi görsənmək istəyir”

Son vaxtlar bəzi saytlara Baş Prokurorluq tərəfindən edilən xəbərdarlıqlar, eləcə də “Turan” İnformasiya Agentliyi ilə bağlı baş verənlər demokratik kəsimində birmənalı qarşılanmış deyil. Məsələ ilə bağlı Anaxeber.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev yaşananların repressiya siyasətinin tərkib hissəsi olduğunu bildirib:

“Son günlər “Turan” İnformasiya Agentliyinə qarşı açılan cinayət işi və bir sıra saytlara prokurorluq orqanları tərəfindən edilən xəbərdarlıqlar ölkədə zaman-zaman azad sözə və müstəqil mətbuata qarşı aparılan repressiya siyasətinin tərkib hissəsidir. Cari ildə bu tipli hallar daha intensiv xarakter almışdır. Bundan əvvəl bir sıra ölkə saytlarının və internet televiziyaların girişinə müxtəlif bəhanələr əsasında qadağalar qoyulub. Təəssüflər olsun ki, bu tendensiya bu gün də davam etməkdədir. Görünən odur ki, hakimiyyət ölkədə azad və müstəqil mətbuatın bütün işartılarını məhv etməyi qarşısına məqsəd qoyub.
Faktiki olaraq bu gün “Azadlıq” qəzetinin, “Azadlıq” radiosunun, “Meydan” TV və “Azərbaycan saatı” TV-nin saytlarına giriş mümkün deyil. Bu da insanların alternativ informasiya almaq imkanları və hüquqlarının məhdudlaşdırılmasıdır. Baş verənlər təsadüfi deyil, düşünülmüş şəkildə həyata keçirilən bir siyasətdir. Bu siyasət belə davam edəcəksə, 1-2 ilə ölkədə amansız diktatura rejiminin şahidi olacağıq.
İlk öncə ölkədə siyasi partiyalar məhv edildi, daha sonra vətəndaş cəmiyyəti institutları, indi isə hədəfdə azad və müstəqil mətbuatdır. Azad və müstəqil mətbuat məhv ediləndən sonra ölkədə azad cəmiyyətin demək olar ki, heç bir elementi qalmayacaq. Görünən odur ki, hakimiyyət bu vaxta qədər apardığı “demokratiyanın imitasiyası” siyasətindən əl çəkmək istəyir. Olduğu kimi görsənmək istəyir. Sözsüz ki, baş verənlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna böyük zərbədir və növbəti mərhələlərdə demokratiya, insan hüquqlarının və azad mətbuatın vəziyyətinin göstəricilərinə görə beynəlxalq hesabatlarda sonuncu yerlərdəki yerimizi “qoruyub saxlayacağıq.” Qərbin və Avropa institutlarının da Azərbaycana qarşı təzyiqləri davam edəcək, amma bu hakimiyyətin rassional addımlarının atılması üçün yetərli olmayacaq. Hesab edirəm ki, bundan ötəri ölkə vətəndaşları baş verənlərə seyrçi mövqeyindən baxmamalı, özünün taleyi ilə bağlı baş verənlərə əsl vətəndaş mövqeyi nümayiş etdirməlidir. Yalnız belə olacağı təqdirdə ölkədə yaxşılığa doğru dəyişikliklərə ümid etmək olar...”


Anaxeber.az
Tarix: 21-08-2017, 09:58
Xəbəri paylaş





Xəbər lenti