İraq kürdlərinin lideri müstəqillik referendumunda israr edib ABŞ-ı saymadı; İraqın parçalanması Azərbaycanı da seçim qarşısında qoya bilər, çünki...; Ərdoğanın Bakıya, ABŞ, İran və Rusiya generallarının isə Ankaraya səfərlərində daha bir hədəf...
İraqın kürd muxtariyyəti bölgəsində müstəqillik referendumunun keçirilməsinə cəmi bir ay qaldı. Belə görünür, İraq, qonşu Türkiyə, İran, əksər ərəb ölkələrinin sərt etirazlarına rəğmən, İraq kürdləri sentyabrın 25-də hər halda, tarix yazmaqda qərarlıdırlar.Sözügedən məsələdə əlbəttə ki, Qərbin, ələlxüsus ABŞ-ın mövqeyi də mühümdür. Sonuncular isə belə görünür ki, müstəqillik referendumuna hələlik isti baxmırlar. Ən azı, bölgənin daha da qarışa biləcəyindən ehtiyatlanaraq, məsələnin ertələnməsi tərəfdarı kimi çıxış edirlər.
*****
Təsadüfi deyil ki, ABŞ-ın müdafiə naziri (Pentaqon başçısı) Ceyms Mattisin təzəcə yekunlaşan İraq səfərində əsas mövzulardan biri də bu olub. Məlumatlara görə, dünən Pentaqon rəhbəri İraqa təcili səfəri çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani ilə də görüşüb.
Mətbuat üçün qapalı keçirilən görüşdə İŞİD-lə mübarizə, koalisiya ilə peşmərgə qüvvələri arasında həmrəylik və 25 sentyabra nəzərdə tutulan referendum məsələləri müzakirə edilib. Lakin Bərzani Pentaqon rəhbərini müəyyən mənada pərt edib və faktiki, ABŞ-ı saymayıb - hansı ki, indiki dönəmdə müstəqil kürd dövlətinin yaranmasını məqbul saymır - Türkiyə ilə münasibətlərin daha da qəlizləşməməsi və bəzi başqa amillərə görə, o sırada İŞİD-lə mübarizəyə referendumun əngəl yarada biləcəyi səbəbi ilə.
“ABŞ referendumun olacağı ehtimalını uzaq görürdü. Biz düşünürük ki, referendum prosesi İŞİD-lə mübarizəyə mane olacaq. Hər iki tərəfin bu çərçivədə hərəkət etməsində problem yarana bilər”, - Pentaqon başçısı bildirib.
Bərzani isə öz növbəsində vurğulayıb ki, “referendum şəxsi məsələ deyil, kürd xalqının haqqıdır və demokratiya prinsipləri ilə ziddiyyət təşkil etmir”. Kürd lider bu prosesin terrorla mübarizəyə də maneə olmayacağını əlavə edib. Bununla da o, faktiki, referendum qərarının dəyişməyəcəyi tövrünü göstərib, ABŞ-ın “tələsməyin” tövsiyəsini qulaqardı edib.
*****
Elə həmin gün də Ceyms Mattis İraqdan Ankaraya gəlib. Musavat.com xəbər verir ki, Türkiyə qaynaqlarının məlumatlarına görə, Pentaqon rəhbəri Ankarada 5 mövzunu müzakirə etməli idi: Şimali İraqda Kürdüstanın müstəqillik referendumu, ABŞ-ın PYD-yə silah tədarükü, Suriya kürdlərinin nəzarətindəki bölgələrdən Türkiyəyə qarşı mümkün təhdidlər, İranın dəstəyi ilə İraqın türkmənlər yaşayan Telafer şəhərində əməliyyatlar aparan şiə qruplaşması “Haşdi şabi” tərəfindən sünnilərə təzyiqlər və Şimali İraqda Türkiyə-İran əməkdaşlığı çərçivəsində PKK-ya qarşı əməliyyatların aparılması.
Qeyd edək ki, Pentaqon rəhbərindən bir neçə gün qabaq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Ankarada olmuşdu. Həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun bugünlərdə Türkiyəyə gedəcəyi haqda məlumat yayılıb. Şübhə yox ki, bu səfərdə də Suriya, terror, PKK mövzusu əsas olacaq. Demək, kürd məsələsi də diqqətdən yayınmayacaq.
Xatırladaq ki, Rusiya müstəqil kürd dövləti məsələsində ehtiyatlı tərəfsizlik mövqeyi nümayiş etdirir, hərçənd rəsmi səviyyədə İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan eləməklə, tərəfdaş Türkiyəni də incitməməyə, iki ölkə arasında təzə-təzə yaxşılaşan münasibətlərə xələl gətirməməyə çalışır. Bu münasibətləri saxlamaq və inkişaf etdirmək ABŞ-ın yeni və daha sərt sanksiyaları fonunda Moskva üçün indi xüsusi önəm daşıyır.
*****
İraq Kürdüstanı məsələsi sözsüz ki, Azərbaycan üçün də əhəmiyyətsiz məsələ deyil. Birinci ona görə ki, 1 nömrəli müttəfiqimiz, qardaş Türkiyə bu referenduma qarşıdır, çünki kürd dövlətinin yaranmasını öz suverenliyi və ərazi bütövlüyünə ciddi təhdid hesab edir. Prezident Rəcəb Tayyib Ərdoğan bugünlərdə etdiyi çıxışların birində bir daha Türkiyə sərhədində müstəqil kürd dövlətinin yaradılmasına sakit baxmayacaqlarını bəyan edib.
İkinci o səbəbə ki, Azərbaycanın strateji tərəfdaşı İsrail isə tam əksinə, bölgədə kürd dövlətinin açıq tərəfdarı kimi çıxış edir. Bəzi iddialara görə, yəhudi dövləti bununla mühüm bir bölgədə manevr imkanlarını artıra biləcəyinə və Türkiyəyə qarşı müəyyən çəkindirici rıçaq qazanmağa ümid edir.
Demək, Bakı üçün də seçim anlamında gerisayımın başladığını söyləmək olar. İstisna deyil ki, prezident Ərdoğanın qarşıdakı Bakı səfəri zamanı, ikitərəfli Yüksək Təhlükəsizlik Şurasının toplantısında bu mövzu da diqqət mərkəzində olsun. Ankara bu məsələdə Bakının konkret mövqeyini dəqiqləşdirə bilər və yəqin ki, dəqiqləşdirəcək də.
Azərbaycanın mövqeyi isə yəqin ki, qardaş ölkəninkindən fərqlənməyəcək. Söhbət təkcə Qarabağ məsələsində Türkiyənin tutduğu ədalətli mövqedən, işğalçı Ermənistanı izolyasiyada saxlamaqdan getmir (Yeri gəlmişkən, Dağlıq Qarabağla bağlı rəsmi Ankaranın mövqeyi dəyişməz qalır: Bakının razı olmadığı həll modelini Ankara da qəbul etməyəcək). Söhbət həm də ondan gedir ki, ümumiyyətlə, qardaş ölkə harda, Azərbaycan da orda olmalıdır. Azərbaycanın Türkiyəni, Türkiyəmizin də Azərbaycanı incidəcək lüksü yox!
Analitik xidmət
Tarix: 24-08-2017, 09:25