Türkiyə və İran kürdlərə qarşı birgə əməliyyat keçirəcəkmi?
Yaxın Şərqdə son bir neçə ildə PKK problemi yenidən bölgə ölkələrini ciddi şəkildə narahat etməyə başlayıb. Əslində “ərəb baharı” prosesi başlayanda kürd məsələsi elə də aktual deyildi. Türkiyə o zaman PKK ilə atəşkəs imzalamışdı, hətta 2013-cü ilin yazında qruplaşma silahı yerə qoyduğunu açıqladı. İraqda kürdlər isə faktiki olaraq müstəqil, ancaq formal muxtariyyət kimi mövcudluğunu davam etdirirdi. İran və Suriyada isə kürd reallığı olsa da, kimsənin yadına düşmürdü. Ancaq 2014-cü ildə İŞİD Suriyanın şimalını və yayda isə İraqın Mosul da daxil olmaqla qərbini işğal edəndə kürd faktoru qabarıq özünü göstərməyə başladı. Əvvəlcə İŞİD-in hücumuna məruz qalan kürdlərin silahlanması, daha sonra isə İŞİD-ə qarşı döyüşən əsas qüvvəyə çevrilməsi prosesi müşahidə olundu. 2015-ci ildə isə artıq bölgədə Qərbin əsas silahlı müttəfiqi, İŞİD-ə qarşı savaşan qüvvə kürdlər idi. Həmin il kürdlər Suriyada öz muxtariyyətlərini elan etdilər, üstəlik Kobani şəhərini İŞİD-dən müdafiə edərək ilk dəfə qruplaşmanı geri çəkilməyə vadar etdilər. Beləliklə, kürdlər, xüsusən də Suriya kürdləri bölgədə yeni hərbi-siyasi reallığa çevrildilər.
Amma bu proses yalnız Suriya ilə məhdudlaşmadı. Suriyadakı kürd siyasi təşkilatının – PYD-nin və onun hərbi qanadı YPG-nin gücə çevrilməsi onun Türkiyədəki müttəfiqi PKK-nı da hərəkətə gətirdi. Təşkilat Türkiyə hakimiyyəti ilə atəşkəs razılaşmasından imtina etdi və aktiv hərbi əməliyyatlara başladı. Üstəlik İŞİD-lə İraqda mübarizə aparan İraq Kürdüstanının lideri Məsud Bərzani İraqın İŞİD-dən azad edilən bir sıra bölgələrini ələ keçirdi və 2017-ci il sentyabrın 25-də müstəqillik referendumu elan etdi. İranda da PKK-nın yerli qolu PEJAK fəallaşdı və artıq son aylarda bir neçə dəfə SEPAH-ın bölgə əməliyyat qüvvələrinə hücumlar təşkil edir.
Beləliklə, 5 il əvvəlkindən fərqli olaraq indi region ölkələrini (ənənəvi kürdlərin kompakt yaşadığı 4 ölkə - Türkiyə, İran, İraq və Suriya – K.R) kürd separatizmi ciddi şəkildə narahat etməyə başlayıb. Türkiyənin ötən ilin avqustunda başlatdığı “Fırat Kalkanı” əməliyyatı samanı təmizlədiyi 2 min kv.km ərazi istisna olmaqla, Hatay vilayətinə qədər Türkiyə-Suriya sərhədi hazırda faktiki olaraq Suriya kürdlərinin nəzarətindədir. Bu vəziyyət Türkiyəni narahat edir, çünki Ankara hesab edir ki, İraqdan sonra ikinci bir kürd muxtariyyətinin yaranması və PYD-nin PKK ilə müttəfiq olması Türkiyədə separatizmi alovlandıracaq. Üstəlik Türkiyənin kürd separatçıları ilə “həmsərhəd” olması onun üçün daimi başağrısı olacaq. Bu səbəbdən də indi Türkiyə dövləti kürdlərin muxtariyyət əldə etməsini əngəlləmək üçün Rusiya və İranla yaxından əməkdaşlıq edir. Türkiyənin əsas müttəfiqi olan ABŞ isə hələlik İŞİD-ə qarşı mübarizədə kürdlərlə birgə hərəkət etdiyi üçün Ankaranın iddialarını yaxına buraxmır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə bir daha bəyan edib ki, ölkəsi Suriyanın şimalında yeni kürd dövlətinin qurulmasına imkan verməyəcək. Türkiyə prezidenti çıxışında Suriyanın şimalında qurulması planlaşdırılan dövlətə kürd dövləti deyilməsinə də etirazını bildirib: “Bəziləri kürd dövləti deyirlər, inanıram ki, mənim kürd qardaşlarım Suriyanın şimalında belə bir addımın addımın atılmasına əsla imkan verməyəcək. Biz 80 milyonluq tək dövlətik. Bu vətəni bölməyə cəhd edənləri biz hər tərəfi məzar edərik”.
