“Gerhard Şröderin satqınlığı bütün Avropa demokratiyasına vurulan zərbədir” - Qərb mətbuatı
Xəbər verdiyimiz kimi, Almaniyanın keçmiş kansleri Rusiya prezidenti Vladimri Putinin təklifini qəbul edərək, Rosneft şirkətinin direktorlar şurasının üzvü olmağa razılıq verib. Qərbin aparıcı demokratik qəzetləri bu təyinatı birmənalı olaraq yeganə sözlə ifadə edib - Satqınlıq! “Gerhard Şröderin Rosneftin direktorlar şurasına daxil olması qərb siyasətçisinin avtoritar dövlətə satılmasının ən böyük nümunələrindən biri sayılmalıdır”, -Tortsten Benner Politico.com saytında yazır.Müəllifin fikrincə, bu, Berlinin Rusiyaya qarşı Ukraynadakı hadisələrə bağlı olaraq münasibətini çətin ki, dəyişdirsin. Amma onun bu hərəkətlə həm Almaniyaya, həm də mənsub olduğu Sosial-demokrat partiyasının reputasiyasına zərbə vuracağı gün kimi aydındır: “Qərb hökumətlərinin keçmiş başçıları avtoritar rejimlərdə maaşla işə düzələn zaman onlar əvvəllər xidmət etdikləri liberal demokratiyanı zərbə altında qoyurlar. Bunun ən böyük nümunələrindən biri də Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin Mərkəzi Asiya diktatorlarına satılması faktıdır”, - məqalədə qeyd olunub.
Toni Bler
Torsten Benner Şröderin hələ 2005-ci ildən bu yana “Şimal axını” layihəsinin rəhbəri olduğunu xatırlatmaqla “Rosneft”in yeni addımını həyasız gediş olaraq dəyərləndirir.
“Moskvanın keçmiş kansleri işə götürməsi avtoritar dövlət kapitalzminin krallıq tacını legitimləşdirməkdən başqa bir şey deyil. Bu addımla Rusiya Qərbin liberal liderlərinin heç də Vladimir Putin və onun kimi avtoritarlardan xeyirxah olmadığını göstərmək istəyir”.
Qərb mətbuatı Şröderin bu addımla ən çox doğma partiyası Sosial-demokratları pis vəziyyətdə qoyduğunu yazır.
“Alman sosial-demokratlarının qarşıdakı (sentyabr-red.) Bundestaq seçkilərində Martin Şults rəhbərliyində onsuz da heç bir ümid vəd etməyən kampaniyası Şrederin əli ilə çökür”, -İtaliyanın “İl Foglio” qəzetindən Luka Qambardella yazır.
Alman mətbuatının yazdığına əsasən, Martin Şults Şröderə zəng edərək onu qərarından vaz keçirməyə çalışıb.
Ziqmar Qabriel və Vladimir Putin
“Şröder məsələsi” partiyanın daha bir güclü simasına, ölkəni xarici işlər naziri Ziqmar Qabrielə də zərbə endirib. Çünki sosial demokratların əsas rəqibi, Mekelin partiyası, Xristian demokratlar indi Qabrielin boğazından yapışaraq onun Vladimir Putinlə bu il iyunun 2-də, Sankt-Peterburqda nə danışdığını tələb edirlər. Çünki həmin görüşdən sonra Ziqmar Qabrielin də Rusiya ilə bağlı fikirlərində dəyişikliklər başlayıb. Qabriel ABŞ Senatının Rusiyaya qarşı sanksiyaları genişləndirməsinə ən sərt şəkildə qarşı çıxanlardan biridir.
Xristian-demokrat partiyasının parlmentdəki fraksiyasının nümayəndəsi Yurgen Hardt xarici işlər nazirindən həmin görüşlə bağlı suallara aydınlıq gətirilməsini tələb edib. “Xarici işlər nazirinin müəllimi və ustası saydığı Şröderin Rusiyanın dövlət konsernində isti yer əldə etməsindən xəbəri olub ya yox? Ziqmar Qabriel öz vəzifə öhdəliklərini dostlarının iqtsadi mənafeləri ilə qarışdırdığı ilə bağlı şübhələri üzırindən atmalıdır”, - Yurgen Hardtın tələbində bildirilir.
Musavat.com
Tarix: 21-08-2017, 23:06