Bu xəbərlərlə eyni vaxtda Türkiyənin İranla birlikdə kürdlərə qarşı əməliyyat keçirəcəyi xəbərləri yayılıb. Bu barədə “The Daily Mail” qəzeti AFP agentliyinə istinadən xəbər yayıb. Bildirilir ki, Türkiyə prezidenti deyib ki, kürd silahlılara qarşı birgə Türkiyə-İran əməliyyatlarının keçirilməsi “həmişə gündəlikdə olub”.
Yeri gəlmişkən, bu barədə yazılar ötən həftə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Baqirinin Ankaraya səfəri zamanı gündəmə gəlmişdi. Çünki Baqirinin əsas gündəm mövzularından biri kürd məsələsi, Türkiyə-İran sərhəd təhlükəsilziyi, Suriyada münaqişə və sair idi. “Türkiyə” qəzeti isə yazıb ki, Türkiyədə olarkən İran generalı İraqın şimalındakı Qəndil və Sincar rayonlarında kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirmək barədə Ankaraya “gözlənilməz” təklif verib.
Ərdoğan deyib ki, PKK həm Türkiyəyə, həm də İrana böyük ziyan vurur və Ankara ilə Tehran bu məsələdə tez bir zamanda ortaq məxrəcə gələ bilər. Doğrudur, daha sonra İran ordusu belə bir təklifin olduğunu inkar etdi. Ancaq general Baqirinin kürdlərə qarşı sərt mövqedə olması, üstəlik hazırda kürd faktorunun Theranı da ciddi narahat etməsi də İranın hansısa formada kürd məsələsində Ankara ilə ortaq hərəkət etmək istəməsini əsaslandırır. Baxmayaraq ki, Suriya münaqişəsi səbəbindən iki ölkə arasında son 4 ildə ciddi soyuqluq olub. Ancaq indi kürd təhlükəsi hər iki ölkəni ciddi narahat edir. Üstəlik İran həm öz ərazisindəki kürd separatizmdən narahatdır. Həm də Suriyada ikinci kürd muxtariyyətinin yaranmasını regionda təhlükəli nəticələr doğuracağını anladığı üçün bu mövzuda Ankara ilə anlaşmağa hazır kimi görünür. Türkiyənin də indi Suriyada iqtidarda kimin olmasından daha çox, ərazi bütövlüyü məsələsi, daha dəqiqi kürd separatizmi mövzusu narahat edir.
Bu mənada indi Ankara və Tehranın İraqın şimalında kürd separatçılarına qarşı birgə əməliyyat keçirməsə də, həm İraqda, həm də Suriyada kürd məsələsində koordinasiyalı hərəkət etməyə ehtiyacları var. Çünki hər iki ölkə gələcəkdə eyni təhlükənin onların “qapısını döyəcəyini” bilir. Bu səbəbdən də indi kürdlər necə deyərlər Ankara və Tehranı bir-birinə yaxınlaşdırır. Ancaq Ankara üçün ənənəvi strateji müttəfiqlərindən (hər nə qədər indi maraqları üst-üstə düşməsə də - K.R) imtina edib əks cəbhə ilə birgə hərəkət etməsi o qədər də asan deyil. Çox ciddi siyasi qərarların qəbulunu tələb edir. Bunu isə zaman göstərəcək. (Musavat)
Tarix: 24-08-2017, 08:29